Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının konfransı keçiriləcək

post-img

Niderlandın paytaxtı Amsterdam şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti beynəlxalq konfransı və EYBA-nın İllik Ümumi Yığıncağı keçirilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının mətbuat xidmətindən XQ-yə verilən məlumata görə,  kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, VK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov sözügedən konfransa və Yığıncağa qatılıb, o cümlədən tədbirdə Asiya, ABŞ və Avropanın bir çox ölkələrinin vəkil və hüquqşünasları iştirak ediblər.

Konfransın gündəliyinə uyğun olaraq əsas mövzu müasir hüquq problemləri olmaqla, iqlim dəyişikliyi və insan hüquqları ilə bağlı mövcud problemlər, hüququn aliliyi prinsipi, incəsənət hüququ və onun gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb və müxtəlif çıxışlar edilib.

Tədbir EYBA-nın prezidenti Shannon Gawleyin açılış nitqi ilə başlayıb, Assosiasiyanın təşəbbüsü ilə görülən işlər, davam edən layihələr, gələcək planlar barədə məlumat verilib və gənc vəkillərin iş prosesində üzləşdiyi bir sıra problemlər səsləndirilib.

Daha sonra Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Thierry Wickers, Niderland Vəkillər Kollegiyasının prezidenti Jeroen Soeteman, Avropa Şurası Parlament Assambleyasının sabiq üzvü Sophie in’t Veld, Amsterdam Vəkillər Kollegiyasının sədri Barbara Rumora-Scheltema, Stanford Universitetinin Kibersiyasət Mərkəzinin üzvü Marietje Schaake, eləcə də digər vəkil və təmsilçilər tərəfindən maarifləndirici nitqlər səsləndirilib.

Tədbirin ikinci günü EYBA-nın İllik Ümumi Yığıncağı baş tutub. Yığıncaqda hazırda davam edən layihələr, gələcək planlar və qurumun idarəçiliyi ilə bağlı digər məsələlər müzakirə edilib.

Eyni zamanda EYBA-nın yeni prezidenti və İcraiyyə Komitəsinə yeni üzvlərin təyin olunması ilə bağlı seçkilər baş tutub və təşkilatın növbəti - 2026-cı ildə konfransların keçiriləcəyi şəhərlər müəyyən edilib. Səsvermə nəticəsində EYBA-nın yeni prezidenti Chiara Palombi seçilib.

Həmçinin səsverməyə görə, Yunis Nəsibov EYBA-nın İcraiyyə Komitəsinə üzv seçilib.

Bundan başqa, tədbirdə 2026-cı ildə EYBA-nın payız konfransının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

Konfrans çərçivəsində vəkillər arasında sosial əlaqələrin qurulması, xüsusilə Amsterdam gənc vəkilləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb və sosial fəaliyyətlər həyata keçirilib.

Sonda iştirakçılara rəsmi ziyafət təşkil olunub.  









Sosial həyat