Prezident Donald Trampın Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökuməti arasında Anlaşma Memorandumunun imzalanması zamanı dilə gətirdiyi fikirlərdən sonra bir anlıq düşündüm. Yadıma hürriyyət aşiqi, yaradıcılığı ilə xalqımızın milli mənlik şüuru və özünüdərkinin inkişafına müstəsna töhfələr vermiş Məhəmməd Hadi düşdü. Daha doğrusu, onun böyük üzüntü ilə qələmə aldığı “yoxdur millətimin imzası bu imzalar içində” ifadəsini xatırladım. Gözümün önündən yaşadığım, hamımızın yaşadığı çətin bir mərhələ, sanki, kino lenti kimi gəlib keçdi.
Nələri görmədik ki, o mərhələdə? 1988-ci ilin meydan hərəkatı, ermənilərin “Miatsum” adı ilə başlatdığı qəsbkarlıq, 1991-ci il müstəqilliyindən sonra yeni həyat uğrunda mübarizəyə atılan insanımızın uğradıcı xəyal qırıqlığı, hakimiyyət uğrunda mübarizə, çörək növbələri, vətəndaş müharibəsi, işğal, öz dədə-baba yurdlarından didərginlərin ah-nalələri, çadır şəhərciklərində ölən ümidlər, doğma torpaq həsrəti ilə yarımçıq qalan ömürlər, üstəlik, acılar çəkən məmləkətin beynəlxalq miqyasda, az qala, təcavüzkar kimi qələmə verilməsi və daha nələr-nələr.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikamıza, bu dəfə müstəqil Azərbaycana rəhbərliyə başlamasını da gördük, dahi şəxsiyyətin böyük əzm və iradə ilə ölkəmizdə hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğuna başlamasını da, inkişaf və tərəqqini də. Nəzərimdə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsini, dövlət quruculuğu xəttinin dərinləşməsini, inkişafımızın dönməz xarakter almasını, Vətən müharibəsindəki Zəfərimizi, torpaqlarımızın işğaldan qurtuluşunu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını və haqqında söz açdığım “Miatsum” kitabının bağlanmasını da canlandırdım.
Bəli, Heydər Əliyev ideyalarına misilsiz sadiqlik nümayiş etdirən, idarəçilikdə varisliyin bənzərsiz və təkrarsız örnəyinə çevrilmiş Prezident İlham Əliyevin yeritdiyi kurs nəticəsində tam əminliklə deyirəm: Var millətimin imzası imzalar içində. Özü də bunu təkcə biz demirik. Dünyanın ən böyük dövlətinin başçısı Tramp bildirir ki, “Xalqınız böyük xalqdır”, “Siz böyük lidersiniz”. Elə bilirik, bu günlərdə, habelə ötən beş ildə təkcə Məhəmməd Hadinin deyil, xalq və millət fədailəri olan mütəfəkkirlərimizin hamısının ruhu şaddır. Ən başlıcası isə Ulu öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu dahi şəxsiyyətin apardığı mübarizənin Zəfəri özünə yeni təntənə təmayülləri qazanır. Budur, daha bir təmayül. Prezident Donald Tramp üzünü azərbaycanlı həmkarına tutaraq bildirir: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.
Tam əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyev yaşadığımız Cənubi Qafqaz coğrafiyasında, obrazlı desək, suyun axarını dəyişdi. Tarixən Rusiya və İran kimi dövlətlərin nüfuz dairəsində olan regiona Qərb kapitalını məhz o gətirdi. Ümummilli liderin sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya çıxışı oldu. Söhbət özündə son dərəcə böyük potensial daşımış çıxışdan gedir. O potensial ki, dünyanın yolunu həm Azərbaycandan, həm də ümumən Cənubi Qafqazdan saldı. O potensial ki, erudik təfəkkürü, praqmatizmi və diplomatik məharəti ilə nadir liderlərdən olan Prezident İlham Əliyevin sayəsində dövlətimizi gücləndirdi, beynəlxalq miqyasda söz sahibinə çevirdi və nəhayət, bu gün qarşımızda Zəngəzur dəhlizi reallığı dayanıb. Tramp yolu və ya Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu kimi siyasi adlandırmalara malik reallıq. Bu reallıq “Əsrin müqaviləsi” ilə çıxılmış yolun möhtəşəmliyidir. Deməli, indi dünyaya nəinki pəncərəmiz, qapımız da açıqdır və deməli, imperialist maraqların əhatəsindəki, bir çox hallarda sıxılıb qalmış, ədalətsizliklərlə, haqsızlıqlarla, işğal və məhrumiyyətlərlə üzləşmiş məmləkət obrazı tarixin arxivinə gömülür.
Cənab Tramp Ağ Evin rəmzi açarını kimə təqdim etdiyinin çox yaxşı fərqindədir. Düşünürük ki, hazırda ABŞ, bütövlükdə Qərb dünyası təlatümlü Cənubi Qafqaz coğrafiyasında Azərbaycanın hansı böyük əhəmiyyət daşıdığını, hansı nəhəng işlərə imza atdığını gözəl bilir və çox yüksək qiymətləndirir. Mövcud durumda Ermənistan gedən qatara son anda yetişmiş birini xatırladır. Nəzərə alaq ki, işğalçılıq ölkəni xeyli geri saldı. Ermənistan ona heç nə qazandırmayan qəsbkarlıq niyyətlərinə, avantürizmə görə “Bakı-Ceyhan”da iştirakdan uzaq düşdü. Həmin vaxt Heydər Əliyev şəxsiyyətinin prosesdə müstəsna rolu oldu. Görünür, İrəvan eyni səhvi ikinci dəfə təkrarlamaq istəmir. Həm də ona görə istəmir ki, bu gün Azərbaycan 1991-1993-cü illərdəki Azərbaycan deyil.
Çox tez-tez eşitdiyimiz, müəyyən mənada, klişeləşmiş bir fikir var ki, ölkəmiz 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdırıb. Bu günlərdə ABŞ-da yaşananlar sözügedən fikrin ən bariz təsdiqidir. İlham Əliyev şəxsiyyətinin yaratdığı bu reallıq elə böyük mahiyyət daşıyır ki, keçmişin xoşagəlməz səhifələrini bağlayır. Keçmişdən söz düşmüşkən, Prezident Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişi ləğv etdi. O düzəlişi ki, onun nəticəsində 1992-ci ildə torpaqlarının işğalının davam etdiyi Azərbaycan, guya, Ermənistanı blokadaya aldığı bəhanəsi ilə Birləşmiş Ştatların dövlət yardımından məhrum duruma düşdü. Doğrudur, indiyədək ABŞ prezidentləri tərəfindən həmin düzəlişin icrasının dayandırıldığı hallar yaşanıb. Amma indiki durumun məxsusiliyi vurğulanmalıdır. Ona görə vurğulanmalıdır ki, Cənubi Qafqazda münaqişə preambulasını daşıyan düzəlişin ləğvi regiona sülhün gəldiyinin bildirilməsi ilə eyni vaxta təsadüf edir. Bir vacib məqam da var ki, onu dövlətimizin başçısı Vaşinqtonda ölkəmizin media nümayəndələrinə müsahibəsində diqqətə çatdırdı: “Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunu məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.
Prezident İlham Əliyevin iqtibasındakı fikirlər “907”nin ləğvinin böyük siyasi jest mahiyyətini açıqlayır. Jestin önəmi ondadır ki, ABŞ Azərbaycan-Ermənistan konfliktinə mövcudluq libası geyindirən və uzun müddət istifadə etdiyi alətindən imtina edir. Nəzərə alaq ki, ATƏT-in Minsk qrupu kimi “907” də münaqişə məntiqini qoruyurdu. Yəni, cənab Trampın ədalətsizliyi aradan qaldırması da sülhə xidmətin səmimiyyət nişanəsi, lider böyüklüyüdür. Deməli, böyüklük, heç də hərbə-zorbalıqda yox, məhz bu cür incə jestlərdədir. Qoy, bütün dünya görsün ki, Amerika Azərbaycana qarşı yanaşmasını dəyişir. Hesab edirəm ki, ədalətin bundan böyük zəfəri mümkünsüzdür. Ona görə Trampa xitabən “Əlbəttə, Siz möcüzəyə imza atdınız”, - deyən dövlətimizin başçısı amerikalı həmkarının uzun müddətdir davam edən münaqişəni başa çatdırmasını yüksək qiymətləndirir, lider böyüklüyündəki səmimiyyətə eyni səmimiyyət və nəzakətlə cavab verir.
Dahi Hüseyn Cavid deyirdi ki, kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Bu mənada Prezident İlham Əliyevin Trampa iltifatı sülhyaratma missiyasına qədirbilən münasibət göstəricisidir, alicənablıqdır. İlham Əliyev şəxsiyyətinin dahiliyi onun həm də qan izini kəsməsində, barışı müharibə yolu ilə qazanmasındadır. Bu, son dərəcə prinsipiallıq və qətiyyət tələb edən inanılmaz xarakterdir. İlham Əliyev dönməz xarakteri ilə beynəlxalq aləmi Azərbaycanın ədalətli müharibə apardığına inandırmaqla yanaşı, dünyanı sülhün də ədalətli olmasının vacibliyinə razı salmağı bacardı.
Bütün bunlar onu deməyə əsas verir ki, bu günlərdə dövlətimizin başçısının liderliyinin növbəti təntənə anları yaşandı. Söhbət, əlbəttə ki, Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən gedir. O bəyannamədən ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasının təsdiqlənməsini nəzərdə tutmaqla bərabər, Bakı ilə İrəvan arasındakı barış mühitinin vacib komponentlərini müəyyənləşdirirdi. Bu müəyyənləşmə 44 günlük müharibədən sonra Azərbaycanın irəli sürdüyü şərtlərin birmənalı qəbuludur.
Onu da bildirim ki, cənab Əliyevin ədalətli sülh yolundakı prinsipiallığını və qətiyyətini vurğulayarkən, xüsusən, ötən beş ilin siyasi yaşantılarını xatırlamaq şərtdir. Müharibə məğlubu Ermənistanın vəziyyəti dəyişmək üçün hər şeyə əl atması, ölkənin çeşidli manipulyasiyaları, Qarabağ avantürizmini qorumaq cəhdləri – bütün bunları gördük. Ona görə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtondan etdiyi sosial şəbəkə paylaşımında çox doğru vurğulayır ki, “Prezident İlham Əliyev müharibədə qalib gəldiyi kimi, sülhü də qazandı!!!”
Sonda onu da bildirək ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin sülh qazancı nəinki xalqımızın, bütövlükdə Cənubi Qafqaz xalqlarının böyük nemətidir. Bu qazancda Ermənistanla münasibətlərin normallaşması aspekti kimi, əvvəldə haqqında söz açdığımız Amerika-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsinin açılması mühüm əhəmiyyətə malikdir. Əminik ki, hadisələrin sonrakı axarı da gözləntilərimizi doğruldacaq və Cənubi Qafqaz regionu haqqı olan əbədi sabitliyə, asayişə, yeni inkişaf və tərəqqi yoluna çıxacaqdır. Yolumuz açıq olsun!
Əflatun AMAŞOV,
Baş redaktor