Ümummilli lider, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur.
Dahi şəxsiyyətin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər hesabına 1969–1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılmışdır.
Xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada işlədiyi dövrdə də Azərbaycanın dövlət maraqlarını qətiyyətlə qorumuş və erməni iddialarının reallaşmasına imkan verməmişdi. Heydər Əliyevin iştirakı ilə keçirilən Sov.İKP MK Siyasi bürosunun və SSRİ Nazirlər Sovetinin iclaslarında Azərbaycan əleyhinə heç bir qərar qəbul edilməmişdir. Yalnız sovet diktatoru M. Qorbaçovun qısqanc və bədxah münasibəti nəticəsində 1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev vəzifəsindən istefa verdikdən sonra sovet rəhbərliyinin nermənipərəst mövqeyinə geniş meydan açılmışdır.
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasından sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Lakin keçmiş SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal altına düşdü. Müstəqilliyin bərpa edildiyi ərəfədə və ondan az sonra azərbaycanlılar indiki Ermənistandan - öz tarixi torpaqlarından zorakılıqla, təcavüzə məruz qalaraq deportasiya edildi. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində isə azərbaycanlılar yaşayan məntəqələr bir-birinin ardınca Ermənistan silahlı qüvvələri və terrorçu dəstələri tərəfindən keçmiş sovet hərbi hissələrinin köməyi ilə işğal edilmiş, əhalisi isə öz doğma yurdlarından məcburən köçkün düşdü.
Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Eyni zamanda, ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan fəal xarici siyasət tələb edirdi.
Belə bir çətin dövrdə, yalnız 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.
Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının və mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi.
Ümummilli lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri ölkəmizin mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasət olmasıdır: “Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”.
Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən bəhs edərək qeyd edirdi: “Dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdaş axtarışına, blok və ittifaqların çoxvariantlılığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suverenliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir”.
Ümummilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. Azərbaycanın enerji siyasətinin əsasını təşkil edən Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisinə başlandı. Sonrakı illərdə onların işə salınması nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etdi, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynamağa başladı.
Bununla yanaşı, dövlət müstəqilliyinin bərpasından sonra Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi Azərbaycan diplomatiyasının qarşısında duran mühüm və çətin məsələlərdən biri oldu. Bu məsələyə dair Xəzəryanı ölkələrlə Azərbaycanın milli mənafelərinə uyğun olaraq səmərəli danışıqlar aparıldı.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Bununla yanaşı, Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Bu dövrdə, yalnız ikitərəfli deyil, çoxtərəfli əsasda da fəal xarici siyasət yürüdülərək Azərbaycanın beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində özünəməxsus yer tutmsı üçün bir sıra mühüm addımlar atıldı. Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlara hərtərəfli əməkdaşlıq etməkdir.
Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri kimi xarakterizə edilir.
Bununla yanaşı, Heydər Əliyevin Azərbaycan Prezidenti kimi BMT Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Ümummilli lider 1994-cü il sentyabrın 29-da BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında əsas missiyanı öz üzərinə götürmüş bu beynəlxalq təşkilatın kürsüsündən Azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır.
Əminliklə söyləmək olar ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuş, Azərbaycanın xarici siyasəti ilə bağlı strateji xətti müəyyən edilmiş və ölkəmiz dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırılması üçün mühüm əhəmiyyət kəsb etmişdir.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırım ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu çox uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 22 ildə Azərbaycan dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaratdı. İkinci Qarabağ müharibəsi son yuz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, siyasi elmlər doktoru, professor