Azərbaycanda heç kəs öldürülmür!

post-img

Zaxarova narahat qalmasın, çünki ölkəmiz Rusiya deyil

“Yekaterinburq şəhərində Rusiyanın amansız güc strukturlarının qətlə yetirdiyi qardaşlarımın Bakıya gətirilmiş cəsədlərinin tanınması üçün dəvət olunduğum və iştirak etdiyim məhkəmə tibbi ekspertizası zamanı gördüyüm mənzərə məni daha da dəhşətə gətirdi”. 

Bunu APA-ya açıqlamasında Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilmiş şəxslər – Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib. S.Hüseynlinin sözlərinə görə, qardaşlarının bədənindəki çoxsaylı ölümcül işgəncə izləri Rusiya tərəfinin onların ölüm səbəbi barədə uydurub yaydığı xəbərin tamamilə cəfəngiyyat olduğunu danılmaz şəkildə sübut edir. 

Qeyd edək ki, S.Hüseynlinin gəldiyi qənaətin doğruluğunu Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin baş direktoru Ədalət Həsənov da təsdiqləyib. Belə ki, hər iki mərhumun meyitlərinin müayinə nəticələrinə əsasən məlum olub ki, H.Səfərovun ölümünə posthemorragik və posttravmatik şok, Ziyəddin Səfərovun ölümünə isə çoxsaylı xəsarətlərlə əlaqədar baş verən posttravmatik şok səbəb olub. Bütün bunlar öz yerində. 

Deməli, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumatı nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bölüşüb. “Bakının qeyri-dost hərəkətləri və bütün bu illər ərzində Azərbaycan hakimiyyətinin heç bir şikayəti olmayan rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə əlaqədar Azərbaycan Respublikasının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyən Zaxarova görəsən necə müəyyənləşdirib ki, “Sputnik Azərbaycan”ın əməkdaşları adı altında fəaliyyət göstərənlər qanunsuz saxlanılıblar? Məgər ötən illər ərzində onlardan heç bir şikayətin olmaması nə isə deməkdirmi? Bəlkə illər ərzində Yekaterinburqda hüquq-mühafizə orqanları ilə heç bir problem yaşamayan azərbaycanlılara qarşı ittihamlar da təsdiqini tapmayacaqdı? Onlar “OMON” tərəfindən öldürülməli idilərmi? Amma Zaxarova qəti narahat olmasın. Azərbaycan hüquqi dövlətdir və jurnalist kimi təqdim etdiyi şəxslərin günahı sübuta yetirilməsə, onlar həbsə düşməyəcək, sərbəst buraxılacaqlar. 

Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Azərbaycanın Yekaterinburq hadisələrinə kəskin reaksiyasını şərh edib. “Rusiya Azərbaycanla yaxşı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Lakin Bakının qəbul etdiyi qərarlardan təəssüflənir... Hesab edirik ki, hüquq-mühafizə orqanlarının işi ilə bağlı hər hansı bir şey belə reaksiyaya səbəb ola bilməz və olmamalıdır”, - deyən Peskovun əslində, nə demək istədiyini Rusiya Dövlət Dumasının MDB ölkələri və xaricdəki həmvətənlərlə iş komitəsinin sədr müavini, stajlı ermənipərəst Konstantin Zatulin dilə gətirib. Bu məxluqun sözlərinə görə, guya rəsmi Bakı xarici siyasət kursunu dəyişmək, Moskvadan uzaqlaşmaq istəyir və Yekaterinburq olaylarına kəskin münasibət məhz bundan qaynaqlanır. 

Göründüyü kimi, Rusiya üçün günahsız insanların qətli heç bir anlam daşımır, ölkə tərəfindən hansısa konsprioloji baxışlar qabardılır. Ötən ilin dekabrında AZAL-ın Qroznu səmasında vurulmuş təyyarəsinin “quş topası ilə toqquşduranlar” da təxminən, eyni cür sərsəmləyirdilər. Halbuki, zatulinlər və onları üstümüzə salmağa cəhd göstərənlər anlamalı idilər ki, Azərbaycan müstəqillik illərində hər zaman müstəqil xarici siyasət yürüdüb. Hətta bütün dünya anti-Rusiya ovqatına kökləndiyi vaxt ölkəmiz Moskva ilə əməkdaşlığı dərinləşdirdi, müttəfiqlik bəyannaməsi imzaladı. Ona görə yaxşı olar ki, cənab Peskov reaksiyamızın adekvat olub-olmadığını diqqətlə nəzərdən keçirsin. 

M.Zaxarovanın “Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarına rusiyalı jurnalistlərlə görüşə icazə verilmir” bildirməsinə gəlincə, burada da heç şübhəsiz, qanuni tərəflər var. Bir də axı Moskvada dərk etməlidirlər ki, onlar qanundan danışmaq hüquqlarını Yekaterinburda “dəfn edib”, üstünü Rusiyanın digər bölgələrində azərbaycanlıların başlarına açdıqları oyunlarla, hazırda soydaşlarımızı kütləvi repressiyalara məruz qoymaqla “basdırıb”, hətta “betonlayıblar”. 

Rusiya XİN rəsmisi açıqlamasında, eyni zamanda, bir növ, şikayətlənməyi də yaddan çıxarmayıb. “Onlar (yəni, ölkəmizin hüquq-mühafizə orqanları – red.) bu cür hərəkətlərin səbəbləri barədə məlumat vermirlər. Biz jurnalistlərimizdən narahatıq. Rusiya səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verib. Heç bir cavab yoxdur", - deyən M.Zaxarovaya bir daha narahat qalmamağı, özünü ələ almağı tövsiyə edirik. Çünki ölkəmizdə heç kəs öldürülmür. Azərbaycan Rusiya deyil!

R.ƏVƏZ
XQ

Siyasət