Baş nazir Nikol Paşinyanın Türkiyədə dediklərinə sözardı
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfəri çərçivəsində yerli erməni icmasının nümayəndələri ilə görüşdə bir çox məqamlara toxundu. Onun üzərində dayandığı başlıca məsələ isə Zəngəzur dəhlizi oldu. Əlbəttə, Paşinyanın, təxminən, “Zəngəzur dəhlizi yoxdur, “Dünyanın kəsişməsi” var” şəklində fikir bildirməsi, istər-istəməz, qıcıq doğurur. Mövzumuz da bu barədədir. Amma digər əlaqəli məqamlara da diqqət yetirəcəyik.
Məlumdur ki, Zəngəzur dəhlizi 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür və özündə regional kommunikasiyaların açılmasını ehtiva edir. Ölkəmiz üçün bu dəhliz Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan quru yolu deməkdir. Böyük anlamda isə Zəngəzur dəhlizi Orta Dəhliz ideyasının mühüm tərkib hissəsidir. Hər halda, Orta Dəhlizin dünya üçün əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Azərbaycan 44 günlük müharibədəki Zəfəri ilə məhz bu əhəmiyyətli layihə üçün yaşıl işıq yandırıb.
Amma zəfər heç də elə-belə başa gəlməyib. Xalqımız şəhidlər verib. Üstəlik, 44 günlük müharibəyədək keçilmiş məşəqqətli yol var. O yolda vətəndaşlarımız qaçqınlıq və məcburi köçkünlük həyatının məhrumiyyətlərinə qatlaşmaq, çətinliklərinə sinə gərmək məcburiyyətində qalıblar. Ermənistan isə otuz ilədək davam etmiş işğal dövründə torpaqlarımızı talamaqla məşğul olub, bizə ziyan vurub.
Yəni, hansı səmtdən yanaşsaq, müharibə qalibi kimi diktə edən tərəf biz olmalıyıq. Diktəmizə gəldikdə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə nəzər salmaq kifayətdir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Onu da bildirək ki, Prezident İlham Əliyev 10 noyabr 2020-ci il tarixdə xalqa müraciətində üçtərəfli Bəyanatın 9-cu bəndinin məhz özünün təkidi ilə sənədə salındığını bildirmişdi: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.
Bəli, Naxçıvanın blokadaya alınması, faktiki olaraq, onun işğalı üçün zəmin hazırlamaq məqsədi daşımışdı. Nə üçün hayların mənfur planları baş tutmadı, Prezident İlham Əliyev açıqladı. İndi Zəngəzur dəhlizi ilə Naxçıvana quru yolunun bərpası, eyni zamanda, bölgə ilə bağlı erməni iddialarının yolverilməzliyini də vurğulayır. Yəni, erməni tərəfi məsələyə mövcud aspektdən yanaşmağı bacarmalıdır. Çünki təcavüzü başladan, tarixi ədavətə əsas verən biz yox, onlar olub. Bütün daşlar yerinə oturmalı, ilahi ədalət təcəlli etməlidir. Dövlətimizin başçısının yuxarıda diqqətə çatdırdığımız fikirlərindən isə belə nəticə hasil olur ki, Ermənistan Naxçıvana quru yolunun mümkünsüzlüyünə dair inadını 2020-ci ilin noyabrında da göstərib, ancaq şərtlərlə razılaşmaq məcburiyyətində qalıb. Paşinyan razılıq əlaməti kimi üçtərəfli Bəyanata imza atıb.
***
Ermənistan hazırda üçtərəfli Bəyanatı lazımsız sənədə çevirib. Amma bu o demək deyil ki, rəsmi İrəvanın qeyri-adekvat davranışı ölkəmizi prinsipiallığından daşındırmaq iqtidarındadır. Naxçıvana quru yolumuz olmalıdır və bu yolu Zəngəzur dəhlizi, yaxud başqa necəsə adlandırmağımızın Ermənistana heç bir dəxli yoxdur. Paşinyanın “Dünyanın kəsişməsi” və ya “Sülhün kəsişməsi” şəklində irəli sürdüyü avantürizmin isə ölkəmizə birbaşa dəxli var. Çünki bu avantürizm mahiyyətcə regional kommunikasiyaların açılması baxımından fərqli mənzərə formalaşdırır. Rəsmi İrəvan bu mənzərədəki haqqını Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesi ilə izah edir. Halbuki, belə bir izahın nə mənəvi, nə də hüquqi əsası var. Məsələ mənəvi baxımdan ona görə yolverilməzdir ki, Ermənistan otuz ilə yaxın müddətdə işğalçı siyasət aparıb, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini heçə sayıb. Hüquqi baxımdan isə ölkəmiz hansısa dövlətin suverenliyini məhdudlaşdırmaq məqsədi güdmür. Məqsədimiz haqqımız olana sahiblənməkdir. Üstəlik, tarixi nöqteyi-nəzərədən yanaşsaq, Zəngəzur dəhlizi bizim olanın yalnız kiçik bir hissəsidir.
***
O da məlumdur ki, 44 günlük müharibədən sonra formalaşmış Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin birgə işçi qrupunda Naxçıvana yolun timsalında regional kommunikasiyaların açılması zamanı Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməyən formul işlənib-hazırlanmış və erməni tərəfi əvvəl bunu məqbul saymışdı. Lakin sonradan rəsmi İrəvan mövqeyindən geri çəkilmişdi. Nəticədə ötən ilin avqustunda sözügedən qrupun fəaliyyəti pozulmuş, Paşinyan daha çox “Dünyanın kəsişməsi”nə fokuslanmışdı.
Qeyd edək ki, Ermənistan hökuməti hələ 2022-ci ildə Ermənistan–Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyə gətirmişdi. Sənəd Azərbaycanın yük və minik avtomobillərinin Ermənistana daxil olmasına, oradan Naxçıvana və Türkiyəyə getməsinə imkan verirdi. Əlbəttə, məsələ rəsmi İrəvanın qəbul etdiyi hansısa qərarla həllini tapa bilməz. Hər bir halda, sözügedən layihəni xoş niyyət ifadəsi kimi qəbul etmək mümkündür. Hərçənd, başqa məqamlar var və onlara nəzərən Paşinyanın yanaşmasının fərqli olduğu vurğulanmalıdır. Fikrimizin təsdiqi kimi Nikolun bu ilin martında qələmə aldığı “Ermənistan və Azərbaycan arasında kommunikasiya kanalları haqqında” məqaləsinin məzmununa diqqət yetirmək kifayətdir.
Paşinyan sözügedən məqaləsində regional kommunikasiyaların açılması ilə bağlı planını təqdim etmiş və belə məlum olmuşdu ki, Nikol Türkiyə ilə sərhədlərin açılmasına fokuslanır, nəinki ölkəmizlə normal münasibətlər qurmağa. Onun Marqara sərhəd-buraxılış məntəqəsi üzrə hərəkəti təmin etmək istəyi bundan qaynaqlanmışdı. Baş nazir Azərbaycandan yüklərin Laçından Kornidzor vasitəsi ilə Marqaraya, oradan isə Türkiyəyə daşına biləcəyini vurğulamış, hazırda Azərbaycandan qardaş ölkəyə Gürcüstan vasitəsilə daşımaların həyata keçirildiyini nəzərə almamışdı. Halbuki, Qazaxdan Sarpa (Gürcüstan-Türkiyə sərhədinə - red.) qədər məsafə 6 saatdır. Laçından Marqaraya məsafə isə 5 saat. Yəni, elə bir ciddi fərq yoxdursa, Azərbaycan Türkiyəyə doğru daşımalarda nəyə görə Gürcüstandan yox, Ermənistandan keçidə üstünlük verməlidir?
Həmçinin, Nikol məqaləsində təhlükəsizlik zəmanəti məsələsini həll etmiş, “çıxış yolu” tapmışdı. Sən demə, Laçın-Kornidzor-Marqara marşrutu üzrə hərəkət zamanı azərbaycanlı sürücülər üçün psixoloji çətinliklər yaranarsa, yükdaşımalar Ermənistan yollarında işləmiş türkiyəli sürücülər tərəfindən təşkil oluna bilər. Necə deyərlər, ayının min oyunu bir armudun başındadır: “Ermənistan heç vaxt yazılı və ya şifahi öhdəlik götürməyib, heç vaxt razılaşmayıb və hətta özünün suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hansısa şəkildə məhdudlaşdırılmasına, o cümlədən Ermənistan Respublikasının ərazisi vasitəsilə Qərbi Azərbaycandan Naxçıvan Muxtar Respublikasına əlaqə məsələsi ilə bağlı razılığa gələ biləcəyinə eyham vurmayıb”.
Bəli, Paşinyanın məqaləsindən belə nəticə hasil olmuşdu ki, Ermənistan Naxçıvana yolu “bağlamaqla” məşğuldur və bu azmış kimi, Nikol Azərbaycanın digər əraziləri ilə muxtar respublikamızı birləşdirən yolun regional kommunikasiyaların açılmasında alt mövzu olduğunu vurğulamışdı. Əlbəttə, Paşinyan başlıca məsələnin məhz Naxçıvana yol olduğunu çox yaxşı anlayır. Ona görə də məqaləsində yazmışdı ki, rəsmi İrəvan bu mövzuda, guya, son dərəcə yaradıcı və çevik davranıb: “2022-ci ildə Azərbaycanın narahatlığına cavab olaraq, sərhəd-keçid məntəqələrində malların və vətəndaşların pasport, gömrük və digər nəzarət funksiyalarının beynəlxalq ixtisaslaşmış təşkilata verilməsini qarşılıqlı prinsip əsasında təklif etdik. Azərbaycan buna razı olmadı”.
Bir məqamı da vurğulayaq ki, N.Paşinyan, təxminən, iki ay əvvəl Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandırarkən, ölkəmizin Naxçıvana yolla bağlı irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” (heç bir gömrük və sərhəd nəzarəti olmayan yol - red) məntiqinə qarşı olaraq “Ermənistandan Ermənistana yol” ideyasından söz açmışdı. Baş nazir sonrakı müddətdə də eyni fikri bir neçə dəfə dilə gətirmişdi. O, yenə mövqeyində qalır.
Amma Nikolun Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesinə baş vurması şübhəli durum yaradır. Yəni, demək çətindir ki, rəsmi İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçıvana yolun sərhəd və gömrük nəzarəti olmadan açılmasına paralel Mehri-Yerasx marşrutunun da eyni qaydada fəaliyyət göstərməsinə razıdır, yoxsa yox. Digər tərəfdən, Mehridən Yerasxa yol indi də var və ermənilər həmin yolda hərəkət edirlər. Naxçıvan erməni avantürasına görə Azərbaycanın digər ərazilərindən ayrı düşüb. Deməli, heç bir halda, “Azərbaycandan Azərbaycana yol”a qarşı “Ermənistandan Ermənistana yol” təşəbbüsü irəli sürülə bilməz.
***
Göründüyü kimi, Ermənistan hər vəchlə Naxçıvana yol məsələsindən yayınıb və Paşinyanın Türkiyədə bildirdikləri də sözümüzün subutudur. Ancaq ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı məsələsinin ehkamlaşdırmaq yolu tutan Paşinyanın əsl mahiyyətdən xəbərsiz olduğunu söyləmək qeyri-mümkündür. Çünki o, Orta Dəhliz ideyasından söz açır. Yəni, baş nazir Naxçıvana yolun qlobal layihənin tərkib hissəsi olduğunun fərqindədir.
Bəli, “Dünyanın kəsişməsi”nin Orta Dəhlizin tərkib hissəsi ola biləcəyinə dair fikir bildirməsi, loru dildə desək, Nikolun boyundan yuxarı tullanmaq cəhdidir. Çünki belə bir qərar verilə bilməz. Yaxşı olar ki, Paşinyan Orta Dəhlizin Türkiyə tərəfindən dəstəklənməsinə fokuslanaraq qardaş ölkənin sanki Ermənistanı bu məsələdə dəstəkləyirmiş kimi təəssürat yaratmasın. Axı Ankaranın dəstəyində Azərbaycanın maraq və mənafelərini heçə saymaq əzmi yoxdur, ola da bilməz.
Əlbəttə, Paşinyanın Türkiyədə Zəngəzur dəhlizi kontekstində Böyük Turan layihəsi xüsusunda fikir bildirməsi də maraqlıdır. Bunadək isə onun dedikləri var. “Mənim üçün aydındır ki, “Sülh kəsişməsi” layihəsi Orta dəhliz layihəsinin bir hissəsi ola bilər və bu, ümumi məntiqə uyğundur. Əgər (Azərbaycan və Türkiyə – red.) Ermənistan ərazisindən keçmək istəyirlərsə, qoy keçsinlər. Bu, pisdirmi? Biz “Sülh kəsişməsi” layihəsi çərçivəsində özümüz təklif edirik”, - deyən Paşinyan əlavə edib ki, Türkiyənin Böyük Turan layihəsini həyata keçirmək istədiyinə dair fikirlərə skeptik yanaşdığını bildirib.
***
Sonda üç məqamın üzərində dayanmaq istərdik. Birincisi, Paşinyanın dediklərindən belə qənaət hasil olub ki, Ermənistan cəmiyyəti gələcəyə baxmalıdır. Onun sözlərinə görə, “Sülh kəsişməsi” layihəsinin reallaşmasından sonra Azərbaycan məsələni Zəngəzur dəhlizinin həyata keçməsi kimi qiymətləndirsə də, bunu hay-küylə qarşılamaq olmaz. Sanki, hər iki layihə, prinsipcə, eyni mahiyyət daşıyır. Halbuki, rəsmi İrəvanın irəli sürdüyü və Nikolun da daim təkrarladığı ərazi bütövlüyü və suverenlik klişesinin mövcudluğu prinsipial fərqlərdən xəbər verir. Başlıca məsələ Azərbaycanın Naxçıvana yol, Zəngəzur dəhlizi, böyük anlamda isə Orta Dəhliz üçün müəyyənləşdirdiyi maneəsizlik trayektoriyasıdır.
İndiki durumda erməni baş nazirin haqqında söz açdığı Turan yolu məntiqi də diqqəti əsas məsələdən yayındırmaqdır. Paşinyan öz aləmində Türkiyəyə xoş gələcək nədənsə danışır ki, reallığı təhrif etsin. O, təxminən bunu demək istəyir: Türkiyə üçün Azərbaycanın prinsipləri (Naxçıvana yolun sərhəd və gömrük nəzarəti olmadan fəaliyyəti – red.) bir o qədər önəm daşımır, əsas olan Orta Dəhlizin işləkliliyidir. Halbuki, məsələdə belə qoyuluş ola bilməz. Bakı və Ankaranın eyni hədəfə vurduğunu diqqətə çatdırdıq.
İkinci məqama keçid alaraq bir nüansın üzərində dayanaq. Məlumdur ki, Paşinyanın Türkiyədə erməni icmasının nümayəndələri ilə görüşü baş nazirin Prezident Rəcəb Tayyib Ərdoğanla təmasından əvvəl reallaşmışdı. Ancaq niyəsə icma ilə görüşlə bağlı məlumat ölkə rəhbərlərinin görüşündən sonra yayımlandı. Elə bu fakt də erməni hiyləgərliyinin nəticəsidir.
Nikol Prezident Ərdoğanla görüşdən daha konkret nəticələrlə ayrılsaydı, baş nazirin Türkiyə lideri ilə görüşünə dair məlumatın məzmunu onun erməni icması ilə görüşü ilə bağlı məlumatın məzmunu ilə yaxınlıq təşkil edəcəkdi. Halbuki, belə bir durum yoxdur. Deməli, nə qədər pozitiv xarakter daşısa da, Paşinyanın Türkiyə səfəri regional kommunikasiyaların açılması mövzusu üzrə tam nəticəyönümlü deyil.
Gerçək pozitiv məqam isə budur ki, Ermənistan başlıca prinsiplərin dəyişməzliyinin qəbuluna doğru getməyə çalışır. Amma xeyli ağır addımlarla. Vaxt isə gözləmir. İrəvanın məhz bunu nəzərə alması mütləqdir. Əks halda, qatar geri qayıtmamaq şərtilə gedəcək, Ermənistan üçün ömürlük dalan aqibəti yaşanacaq. Nəzərə alaq ki, Azərbaycanın Zəngəzur dəhlizi reallaşmayacağı təqdirdə, “Dünyanın kəsişməsi” də olmayacaq. Buna nəinki Paşinyan, bütün dünya erməniliyi əmin olmalıdır.
Ə.CAHANGİROĞLU
XQ