2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni geosiyasi məzmuna keçidinin təsdiqi idi. Ş.Mirziyoyevin bu səfəri iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin qlobal səviyyəli siyasi konfiqurasiyaya inteqrasiya etdiyini göstərdi. Səfər həm də dövlətlərarası münasibətlərin ideoloji sinxronluq, strateji uzlaşma və beynəlxalq proseslərdə vahid mövqe kimi dərinləşən komponentlərlə möhkəmləndiyinin göstəricisi idi.
Post-sovet məkanında formalaşan çoxqütblü nizamda türk dövlətləri arasında əlaqələrin güclənməsi uzun müddət yalnız mədəni və tarixi təməllər üzərində qurulurdu. Lakin son illər baş verən proseslər, xüsusilə Azərbaycan–Özbəkistan münasibətlərinin sürətlə strateji müstəviyə keçməsi bu yanaşmanı dəyişib. Artıq məsələ təkcə tarixi ortaq köklərdən və etnik-mədəni yaxınlıqdan ibarət deyil; ortada geosiyasi sinerji, beynəlxalq platformalarda birgə koordinasiya və diplomatik-hüquqi baxımdan qarşılıqlı öhdəliklər var. Bu mənada Ş.Mirziyoyevin səfəri Türk Dövlətləri Təşkilatının gələcək siyasi strukturunda Azərbaycanın və Özbəkistanın nə qədər mühüm rol oynadığını ortaya qoydu. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər bir daha təsdiqlədi ki, iki dövlət regional təşəbbüslərlə kifayətlənmək niyyətində deyil. Əksinə, onlar beynəlxalq sistemdə ortaq geosiyasi mövqelər formalaşdırmağa və Türk dünyasının qlobal səsini koordinasiyalı şəkildə artırmağa çalışırlar.
Azərbaycan və Özbəkistan arasındakı strateji müttəfiqliyin möhkəmlənməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yaranmış şəxsi münasibətlər mühüm amil kimi çıxış edir. Prezident Mirziyoyev tərəfindən Füzuli rayonunda inşa etdirilən və 2023-cü il avqustun 23-də istifadəyə verilən Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəb bunun bariz nümunəsidir. Şəxsi münasibətlərin strateji əməkdaşlığın dərinləşməsində həlledici rol oynaması 2022-ci ilin önəmli hadisələrində də özünü göstərdi. Həmin il Prezident İlham Əliyevin Özbəkistana üç dəfə rəsmi səfər etməsi ölkələrimiz arasında qarşılıqlı siyasi və diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
2024-cü ilin avqustunda Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bu dostluq və müttəfiqlik münasibətlərinə yeni nəfəs verdi. Özbəkistan Prezidentinin erməni işğalından azad olunmuş Füzuli və Şuşa rayonlarına səfəri, Qarabağda bərpa-quruculuq işlərinə verdiyi dəstək liderlər arasında formalaşmış şəxsi və siyasi əlaqələrin nəticəsidir. Beləliklə, İlham Əliyev və Şavkat Mirziyoyev arasındakı səmimi şəxsi münasibətlər dövlətlərarası əlaqələrin ən yüksək səviyyədə və davamlı olmasının əsas zəminini yaradıb.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə çatması uzunmüddətli strateji baxışın nəticəsidir. Münasibətlərin dərinləşməsində liderlərin qarşılıqlı siyasi iradəsi ilə yanaşı, ortaq tarix, mədəni yaddaş və çağdaş dünyada eyni geosiyasi risklərə və imkanlara malik olmaları əsas rol oynayır.
Müttəfiqlik münasibətlərinin hüquqi bazası bir il öncə Daşkənddə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə qoyuldu. Sənəd iki ölkə arasında əlaqələrin “rəsmi müttəfiqlik” statusu əsasında qurulmasını rəsmiləşdirdi. Prezident İlham Əliyevin həmin müqaviləni “istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəd” adlandırması bu aktın nə qədər fundamental siyasi və diplomatik çəkisi olduğunu ortaya qoyur. Prezidentin bu yanaşması onu göstərir ki, Azərbaycan bu münasibətləri regional sabitliyə və beynəlxalq siyasətə təsir edən strateji koordinasiya platforması kimi dəyərləndirir.
2025-ci ilin iyul səfəri isə bu hüquqi çərçivənin real siyasi məzmunla dolduğunu təsdiqlədi. Səfər zamanı keçirilən yüksək səviyyəli görüşlərdə Şavkat Mirziyoyevin səsləndirdiyi fikirlər və verilən mesajlar ikitərəfli münasibətlərin vahid siyasi iradəyə və ortaq strateji vizyona əsaslandığını nümayiş etdirdi: “Bu gün biz danışıqlarda bütün məsələləri – beynəlxalq, regional, ikitərəfli, həssas məsələləri müzakirə etdik. Ciddi məsələlər üzrə fikirlərimiz üst-üstə düşür. Bu fikirləri bütün platformalarda irəli aparacağıq...”.
Burada beynəlxalq platformalarda vahid çıxış, maraq və dəyərlərin koordinasiyası, geosiyasi harmoniya kimi elementlər öz əksini tapır. Mirziyoyevin vurğuladığı “bütün məsələlər” və “bütün platformalar” ifadələri münasibətlərin artıq qlobal siyasi sistem daxilində sinxron fəaliyyət modelinə çevrildiyini göstərir.
Azərbaycan və Özbəkistan arasındakı strateji müttəfiqlik təkcə son illərin hadisələri ilə məhdudlaşmır. Bu münasibətlər uzunmüddətli və mərhələli şəkildə formalaşıb. Hər iki dövlətin yerləşdiyi unikal geosiyasi mövqe – Mərkəzi və Cənubi Asiya, Qafqaz və Yaxın Şərq qovşağı – onların regional və qlobal proseslərdə açar aktorlar kimi çıxış etməsinə imkan yaradır. Belə bir strateji mövqedə yerləşmə, həmçinin onların qarşılıqlı maraqlarının tamamilə uyğunlaşmasına və bir-birini tamamlayan geosiyasi resurslara malik olmasına zəmin hazırlayıb.
2004-cü ildə imzalanan “Strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” əməkdaşlığın konseptual əsaslarını müəyyən etdi. Həmin dövrdə dünya siyasi sistemində çoxqütblülüyün hələ tam strukturlaşmadığı bir mərhələdə bu sənəd iki ölkənin gələcəkdə qarşılıqlı etimad və əməkdaşlıq üzərində strateji ittifaq qurmaq niyyətlərinin erkən ifadəsi oldu. Sonrakı illər bu münasibətlərin beynəlxalq hüquq və siyasətdə öz əksini tapması ilə xarakterizə olundu. 2008-ci ildə Özbəkistanın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT Baş Assambleyasının qətnaməsini dəstəkləməsi iki dövlət arasındakı siyasi həmrəyliyin qəti siyasi mövqe kimi təzahürü idi. Özbəkistanın bu addımı beynəlxalq ictimaiyyətin önündə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində mühüm addım kimi qiymətləndirildi.
2021-ci ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni “tarixi ədalətin bərpası” kimi qiymətləndirməsi isə münasibətlərin həm də dərin mənəvi və ideoloji təməllərə söykəndiyini nümayiş etdirdi. Belə açıq dəstək dövlətlərarası münasibətlərin xaricində, xalqlar arasında ortaq dəyərlərin və milli kimliyin qarşılıqlı anlaşmasına da işarədir.
Nəhayət, 2022-ci ildə qəbul edilmiş “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” Azərbaycan–Özbəkistan münasibətlərinin çoxşaxəli və institusional xarakterini möhkəmləndirdi. Təxminən 40 istiqaməti əhatə edən bu sənəd iki ölkənin qlobal səviyyədə koordinasiyalı fəaliyyət göstərmək niyyətini ortaya qoydu.
Bununla yanaşı, bu ittifaq təkcə dövlətlərarası səviyyədə möhkəmlənmir, o, həm də xalqlar arasında münasibətlərin dərinləşməsi ilə müşayiət olunur. Müasir beynəlxalq münasibətlərdə yalnız dövlət başçılarının anlaşması və protokol səviyyəsindəki sənədlərlə dayanıqlı ittifaqlar qurmaq mümkün deyil. Münasibətlərin sabitliyi və gələcək davamlılığı üçün xalqlar arasında sosial-mədəni inteqrasiya, ortaq dəyərlərin paylaşılması və ictimai rəyin müsbət olması vacib şərtdir. Məhz bu səbəbdən Azərbaycan–Özbəkistan müttəfiqliyi tarixi köklərə, mədəni bağlılığa və ortaq sivilizasiya yaddaşına söykənir.
İyul səfəri çərçivəsində Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılması, “Özbəkistan” parkının təməlinin qoyulması və iki ölkə arasında mədəni-humanitar layihələrin təşviqi bu münasibətlərin simvolik və ictimai aspektini gücləndirir. Diplomatiyada simvollar bəzən sənədlərdən daha çox mesaj verir. Yeni səfirlik binası dövlətlərin qarşılıqlı hörmətinin və diplomatik təmsilçiliyin rəmzidirsə, “Özbəkistan” parkı bu hörmətin ictimai-mədəni yaddaşda yerləşdirilməsinin təzahürüdür. Deməli, müttəfiqliyin siyasi mahiyyəti mədəni simvolizm vasitəsilə ictimai əsaslandırmaya çevrilir.
Atılan addımlar xalqlar arasında qarşılıqlı hörmətin, ortaq mədəni yaddaşın və tarixi yaxınlığın davamlı şəkildə dirçəldilməsinə xidmət edir. Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu vahid sivilizasiya kontekstində formalaşıblar. Bu sivilizasiya türk-islam kimliyi, ortaq dil qohumluğu və Şərq dünyagörüşü ilə səciyyələnir. Mədəniyyət, musiqi, ədəbiyyat və dini baxışlar baxımından iki xalq arasında dəyərlər eyni sivil əsasdan qidalanır və bütün bunlar müasir dövrdə siyasi yaxınlıq üçün ideoloji zəmin rolunu oynayır.
Bu gün isə bu ortaq kimlik geosiyasi dəyərə çevrilib. Ortaq kimlik sayəsində Azərbaycan və Özbəkistan qlobal siyasətdə sinxron şəkildə hərəkət edə bilən aktorlara çevriliblər.
Müasir dünyada informasiya müharibələri, siyasi basqılar və regional ziddiyyətlər kontekstində təkbaşına diplomatik dayanıqlıq çətinləşir. Bu baxımdan, Azərbaycan–Özbəkistan müttəfiqliyi həm də diplomatik təhlükəsizlik mexanizmi rolunu oynayır. Ortaya çıxan istənilən regional və ya qlobal risk fonunda bu iki ölkənin koordinasiyalı mövqeyi onların beynəlxalq hüquqda və siyasi nizamda daha etibarlı aktor kimi tanınmasına şərait yaradır.
Azərbaycan və Özbəkistanın biri Qafqazda, digəri Orta Asiyada yerləşməklə fərqli coğrafi mövqelərə malik olsalar da, onların maraqları, narahatlıqları və prioritetləri üst-üstə düşür. Hər iki ölkə üçün suverenliyin möhkəmləndirilməsi, regional sabitliyin təmin edilməsi, multilateral diplomatiyanın gücləndirilməsi və milli maraqların beynəlxalq hüquq çərçivəsində qorunması əsas prioritetlərdəndir.
Son olaraq qeyd edə bilərik ki, birgə diplomatik davranış, qarşılıqlı siyasi müdafiə, beynəlxalq təmsilçilikdə ahəng və ümumi geosiyasi baxış Azərbaycan və Özbəkistanı XXI əsrin siyasi xəritəsində vahid siyasi davranış modelinə sahib iki müttəfiq dövlət kimi təqdim edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru