Prezident İlham Əliyevin siyasi kursunda milli ideya və suverenlik

post-img

I MƏQALƏ

Liderin siyasi təcrübəsi

Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda suallara cavabında siyasi təcrübənin əhəmiyyəti ilə bağlı ifadə etdiyi tezis tarixi əhəmiyyətlidir. Dövlət başçısı Prezident kimi malik olduğu təcrübəni tam haqlı olaraq “əldə etdiyim çoxillik əvəzsiz təcrübə” kimi xarakterizə edir. Dövlət başçısının bu məsələni birbaşa xarici siyasətin əsas prinsipləri kontekstində gündəmə gətirməsi Azərbaycanın siyasi liderlik ənənəsində yeni politoloji hadisədir. İlham Əliyevin Prezident kimi əldə etdiyi təcrübəni iki aspektdə siyasi-nəzəri təhlil etməyi zəruri hesab edirik.

Birincisi, müasir müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu kursu bağlılığında İlham Əliyevin siyasi təcrübəsinin yeri və rolunun siyasi-nəzəri təhlili.

İkincisi, Prezident İlham Əliyevin siyasi təcrübəsinin gətirdiyi yeniliklərin konseptual tədqiqi.

Siyasi təcrübə məsələsinin bu cür qoyuluşu prizmasında ümumilikdə müasir mərhələdə müstəqil dövlət identikliyinin siyasi parametrlərinin konseptual anlamını da aktuallaşdırır. Mövzunu nəzəri olaraq qəlizləşdirmədən liderin siyasi təcrübəsini dövlət identikliyinin siyasi parametrlərindən biri kimi təhlil etməyə çalışaq.

Anlayışın izahı

Elmi ədəbiyyatda “liderin siyasi təcrübəsi” anlayışı bilikləri, bacarıqları, qabiliyyətləri və fəaliyyətin önqaydalarını əhatə edən məfhum kimi tərif edilir. Bu keyfiyyətlər liderin siyasi fəaliyyəti prosesində öz funksiyalarını səmərəli yerinə yetirmək və qarşıya qoyulan məqsədlərə çatmaq üçün əldə edilir.

Deməli, liderin siyasi təcrübəsi sadəcə faktların və göstəricilərin toplanması deyildir, yaradıcı surətdə dəyərlər sisteminin formalaşmasıdır. Bu zaman siyasi proseslərin anlamı, situasiyanı təhlil etmək qabiliyyəti, qərarqəbuletmə bacarığı və siyasi proseslərin digər iştirakçıları ilə qarşılıqlı münasibətlərdə olmaq tərzi ön plana çıxır. Beləliklə, liderin siyasi təcrübəsi mürəkkəb nəzəri anlayışdır və siyasi fəaliyyətin çox aspektlərini özündə birləşdirir.

İki aktual istiqamət

Buradan iki aktual istiqaməti müəyyən edə bilərik. Birincisi, “liderin siyasi təcrübəsi”nin anlayış kimi ümumi siyasi dərki, ikincisi, İlham Əliyevin bu istiqamətdə əldə etdiyi uğurların “siyasi anatomiyası”nın araşdırılması.

Bu iki aspekt Azərbaycan Prezidentinin siyasi təcrübəsinin müasir müstəqil dövlətin tam suverenliyinin təmin edilməsi prosesində əhəmiyyətini dərk etməyə imkan verir. Çünki bu iki aspektdə liderin bilik əldə etməsi, qabiliyyət və bacarıqlara yiyələnməsi, dəyərlər və önqaydaları yeniləməsi, idarəetmə qabiliyyətini inkişaf etdirməsi və dərin təhlil əsasında proqnostik qərarlar qəbul etməsi sintez halında özünü göstərməlidir. Bütün bunlar liderin məhz siyasi təcrübə əsasında öncə mövcud vəziyyətə adaptasiya olması, sonra isə onu yeniləşdirməsi imkanlarını müəyyən edir.

Beləliklə, liderin siyasi təcrübəsi mürəkkəb və çoxtərəfli anlayışdır ki, biliyin, qabiliyyətlərin, bacarıqların və önqaydaların müxtəlif aspektlərini ehtiva edir. Əlbəttə, təcrübə siyasi fəaliyyət prosesində formalaşır. Bununla deyə bilərik ki, təcrübə uğurlu siyasi liderliyin mühüm faktorudur.

Bu cür nəzəri izahlardan sonra birbaşa Prezident İlham Əliyevin siyasi liderlik təcrübəsinin suverenlik və milli ideya kontekstlərində dövlət quruculuğundakı yeri və rolu məsələsinin konseptual təhlilinə keçə bilərik. Öncə, milli ideya-liderin siyasi təcrübəsi dixotomiyasının ümumi fəlsəfi və politoloji məqamlarına qısa nəzər salaq.

Liderin siyasi təcrübəsi və milli ideya

Bu mövzunu politoloqlar və sosioloqlar müxtəlif kontekstlərdə tədqiq edirlər. Lider-cəmiyyət münasibətləri kontekstində aparılan tədqiqatlarda liderliyin mədəniyyət mühiti ilə bağlılığı, liderin şəxsi keyfiyyətləri və şəxsi fəaliyyət özəlliyi tarixi təcrübə aspektində təhlil edilir. Bir başqa istiqamətli araşdırmalarda liderliyi bütövlükdə milli dövlət quruculuğu kontekstində tədqiq edirlər. Məsələn, struktur-funksional yanaşma çərçivəsində “siyasi liderin şəxsiyyətinin transformasiyasının özünəməxsusluğu” araşdırılır.

Milli dövlətin mövcudluğu bu prosesi daha dinamik və əhatəli etmişdir. Belə ki, liderlik faktiki olaraq “ictimai həyatın elə tərkib hissəsinə çevrilmişdir ki, liderlə sosiumun bütün kəsimlərinin qarşılıqlı münasibətləri kəsintisiz hala gəlmişdir. Bununla da “liderin şəxsiyyətinin transformasiya yolları”ndan bəhs edilir. Bu cür əhatəlilik sülalə monarx dövlətlərində mövcud deyildir.

Məsələnin bu istiqamətlərdə tədqiqi göstərir ki, getdikcə daha geniş və dərin səviyyələrdə liderin siyasi təcrübəsinin cəmiyyətdə rolu artır. Bu kimi məqamların fəlsəfi ümumiləşdirilməsi də mövcuddur. Məsələn, hələ 2010-cu ildə İ.Uinkler yazırdı ki, mövcud yanaşmalarda liderliyə “interaktiv və mürəkkəb proses kimi baxılır”. Liderlik münasibətlərinin inkişafında fərdi qavramanın vacibliyi vurğulanır.

Burada sosial sistemin dinamikası və məntiqindən qaynaqlanan mürəkkəb sosial münasibətlərin rolu ayrıca təsir gücünə malikdir. Bu sırada yeni nəzəri təlimlərdə lider və cəmiyyət üzvlərinin təcrübə mübadiləsinin xüsusi əhəmiyyət daşıması ayrıca araşdırılır.

Qeyd edilən məqamlardan aydın görünür ki, milli müstəqil dövlətdə liderin siyasi təcrübəsi çoxlu sayda aspektlərdə ümumcəmiyyət miqyasında aktuallıq kəsb edir və bütövlükdə çox əhəmiyyətlidir. Buna görə də filosoflar siyasi liderin təcrübəsinin təsiri altında formalaşması prosesini dərindən təhlil etməyə çalışırlar. Eyni zamanda, liderin öz siyasi məqsədlərinə çatmaq üçün milli ideyaya geniş istinad etməsi məsələsi aktual sayılır.

Deməli, biz faktiki olaraq liderin siyasi təcrübəsi-milli ideya münasibətlərinə iki istiqamətin qarşılıqlı əlaqəsində baxmalıyıq.

Birincisi, liderin siyasi təcrübəsinin milli ideyanın formalaşmasına göstərdiyi təsirlər kontekstində yanaşma.

İkincisi, liderin fəaliyyətində siyasi hədəflərinə çatmaq üçün milli ideyadan yararlanması aspektində yanaşma.

Fəlsəfə üçün bu iki istiqamətin qarşılıqlı təsirlərinin ümumi dinamikası aktualdır. Onun sosial-siyasi və mədəni aspektlərinin bir-birini tamamlaması şərti də önəm kəsb edir. Deməli, burada milli ideya-siyasi təcrübə münasibətlərində kollektiv şüuri təcrübə ilə fərdi şüuri təcrübə arasında nisbət fəlsəfə üçün aktuallıq kəsb edir. Həmin kontekstdə öncə mlli ideyanın tərifinə qısa nəzər salaq.

Milli ideya dəyərlər, təsəvvürlər və inamlar sistemidir. Bu komponentlər insanları ümumi məqsəd və canatmalar ətrafında birləşdirir (səfərbər edir). Bununla milli ideya həm də milli identikliyi formalaşdırır. Milli identiklik elə mürəkkəb sistemdir ki, “özüntəşkiletmə qabiliyyətinə malikdir”. Eyni zamanda, milli identiklik “ictimai həyatın müxtəlif aspektlərinin siyasi tərkib hissələrindən biridir”.

Yuxarıdakı ümumi nəzəri izahlardan bir vacib politoloji nəticə hasil etmək olar: liderin siyasi təcrübəsi fəaliyyətin istənilən mərhələsində milli ideya və milli identikliyin müəyyən edilməsində çox ciddi rol oynayır. Ayrıca, həm xüsusi böhranlı mərhələdə, həm də tarixi əhəmiyyəti çox böyük olan dönəmlərdə liderin siyasi təcrübəsi milli ideya və milli identikliyin müəyyən edilməsində həlledicidir!

Ümumi səviyyədə bu anlamlar Prezident İlham Əliyevin yuxarıda siyasi təcrübə ilə bağlı vurğuladığımız tezisinin nəzəri və praktiki əhəmiyyətini ifadə edirlər. Çünki Prezident İlham Əliyevin Prezidentlik dönəmi 2003-cü ildən başlamışdır və o zaman Azərbaycan ətrafında mürəkkəb (hətta turbulent) geosiyasi və geoiqtisadi situasiya mövcud idi. Bütövlükdə isə dövlətçilik baxımından həmin dönəm böyük tarixi əhəmiyyət daşıyırdı. Hər iki özəllik 2020-ci ilə qədər davam etdi. II Qarabağ müharibəsindən sonra bütövlükdə vurğulanan aspektlərdə mənzərə yeni keyfiyyət və məzmun səviyyəsinə transformasiya olundu.

Bu dəyişiklik daha böyük aktuallıqla İham Əliyevin siyasi liderlik təcrübəsini gündəmə gətirdi. Prezidentin III Şuşa Qlobal Media Forumunda yığcam, lakin dəqiq ifadə etdiyi tezis bu reallığın işığında tam əhəmiyyəti ilə yeni rakursda görünür. Nəzəri olaraq bu məsələ Azərbaycan liderinin politologiyaya gətirdiyi yeni liderlik təcrübəsi anlamını ifadə edirsə, praktiki aspektdə onun öyrənilməsi vacibliyini ön sıraya çıxarır.

Buradan üç politoloji tezis formalaşdıra bilərik:

Birincisi, İlham Əliyevin Prezidentlik təcrübəsi 2003-2020-ci illər müddətində milli ideyanın reallaşması üçün prinsipial və həlledici rol oynadı.

İkinci tezis birincinin məntiqi davamı kimi meydana gəlir: Müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu tarixində ik dəfə olaraq Prezidentin siyasi təcrübəsi milli ideya-suverenlik qarşılıqlı əlaqəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin başlıca faktoru oldu.

Nəhayət, üçüncü tezis: Bu gedişatı vahid prosesin iki mərhələsi kimi təsəvvür etsək, liderin siyasi təcrübəsinin eksklüziv olaraq milli ideyanın reallaşması-suverenliyin təmini bağlantısının müəyyənedici paramteri kimi özünü təsdiq etdiyi qənaətini alarıq.

Bu tezislərin hər biri üzərində ayrıca dayanmaq zəruridir. Çünki onlar kompleks halında 2003-cü ildən bu yana Azərbaycanda uğurlu siyasi liderlik təcrübəsinin fəlsəfi ilə yanaşı siyasi-nəzəri mahiyyətini dərk etmək şansı verir. Bu prosesin şərti olaraq birinci mərhələsində iki strateji məqsəd bir biri ilə qarşılıqlı əlaqədə aktuallaşdırılmışdır. Onlardan biri milli ideyanı reallaşdırmaqla ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Digəri isə ərazi bütövlüyünün bərpasından siyasi mənada cəmiyyətin bütövlüyünə konseptual və praktiki keçid etmək əsasında tam suverenliyə nail olmaqla bağlıdır. Bununla liderin siyasi təcrübəsində iki mühüm pillə birləşmiş olur – milli ideyanın reallaşmasından tam suverenliyə keçid vahid proses forması alır.

Birinci tezisin məntiqində ərazi bütövlüyünün təminindən cəmiyyətin bütövlüyünə siyasi keçidin xarakteri və məzmunu əsas yer tutur. Doğrudan da İlham Əliyev Avrasiya məkanında ilk dəfə olaraq ərazi bütövlüyünün bərpası prosesinin nəticələrindən biri kimi cəmiyyətin yeni səviyyədə bütövlüyünə nail oldu. Bunu biz, siyasi təcrübənin çox mühüm əlaməti hesab edirik. Həmin prosesi suverenliyin tam təmini tamamladı.

Beləliklə, birinci tezis prizmasında ərazi bütövlüyü tam suverenlik–cəmiyyətin birliyinin yeni səviyyəsi “qızıl üçbucağında” milli ideya iki aspektdə daha aktual görünməkdədir. Onlardan biri milli ideyanın ərazi bütövlüyü-suverenlik-toplumsal birlik keçidlərində əsas təminedici faktor olmasıdır. İkinci aspekt isə vurğulanan keyfiyyətdə milli ideyanın liderin siyasi təcrübəsinin əsas siyasi-ideoloji parametri olmasıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət