Britaniya Parlamentinin Lordlar Palatasında Orta Dəhlizlə bağlı yüksək səviyyəli tədbir keçirilib

post-img

Britaniya Parlamentinin Lordlar Palatasında “Orta Dəhliz: strateji investisiya və əməkdaşlıq imkanları” mövzusunda “Third World Solidarity” parlament qrupunun təşkilatçılığı ilə yüksəksəviyyəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə siyasətçilər, infrastruktur mütəxəssisləri, ticarət nümayəndələri, akademiklər və biznes liderləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyətini müzakirə ediblər.

Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov çıxışında dəhlizə cəlb olunan ölkələrin sadəcə tranzitlə kifayətlənməməli, sənaye əməkdaşlığını dərinləşdirməli olduğunu deyib.

RUSI-nin (Royal United Services Institute) Maliyyə və Təhlükəsizlik Mərkəzinin analitiki Arzu Abbasova qeyd edib ki, Orta Dəhliz real potensiala malikdir və bu marşrut bölgəyə yeni siyasi və iqtisadi narrativ qazandırır. O bildirib ki, Azərbaycanın regional və qlobal nəqliyyat qovşağı kimi əhəmiyyəti artır, türk dövlətləri arasında isə iqtisadi əməkdaşlıq daha da güclənir.

“S&P Global Commodity Insights”ın enerji üzrə baş redaktoru Nik Kolmen dəhliz üzərində yerləşən Azərbaycan, Türkiyə və Qazaxıstanın Avropanın enerji təhlükəsizliyində artan rolunu vurğulayıb.

Tədbirə sədrlik edən Edinburq Biznes Məktəbinin nümayəndəsi Assılbek Nurğabdeşov bildirib ki, koordinasiya və strateji investisiyalarla Orta Dəhliz Asiya və Avropa arasında daha dayanıqlı ticarət üçün katalizatora çevrilə bilər. O, Böyük Britaniyanın infrastruktur, təhsil, logistika və innovasiya sahəsindəki təcrübəsinin bu transformasiyanı dəstəkləmək üçün əlverişli zəmin yaratdığını qeyd edib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London











Siyasət