Şuşa Bəyannaməsi – əbədi qardaşlıq andı

post-img

Türkiyə və Azərbaycanın Qars müqaviləsindən başlanan siyasi-hüquqi və təhlükəsizlik yolunun zirvəsi

...Dörd il bundan əvvəl – 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il yarım Ermənistanın işğalında olan və 8 noyabr 2020-ci ildə azad edilən tarixi Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji Bəyannamə imzaladılar. Şuşa Bəyannaməsinin imzalandığı gün təsadüfən seçilməmişdi. 15 iyun Milli Qurtuluş Günü və Qars müqaviləsinin yüz illiyi ilə üst-üstə düşürdü.

2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhəri Azərbaycan türkünün mənəviyyat qalası, onun mənəvi sərvəti sayılır. Bu mənada Şuşa Bəyannaməsini geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru atılan addım saymaq olar. Bu bəyannamə, eyni zamanda, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiqliyinin rəmzidir.

...Bəyannamənin mətni elə də geniş deyil, amma vəzn etibarı ilə mükəmməl sənəddir. Bu sənəddə 1921-ci ilin Qars, 1994-cü ilin dostluq, nəhayət, 2010-cu ildəki strateji tərəfdaşlıq haqda müqavilələr yada salınır. İki dövlətin və xalqın qardaşlıq mənzərəsi İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada bir-birlərini bağrına basmaları ilə tamamlandı. Amma bu qardaşlıq tablosu hələ tam deyildi. Uğur tablosunun önəmli ştrixi hərbi təlimlərə gəlmiş Türkiyə “F-16”-larının müharibə günlərində Bakıda qalması idi. 44 gün davam edən İkinci Qarabağ savaşında türkiyəli as pilotların idarə etdiyi səma şahinləri havaya qalxmadı, amma onlar düşmən üzərinə şığıyan əsgər və zabitlərimizə elə qol-qanad verdilər ki... Qala-şəhərdə imzalanan Bəyannamənin əsl qardaşlıq sənədi olduğunu sübut edən bir fotoşəkil də var. Laçınlı balası Sərvərin Türkiyədə dəhşətli zəlzələdən sonra yorğan-döşəklə yüklədiyi köhnə maşınında kahramanmaraşlılara yardıma tələsməsi səhnəsini qardaşlıq xalçasına vurulan son ilmə hesab edə bilərik.

...Bu məqamda tarixə qısa ekskurs edək. 1918-ci ilin oktyabrın 7-də Şuşaya daxil olan türk fatehi Cəmil Cahid Toydər olub. Qalalıları daşnak zülmündən qurtaran xilaskarı, bu yolda 33 mehmetciyin şəhid olduğu o anı yada salmağımız təsadüfi deyil. Qeyrət qalamız Şuşa uğrunda döyüşdə şəhid olan 33 türk əsgərin, eləcə də Şuşaya sıldırım qayalarla dırmaşan, düşməni dişi-dırnağıyla məhv edərək şəhid olan xüsusi təyinatlılarımızın ruhları da bu gün şaddır. Arada bir əsrlik zaman fərqi olsa da, özündə Türk birliyinin qarşısında dayanan böyük hədəf və öhdəlikləri ehtiva edən Şuşa Bəyannaməsi yüz ilik ortaq tariximizin ən şərəfli səhifəsi sayılmağa layiqdir.

***

...Şuşa Bəyannaməsinin siyasi-fəlsəfi əhəmiyyəti Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. İki qardaş ölkənin ümumi mənafelərinin qorunaraq müdafiəsində imkanların birləşdirilməsi, ortaq maraqları əks etdirən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsi Bəyannamənin əsas şərtidir.

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti Türkiyə və Azərbaycanın beynəlxalq məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirməsi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, həm də BMT, ATƏT, Avropa Şurası, TDT, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verilməsidir.

Bəyannamədə mühüm əhəmiyyət kəsb edən digər komponent ticari-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsində səylərin genişləndirilməsi, malların sərbəst hərəkət mexanizmlərinin təşkilidir. Sənəddə Cənub Qaz Dəhlizindən istifadədə qarşılıqlı əlaqələndirilmə, intellektual nəqliyyat sistemləri texnologiyalarından və beynəlxalq tranzit-nəqliyyat potensialından istifadə, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bölgədə yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması da öz əksini tapıb.

Bəyannamənin hədəflərindən biri də ümumtürk dövlətlərinin əməkdaşlığı çərçivəsində faydalı və dəyərli əlaqələrin qurulmasıdır. Keçmiş SSRİ-nin süqutundan sonra yaranan türk dövlətləri arasında münasibətlərin yeni keyfiyyətdə qurulması heç də asan deyildi. O zaman qarşılıqlı inam və etibarın bərpa edilməsi yolunda sərhəd, iqtisadi və milli kimlik problemləri var idi. Uzun müddət Çar Rusiyası və keçmiş SSRİ tərkibində olan bu xalqların müstəqil yaşamaq və milli dəyərlərini qorumaqda müəyyən çətinliklərlə üzləşdiyi sirr deyildi. Amma Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi- mənəvi dəstək vəziyyəti kökündən dəyişdi. Türk dövlətlərinin öz aralarında yaradacaqları mexanizmlə problemlərin həllinin mümkünlüyü bəlli oldu.

...Geostrateji hədəf baxımdan Şuşa Bəyannaməsinin məzmunundan hasil olan çağırış odur ki, Azərbaycanı hədəf alan öz qarşısında Türkiyəni, Türkiyəyə qarşı çıxan isə önündə Azərbaycanı görəcək. Türkiyə Prezidenti R.T.Ərdoğanın Şuşada söylədiyi kimi “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Bakı və Ankara Şuşa Bəyannaməsini imzalamaqla qarşıdakı dövrdə ikitərəfli münasibətlər üçün “Yol xəritəsi”- ni müəyyənləşdirdi”.

Əslində, Şuşa Bəyannaməsi öz adında bütün məqamları ehtiva edir. Bu sənədin məhz Şuşada imzalanması ilə İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar mənzərəsində dünyaya bir sıra mesajlar verilir. Sənədin imzalanmasında məkan əhəmiyyətli rol oynayır. Hər bir sənəd özündə ehtiva etdiyi zaman, məkan və hədəflərlə əhəmiyyətlidir. Beynəlxalq sənəddə vaxt və imza ilə yanaşı, yer də böyük məna kəsb edir. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini, perspektivlərini müəyyənləşdirilən sənədin məhz Şuşada imzalanması rəmzi məna və mühüm tarixi əhəmiyyət kəsb edir. Bəyannamə həm də Azərbaycan–Türkiyə birliyini daimi edən, möhkəmlənməsini şərtləndirən ortaq köklər, milli dəyərlər və maraqlar kimi amilləri özündə əks etdirir.

***

...Şuşa Bəyannaməsi həm də işğalçı Ermənistana və onun havadarlarına açıq mesajdır. Bəyannamə, həmçinin Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla barışmaq istəməyən, Ermənistan vasitəsilə bölgədə özlərinin məkrli niyyətlərini həyata keçirməyə cəhd edənlərə tutarlı cavab, qardaşlığın sarsılmazlığı, gələcəyə hesablanmış hədəflərin təsbitidir. Prezident İlham Əliyevin 8 iyul 2021-ci ildə XXIV Avrasiya İqtisadi Zirvəsinə ünvanladığı müraciətdə vurğulandığı kimi: “Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü sürətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, birliyinin nailiyyətləridir”.

Üstündən illər keçdikcə Şuşa Bəyannaməsi özünün tarixi, milli, mənəvi əhəmiyyətini daha qabarıq şəkildə göstərəcək. Bu sənəd, sadəcə, iki dövlətin birliyinin bəyan edilməsi deyil, eyni zamanda, soy və qan qardaşlığının and möhürüdür.

Şuşa Bəyannaməsi Zəfər tarixinin zirvəsi olmaqla yanaşı, Azərbaycan–Türkiyə qardaşlığının əbədiliyinin təminatıdır.

İmran BƏDİRXANLI
XQ

Siyasət