Yaxud Azərbaycanın emosiyaya yox, hüquqa əsaslanan diplomatiyasının uğuru
2025-ci ilin iyun ayında İsveçrə parlamentində baş verənlər bir neçə cəbhədə oynanılan hibrid siyasi oyunun regional və qlobal geosiyasi mənzərədəki əks-sədasıdır. Erməni diasporu vasitəsilə həyata keçirilən, Azərbaycana qarşı yönəlmiş ardıcıl və sistemli hücumların İsveçrə kimi neytral bir ölkədə təkrarlanması həm narahatlıq, həm də ciddi təhlil doğurur.
Amma nəticə bir qədər gözlənilməz oldu: təxribat dolu dörd ayrı təşəbbüs müxtəlif formalarda təqdim olunsa da – istər qanun layihəsi, istər sorğu, istərsə də ictimai təşəbbüs şəklində – tamamilə iflasa uğradı. Mövcud məğlubiyyət təkcə Azərbaycanın diplomatik mövqeyinin gücləndiyini göstərmir. Eyni zamanda, diaspor əsaslı siyasətin, lobbiçiliyin və emosional manipulyasiyanın nə qədər yararsız olduğunun canlı sübutuna çevrildi.
3 iyun – Azərbaycan əleyhinə ilk hücum: İsveçrədə fəaliyyət göstərən SOCAR-ın adının hallandığı “xarici nəzarətdə olan şirkətlərin müharibələri maliyyələşdirməsi” adlı qətnamə layihəsi parlamentin gündəliyinə salındı. Əslində, bu layihə 2024-cü ildə rədd olunmuşdu. Fəqət ermənipərəst Stefan Müller-Altermatt yenidən onu gündəmə gətirməklə Azərbaycana qarşı siyasi təzyiq yaratmağa cəhd göstərdi. Gözlənildiyi kimi, layihə səs çoxluğu ilə yenidən rədd edildi.
İkinci cəhd – Ermənistanın “müdafiəsi” adı altında Azərbaycanın regiondakı siyasi çəkisini kölgələmək. Müller-Altermatt bu dəfə İsveçrə hökumətinə “Cənubi Qafqazda sülh strategiyası və Ermənistanın müdafiəsi” mövzusunda sorğu ünvanladı. Lakin bu sorğu, ümumiyyətlə, gündəlikdən çıxarıldı. Bu isə həm rəsmi Bernin, həm də parlamentarilərin məsələyə münasibətini aydın göstərdi.
Üçüncü cəhd – “Dağlıq Qarabağ üçün sülh forumu” ideyası. Bu dəfə diasporun başqa bir adamı – Erik Fontobel çıxış etdi. Təklif olunan forum guya “Qarabağdan qovulmuş ermənilərin təhlükəsiz qayıdışı” üçün nəzərdə tutulmuşdu. İsveçrə hökumətinin buna cavabı diplomatik, həm də sərt idi: Azərbaycan belə bir qurumu tanımır və tərəflər (yəni, Azərbaycan və Ermənistan) bu məsələləri birbaşa, vasitəçisiz həll edirlər. Yəni, bu təşəbbüs heç bir hüquqi və siyasi əsas daşımır.
Və nəhayət, dördüncü cəhd – “ədalətli iqlim və enerji siyasəti” adı altında SOCAR və TAP kimi şirkətlərin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş referendum təşəbbüsü. Burada da eyni ssenari təkrarlanır: ictimai təşəbbüs arxasında erməni diasporunun izi görünür, lakin İsveçrənin iqtisadi rasionalizmi bu təşəbbüsü də boşa çıxarır.
***
Azərbaycan diplomatiyasının İsveçrədəki “səssiz, lakin mühüm” qələbəsi bir sualı aktuallaşdırır: Bəs Azərbaycanın bu qədər ardıcıl, ağıllı və effektiv diplomatik cavabları hansı təməl prinsiplərə söykənir? Sualın cavabı həm siyasi, həm institusional, həm də psixoloji aspektləri əhatə edir.
Birincisi, Azərbaycan emosiyaya yox, hüquqa əsaslanan diplomatiya yürüdür. Ənənəvi olaraq diasporların siyasətə təsir vasitəsi kimi istifadə etdiyi emosiya yüklü ritorikadan fərqli olaraq, Bakı rəsmi arqumentləri beynəlxalq hüququn prinsipləri çərçivəsində təqdim edir. Bu isə neytral ölkələrin – xüsusilə də, İsveçrə kimi balanslı xarici siyasət yürüdən dövlətlərin – diqqətini və rəğbətini qazanır.
İkincisi, Azərbaycan “təkzib yox, təşəbbüs” siyasəti yürüdür. Yəni, əleyhinə aparılan kompaniyalara sadəcə cavab verməklə kifayətlənmir, öz gündəmini, təşəbbüslərini və diplomatik platformalarını irəli sürür. Məhz bu fəal yanaşma passiv müdafiədən fərqli olaraq, mövqelərin daha səmərəli qorunmasına və möhkəmləndirilməsinə imkan verir.
Üçüncüsü, Bakı üçün diasporlar yox, rəsmi dövlətlər əsas tərəfdaşdır. Azərbaycan, xüsusilə, son illərdə xarici siyasətində qeyri-rəsmi təsir qruplarına yox, birbaşa dövlət–dövlət münasibətlərinə önəm verir. Məhz bu strategiya uzunmüddətli sabit və davamlı diplomatik əlaqələrin qurulmasına gətirib çıxarır.
Və nəhayət, bu diplomatiyanın arxasında bir siyasi psixologiya dayanır: öz gücünə inanmaq, haqqına arxalanmaq və təxribatlara cavab vermək əvəzinə nəticəyə fokuslanmaq. Azərbaycanın bu siyasi yetkinliyi artıq beynəlxalq arenada təsdiqlənmiş reallıqdır.
İsveçrədə ermənilərin üzləşdiyi dördqat fiasko və Azərbaycanın rasional diplomatiyası, əslində, çağdaş dünyada informasiya savaşı, diasporun gücü və diplomatik ağıllılıq arasında gedən mübarizənin konkret təzahürləridir. Hadisələr birlikdə oxunduqda daha böyük mənzərəni ortaya qoyur. Burada artıq söhbət təkcə lobbiçilikdən getmir. Söhbət siyasi informasiya müharibəsinin, ictimai fikrə təsir göstərmək üçün istifadə olunan manipulyasiya vasitələrinin və dövlət–diaspora münasibətlərinin sərhədlərindən gedir.
Erməni diasporu uzun illərdir ki, Fransada və ABŞ-da analoji mexanizmlərlə müəyyən siyasi nəticələr əldə etməyə çalışır. Lakin İsveçrə nümunəsi göstərdi ki, bu modelin müasir beynəlxalq müstəvidə ömrü uzun deyil. Çünki bu cür təşəbbüslər nə hüquqi əsaslara, nə də beynəlxalq münasibətlər sistemindəki real güc balansına əsaslanır.
Azərbaycan isə bu hücumlar qarşısında emosional deyil, rasional davranır. Bakı Cənubi Qafqazda sülh gündəmini öz əli ilə, birbaşa danışıqlar vasitəsilə qurur. İsveçrə hökumətinin də qeyd etdiyi kimi, bu prosesdə əlavə “vasitəçilər”, “forumlar” və ya “sülh konfransları”na ehtiyac yoxdur. Azərbaycan diplomatiyasının uğuru məhz buradadır: kənar oyunçulara meydan vermədən, qətiyyətlə və beynəlxalq hüquqa söykənərək addımlamaq.
***
Hadisələr, eyni zamanda, Ermənistan daxilində baş verən diaspor–dövlət qarşıdurmasının da izlərini daşıyır. Ermənistan baş naziri Nikol Paşinyanın İstanbulda verdiyi açıq mesaj diasporun təsir imkanlarını açıq şəkildə sual altına aldı: “Ermənistanın taleyini yalnız Ermənistanda yaşayan ermənilər müəyyən etməlidir”. Onun bu bəyanatı elə diasporun xaricdə oynamağa çalışdığı “Ermənistanın səsi” roluna son qoymaq niyyəti daşıyır. Belə olan halda, diasporun xarici parlamentlər vasitəsilə həyata keçirdiyi bütün təşəbbüslər, dolayısı ilə Paşinyan hökumətinə qarşı yönəlmiş sabotajlar da puça çıxır. İsveçrədə yaşananlar bunun bariz nümunəsidir.
İsveçrə presedenti bir daha göstərdi ki, beynəlxalq münasibətlər artıq emosiyalara, milli-etnik təəssübkeşliyə və siyasi romantizmə yox, rasional maraqlara, hüquqi əsaslara və geoiqtisadi əlaqələrə əsaslanır. Enerji təhlükəsizliyi, ticarət, sabitlik – bunlar XXI əsrin əsas siyasi valyutalarıdır.
Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycan bu yeni dövrə artıq hazırdır. Bakının diplomatiyası ayıq, mövqeyi ardıcıl və məntiqlidir. Qarşı tərəfin uğursuzluğu isə onun reallıqdan nə qədər uzaq düşdüyünü göstərir. Bu səbəbdən diaspor siyasəti iflasa uğrayır, real siyasət isə qazanır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru