Marneuli bələdiyyəsinin Keşəli kəndində yerləşən Kür Tədris və İnkişaf Mərkəzində abituriyentlər üçün növbəti sınaq imtahanı təşkil olunub.
Sınaq imtahanı 10, 11 və 12-ci sinif şagirdlərini əhatə edib. İmtahanın əsas məqsədi şagirdlərin bilik səviyyəsini yoxlamaq, test həyəcanını azaltmaq və onları real imtahan mühitinə uyğunlaşdırmaq olub.
Məlumata görə, bu cür sınaq imtahanları abituriyentlərin özünə inamının artmasına və yekun imtahanlarda daha yüksək nəticə göstərmələrinə müsbət təsir edir.
Sınaq imtahanında çoxsaylı şagird iştirak edib. İmtahanda təkcə Marneuli rayonundan olan abituriyentlər deyil, eyni zamanda qonşu rayon və şəhərlərdən gələn şagirdlər də biliklərini sınamaq imkanı əldə ediblər.
Qeyd edək ki, Kür Tədris və İnkişaf Mərkəzi abituriyentlərin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə bu cür sınaq imtahanlarının gələcəkdə də davamlı şəkildə keçirilməsini planlaşdırır.
P.ƏMİRCANOV
XQ





