II MƏQALƏ
Güclü dövlətin Azərbaycan nümunəsi
Bu məsələ kifayət qədər ciddi və məsuliyyətli yanaşma tələb edir. Müasir tarixi dönəmdə güclü dövlət quruculuğu ranqından və kateqoriyasından asılı olmayaraq hər bir cəmiyyət üçün aktualdır. F.Fukuyama hətta qlobal nizamın təminində güclü dövlətlərin çoxluq təşkil etməsini başlıca şərtlərdən biri kimi irəli sürmüşdü. Hazırda tədqiqatçılar bu məsələyə daha çox diqqət yetirirlər və onu adətən güclü cəmiyyət quruculuğu ilə qarşılıqlı əlaqədə təhlil edirlər (məs, M.A.Çernış, İ.N.Kuksin, A.D.Kərimov və başqaları).
Ancaq bu məsələ XXI əsrin birinci onilliyindən başlayaraq tədqiqatçıların daha çox marağına səbəb olmuşdur. XX əsrin 80-90-cı illəri və hətta 90-cı illərin sonlarına qədər dünya siyasiləri, geostrateqləri və analitikləri başqa cür düşünürdülər. Onlar sosialist düşərgəsinin dağılması nəticəsində yaşanan eyforiyanın təsiri ilə güclü dövlət anlayışını xüsusi kateqoriya dövlətlərə aid edirdilər. Həmin sırada ənənəvi Qərb imperiyalarını, Rusiyanı, Yaponiyanı, Çini və s. görürdülər. Özü də onların aparıcı qüvvəsinin Qərb olmasını aksiom kimi qəbul edirdilər. Hətta bir sıra hallarda müəyyən dairələr “güclü dövlət” anlayışını daha məhdud dairəyə - Amerika və Avropaya aid edirdilər. Digərləri güclü deyil, güclülərin əmrlərini yerinə yetirən “demokratik və liberal” dövlətlər ola bilərdilər. Bu şərt xüsusilə, SSRİ-nin dağılması ilə meydana gələn yeni müstəqil dövlətlərə aid edilirdi.
Bu cür yanaşma, təəssüf ki, XX əsrin son onilliyində postsovet məkanında müstəqil dövlət quruculuğuna başlayan ölkələrin rəhbərlərinin əksəriyyətini çaşdırdı. Onlar müstəqil dövlət kimi zəruri siyasi, sosial, idarəetmə və hüquqi institutlaşma mərhələsini keçmədən, birbaşa “demokratik və liberal” dövlət qurmağa girişdilər.
Təsəvvür edək ki, ölkənin müstəqil idarə edilməsi üçün lazım olan sistem yoxdur, dövlət identikliyi müəyyən edilməmişdir, müstəqil demokratik idarəetmə təcrübəsi yoxdur, bu proseslərə dəstək verə biləcək toplumsal şüur kifayətedici deyildir və qlobal miqyasda son dərəcə mürəkkəb və ziddiyyətli proseslər müşahidə edilir – bütün bunların fonunda kimsə demokratik və liberal dövlət qurmağa çalışır! Praktiki cəhətdən absurd iddia və məqsəddir.
Məhz belə bir ziddiyyətli məqamda Azərbaycan xalqının dahi lideri Heydər Əliyev siyasi səhnədəki inqilabi gedişi ilə özəl bir nümunənin əsasını yaratdı. Ümummili lider güclü Azərbaycan üçün güclü dövlət qurmağı əsas vəzifə kimi cəmiyyətin qarşısında qoydu! Bu, keçən əsrin 90-cı illərinin əvvəllərində baş verirdi. O dönəmdə ki, F.Fukumaya kimi filosof, politoloq və sosioloq hələ də demokratiyadan və liberalizmin qələbəsindən dəm vururdu (Fukumaya: “tarixin sonu” deyirdi).
Z.Bzejinski, S.Hantinqton, H.Kissincer, J.Nay (kiçik) və digər tanınmış strateqlər də demokratiya və liberalizmi önə çəkirdirlər. Bu kimi yanaşmaların üstünlük təşkil etdiyi və postsovet məkanında Azərbaycanın ətrafında olan dövlətlərin də (Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və b.) onları haqlı saydıqları bir vaxtda Heydər Əliyev fərqli yol seçdi. Sonunda tam haqlı çıxdı.
Bizim üçün bu seçim dövlətçiliyin qurtuluş kontekstində ana xəttini təşkil edir. Böyük lider o kəsdir ki, dövləti elə xilas etsin ki, paralel olaraq o, güclü dövlət ola bilmək kursuna istiqamətlənsin. Burada nəzəri baxımdan qurtuluşla güclü dövlət quruculuğunun real nəticə verə bilən modelini hazırlamaq prinsipial strateji məsələdir. Onu bacaran lider dövləti və milləti qarşısında əvəzolunmaz tarixi missiya yerinə yetirmiş olur. Heydər Əliyev məhz həmin şəxsiyyət-liderdir!
Eyni zamanda, Heydər Əliyevin öncədən “güclü dövlət” anlamı ciddi siyasi, ideoloji, iqtisadi, mədəni əsasları olan mükəmməl sistem kimi mövcud olmuşdur. Bizim üçün qurtuluş kontekstində məsələnin bu aspekti çox əhəmiyyətlidir. Səbəbi onunla bağlıdır ki, güclü dövlət elə model üzrə qurulmalıdır ki, o, uzun müddət üçün qalıcı olsun. Keçici güclü olmağın fəsadları daha ağır olur. Çünki özlərini ənənəvi güclü sayanlar tənəzzül mərhələsinə keçən güclü dövlətləri amansızcasına cəzalandırmağa çalışırlar. Buna görə də “əbədi güclü dövlət” nümunəsi yaradılmalıdır! Ulu öndər bunun öhdəsindən məharətlə gəldi! Azərbaycan Respublikasının hazırkı vəziyyəti bu tezisin başlıca sübut arqumenti, reallığıdır!
Çox əlamətdardır ki, Heydər Əliyevin güclü dövlət quruculuğu ilə bağlı fundamental kəlamları vardır. Onların sırasında bir fikir xüsusi yer tutur. Onu Heydər Əliyevin güclü dövlət-güclü cəmiyyət vəhdəti baxımından strateji xətti saya bilərik!
“...Ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”
Heydər Əliyev öyrədirdi ki: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Bu müddəada biz Azərbaycan xalq müdrikliyinin siyasi müdrikliyə dahiyanə proyeksiyasını görürük. Yığcam formada bu tezisdə Azərbaycanda dövlətçilik fəlsəfəsinin başlıca prinsipi (qədim türklərdə: el=dövlət) ilə onun müasir mərhələnin şərtləri ilə vəhdəti ifadə edilmişdir. İndiki tarixi mərhələ üçün cəmiyyəti əsas olaraq onun hüquqları xarakterizə edir. Müasir anlamda əsl dövlətin atributları sırasında hüquqilik (hüquqi dövlət) mərkəzi yeri tutur. Hüququn aliliyini qəbul etməyən dövləti indi nəzəriyyəçilər də əsl dövlət kimi xarakterizə etmirlər.
Qədim türk cəmiyyətlərində “el” o zaman dövlətə sinonim olurdu ki, üç şərt ödənirdi. Birincisi, hökmdar qanunu işləməli idi, yəni el onu qəbul etməli idi. İkincisi, parlament (məclis, divan, “bəylər toyu” və s.) qanunu işləməli idi. Üçüncüsü, cəmiyyətin özünütəşkilini təmin edən qanun - “Yosun Qanunu” işləməli idi. Bu üç qanunun qarşılıqlı əlaqəsində və bir-birini tamamlamasında “dövlət=el” formulu tam anlamlı olur. Onu da nəzərə alaq ki, türk xalqları üçün qanun=hüquq. Yəni qanunla hüquq türk toplumları üçün vəhdətdə ontolojiləşir. Bu da o deməkdir ki, türklər üçün qanunla hüquq reallığın mahiyyətinə aid olduqları üçün sinonim kimi qəbul edilmişdir.
Belə alınır ki, qədimdən türk xalqlarında cəmiyyətlə dövlət bir-birini tamamlamış və inkişafları yalnız qarşılıqlı dəstək aspektində qabul edilmişdir. Azərbaycanlılar üçün dövlət “el”ə ona görə bərabərdir ki, elsiz dövlət və dövlətsiz el olmur.
Təbii ki, bu dərin fəlsəfə tarixən fərqli məzmun ala bilər. Yeni çalarlar meydana gələr, lakin böyük xalq və onun dahi lideri bu transformasiyaları elə reallaşdırır ki, sonucda hər tarixi dönəmdə müstəqil və güclü olmaq imkanı meydana gəlir. Azərbaycanlılar üçün dövlətin gücü ilə xalqın (cəmiyyətin) gücü arasındakı münasibətlərin ana xəttini həmin tezis təşkiil edir.
Bu fikirlər prizmasında Ulu öndər Heydər Əliyevin qurtuluşdan quruculuğa keçid fəlsəfəsi müstəqil və güclü dövlət quruculuğu fonunda olduqca möhtəşəm görünür. Ulu öndər əmin idi ki, Azərbaycan çox güclü dövlət ola bilər və olacaq. Bunun üçün dövlətlə cəmiyyətin inklüziv qarşılıqlı münasibətləri formalaşmalıdır. Bu münasibətlərin bazasında isə cəmiyyətdə yaşayan hər bir xalqın hüquqlarını anlaması və onu ortaya qoya bilməsi dayanır. Yəni cəmiyyət güclü olmalıdır. Cəmiyyət monolit olduqda, öz haqqını və hüququnu qorumağı bacardıqda və bu yolda sarsılmaz birliyə nail olduqda güclü olur. Bununla da müasir tarixi mərhələdə güclü dövlətlə güclü cəmiyyətin qarşılıqlı münasibətləri dövlətçiliyin inkişafı kontekstində sintez olunmuş olur!
Vurğulanan məqamlar əsasında Azərbaycanda güclü dövlətin bir sıra əsas əlamətlərini müəyyən etmək olar. Məsələn, idarəetmədə səmərəlilik, sabitlik, hüquq və azadlıqların qorunması, iqtisadi inkişaf, beynəlxalq nüfuz, sosial məsuliyyət, cəmiyyətin özünütəşkil qabiliyyəti, hakimiyyət-cəmiyyət həmrəyliyi və başqaları.
Ulu öndər Heydər Əliyevin güclü dövlətlə güclü cəmiyyətin vəhdətini təmin edən kursu artıq 2003-cü ilə konkret bəhrəsini vermişdi. Onun ən dolğun və dəqiq ifadəsi Prezident İlham Əliyevə məxsusdur.
Güclü dövlət və vətəndaş cəmiyyəti
Azərbaycanda müstəqil güclü dövlət quruculuğu prosesini yeni tarixi mərhələnin başlanması kontekstində xarakterizə edərkən Azərbaycan Prezidenti çox maraqlı və əhəmiyyətli məqamları vurğulamışdır. Həmin sırada dövlət başçısı 2003-cü ilə artıq Azərbaycanda güclü müstəqil hüquqi dövlət quruculuğunun başlıca prinsiplərinin tam oturuşduğunu və vətəndaş cəmiyyətinin formalaşdığını xüsusi qeyd etmişdir. Deməli, Ulu Öndər güclü dövlət quruculuğunda əsas strateji məqsədə nail olmuşdur. Azərbaycan Respublikası XXI əsrə dövlət ilə cəmiyyətin həmrəyliyi şəraitində qədəm qoymuşdur. Bu iki məfhum bir-birini siyasi, sosial və ideoloji aspektlərdə tamamlamışdır. Əlbəttə, bu, bir fakt kimi qurtuluşdan quruculuğa keçidin mühüm əlaməti olaraq qəbul edilməlidir.
XXI əsrin gerçəklikləri prizmasında baxanda isə Heydər Əliyevin özündən sonrakı dönəm üçün tarixi bir xidmət göstərdiyini anlamalıyıq. Belə ki, Prezident İlham Əliyev tam olaraq Ulu öndərin həmin xidmətini dərk etmişdir və onu inkişaf etdirməyi özünün başlıca vəzifələrindən biri kimi bəyan etmişdir. Prezident İlham Əliyevin andiçmə mərasimlərindəki nitqlərinin ilk və əsas tezisi dəyişməz olaraq aşağıdakı məzmundadır: “Azərbaycanda dövlət quruculuğu tam olaraq Heydər Əliyevin müəyyən etdiyi kurs üzrə inkişaf etdiriləcəkdir”. Yəni siyasi varislik hər zaman davam edəcəkdir.
Vurğulanan kontekstdə Azərbaycanda 2003-cü ildən bu yana dövlətin daha da güclü olması ilə cəmiyyətin dinamik güclənməsi proseslərinin qarşılıqlı əlaqədə aparıldığı aydın görünür. Bu zaman hakimiyyət-xalq birliyi aparıcı yer tutur. II Qarabağ müharibəsindəki möhtəşəm Zəfər onun birbaşa real təsdiqidir. Müasir liderologiyanın bir tezisi
Liderliyin tədqiqinə həsr edilmiş çağdaş
təlimlərdə ümummilli liderliyin kriteriyaları haqqında da fikirlər irəli sürülür. XX əsrin son onilliyindən başlayaraq həmin sırada daha çox liderin özündən sonra uğurlu lider hazırlaya bilməsi vurğulanır. Burada cəmiyyətin köklü yeniləşməsi, güclü cəmiyyətin qurulması, sülhsevərlik, humanitarlıq kimi faktorlar da ifadə edilir. Lakin real olaraq ümummilli liderlikdə yeni ruhlu lider hazırlamaq əsas yer tutur. Onu da qəbul etmək lazımdır ki, ümummilli lider üçün siyasi varislik çərçivəsində onun davamçısının uğurlu olması əsas göstəricidir!
Son tezisin semantik prizmasından baxanda Prezident İlham Əliyevin uğurları həm də Heydər Əliyevin Ümummilli Lider kimi xüsusi nümunə olmasının təsdiqi olaraq təsəvvür edilə bilər! Azərbaycanın 2025-ci ilə qədər əldə etdiyi nailiyyətlərə bir də vurğuladığımız aspektdə baxanda Heydər Əliyevin qurtuluşdan quruculuğa keçidi mükəmməl təmin edən liderliyinin tarixi mənasını fərqli bucaq altında bir daha dərk etmiş oluruq!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru