III məqalə
Dövlətin nüfuzetmə dərəcəsi
Əməkdaşlıq platforması təşəbbüsünü irəli sürmüş dövlət başçısının ölkənin geosiyasi nüfuzetmə miqyası və dərəcəsini dəqiq müəyyən etməsi prinsipial əhəmiyyət daşıyır. Çünki bu məqam dövlət identikliyinin kollektiv, yaxud eqoist kateqoriyaya aid olmasını göstərən parametrlərdən biridir. Əgər təşəbbüskar dövlət daha çox öz marağını nəzərə alıb, əməkdaşlıq formatında dominantlığa amiranə üsullarla çatmağı qarşısına məqsəd qoyursa, fərqli bir formul meydana gəlir. Əgər təşəbbüskar dövlətin başçısı qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, ortaq təhlükəsizlik və birgə inkişaf meyarlarını əsas tutursa, fərqli əməkdaşlıq formatı alınır. Bu iki vacib seçim arasında tərəddüd olmamalıdır, yəni səmimi və ədalətli olmaq mütləq şərtdir. Bu əsasda, birincisi, təşəbbüskar dövlətin əməkdaşlıq plaforması kontekstində uyğun geosiyasi məkana nüfuzetmə dərəcəsi müəyyən olunur, ikincisi, ondan asılı olaraq əməkdaşlıqda iştirak edən bütün dövlətlərin maraqlarının sinxronlaşdırılması imkanları “ölçülür”. Bu özəllik istənilən geosiyasi məkanın üç əsas müəyyənedici parametrlərindən biridir.
Beləliklə, “Əliyev üçbucaqları”nda nüfuzetmə dərəcəsi və onlar arasında münasibətlərin optimal müyyən edilməsi dəqiq kriteriyalar üzərində bərqərar olur. Onlar üçün başlıca xüsusiyyətlər tarixi ədalətlilik, humanitarlıq, hüquqilik və qarşılıqlı faydalı əməkdaşlıqdır. Bu dörd faktorun bir-birini tamamlaması əsasında həm təşəbbüskar dövlət kimi Azərbaycanın maraqları, həm də iştirakçı dövlətlərin maraqları müəyyən edilir. Nəticədə bütün işitrakçı dövlətlərin “əməkdaşlıq üçbucağı”nda ortaq maraqları təmin olunur.
Bu bağlılıqda təcrübə göstərir ki, “Əliyev üçbucaqları”nın hər birində ölkələrin milli təhlükəsizliyi ilə təhlükəsizliyin başqa növləri arasında gerçək bağlantı mövcud olur. Bu, enerji, kommunikasiya, informasiya, logistika sferalarının hər biri üzrə təhlükəsizliyin təmininə aiddir. Nümunə kimi, Azərbaycan-Gürcüstan-Türkiyə və bu əməkdaşlıq “üçbucağı”nın Avropa ölkələri ilə əməkdaşlıq formatlarının hər birində enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdətdə çıxış etməsini stimullaşdırmasını göstərə bilərik.
2020-ci ildən sonra isə Azərbaycan geosiyasi məkanın digər çox mühüm elementi olan “qlobal səviyyədə çoxölçülü və multistruktur xarakterli əməkdaşlıq imkanlarının aydınlaşdırılması” istiqaməti üzrə vacib yenilik etmişdir. Həmin yenilik enerji, kommunikasiya, informasiya və logistika aspektləri üzrə təhlükəsizliklərin Avropa ölkələrinin milli təhlükəsizlikləri ilə yeni səviyyədə “geosiyasi hibridləşməsi” ilə bağlıdır. Məsələnin bu tərəfini geniş izah etməyə ehtiyac vardır.
İlham Əliyevin əməkdaşlıq platformalarının genişlənməsi prinsipi
Nümunə kimi cəmi bir neçə konkret əməkdaşlıq platformalarına baxacağıq. Bu, ümumi müqayisə aparmağa və yekun qənaətə gəlməyə yetərlidir. Azərbaycan-Özbəkistan-Türkmənistan, Azərbaycan-Qazaxıstan-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq “üçbucaqları”na nəzər salaq. Bu əməkdaşlıq platformalarının hər birində Avropa ölkələri ilə əməkdaşlıq potensialı mövcuddur. Əgər onlara vahid geosiyasi konfiqurasiyanın elementləri kimi baxsaq, maraqlı inteqrativ mənzərə alınır.
Birincisi, “əməkdaşlıq üçbucaqları”nın hər birində Azərbaycan iştirak edir. Özbəkistan, Qazaxıstan, Gürcüstan və Türkiyə bu anlamda əməkdaşlıq imkanlarını Azərbaycandan qaynaqlanan təşəbbüslər əsasında müəyyən etməli olurlar. Həmin kontekstdə üç türk dövləti - Türkiyə, Qazaxıstan və Özbəkistan həndəsi olaraq özünəməxsus “üçbucaq” yaradırlar. Nəticədə beş türk dövləti vahid şərtlər daxilində geniş əməkdaşlıq sahəsi formalaşdırırlar. Çox mühüm faktordur ki, Gürcüstan bu “türk kollektivçi”liyində heç bir prosesdən kənarda qalmır və ona qarşı zərrə qədər də ayrı-seçkilik edilmir. Əksinə, Gürcüstan yaxın və doğma tərəfdaş kimi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistan tərəfindən qəbul edilir.
Bunun geosiyasi olaraq başlıca səbəbi İlham Əliyevin üçtərəfli əməkdaşlıq platformalarının təməlinə qoyduğu ümumi şərtlərdir. Onlar tarixi ədalətlilik, humanitarlıq, hüquqilik kriteriyaları əsasında qarşılıqlı faydalı əməkdaşlığı təmin edirlər. Bu, “Əliyev üçbucaqları”nın yüksək geosiyasi əməkdaşlıq potensialına sahib olmasını təmin edən başlıca məqamdır və onu digər formatlardan keyfiyyət və məqsədcə fərqləndirir.
İlham Əliyevin əməkdaşlıq platformalarının həm davamlı, həm də müsbət nəticəverici olmasının təməlində Azərbaycan liderinin ədalətlilik, humanitarlıq və hüquqiliyi əsas götürməsini ciddi qəbul etməyənlər vardır. Bunu müxtəlif dairələrdən yayılan informasiyaların məzmunundan duymaq olur. Lakin biz şübhə etmirik ki, Azərbaycan Prezidentinin əsaslandığı həmin kriteriyalar irəli sürdüyü platformaların uğurlu olmasının bazasını təşkil edirlər. Dünyanın ən güclü dövlətlərinin, yüksək iqtisadi, texnoloji və digər inkişafa malik ölkələrinin liderləri faktdır ki, əməkdaşlıq platformalarının uğurluluğunda İlham Əliyev səviyyəsində deyillər. Azərbaycan dövlətçilik və liderlik ənənəsindən qaynaqlanan ədalətlilik, hüquqilik, bəşəri dəyərlərə dərin sayğı və xalqın özünütəşkiletmə mədəniyyəti dövlət başçımızın əməkdaşlıq platformalarının ruhunu təşkil edirlər.
İkincisi, Azərbaycanın Gürcüstana olan münasibəti dövlətimizin bütövlükdə qlobal səviyyədə çoxölçülü və multistruktur xarakterli əməkdaşlıq viziyonunun təməlini təşkil edir. Buna görədir ki, Avropa İttifaqı zaman-zaman Azərbaycana qərəzli yanaşsa da, sonucda etdiyi etiraf belə oldu: “Azərbaycan Respublikası dövləti etibarlı tərəfdaşdır!” Şübhə etmirik ki, Qərbin bu etirafı etməsində “Əliyev üçbucaqları” çox ciddi rol oynamaqdadırlar. Çünki qərbli diplomatlar görürlər ki, Azərbaycanın təşəbbüs etdiyi hər bir üçtərəfli əməkdaşlıq formatı praktiki sahədə müsbət nəticələr verir və hətta onların bazasında Avropa miqyasında əməkdaşlıq platformaları yaratmaq şansı meydana gəlir.
Üçüncüsü, Azərbaycan-Özbəkistan-Türkmənistan, Azərbaycan-Qazaxıstan-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatlarının hər biri üçün enerji faktoru ilə yanaşı, informasiya, nəqliyyat, logistika, ekologiya və bütövlükdə kommunikasiyanın inkişafı qarşılıqlı əlaqədə əhəmiyyət daşıyır. Vurğulanan istiqamətlər həmin əməkdaşlıq platformalarının hər birində ayrılıqda mövcuddur. Bununla yanaşı, o tərkib hissələri iştirakçı 6 dövlətin münasibətlərini inteqrativ aspektdə özündə ehtiva edirlər.
Burada dövlətlərin birgə inkişafının rəmzi kimi inteqrasiyalarının Azərbaycan modelinin müxtəlif əsasları mövcuddur. Onların sırasında rəmzi xarakter daşıyan və Yeni Azərbaycan Partiyasının simvolu olan “çiçəklənən dəfnə ağacının səkkiz guşə yaradan üçbucaqların qarşılıqlı əlaqəsi” fonunda təsvir edilməsi faktını nəzərə almaq gərəkdir. Bu, ümumiyyətlə, Azərbaycan dövlətçilik ənənəsində və idarəetmə psixologiyasında baza şərtlərin dəqiq nizamlı konfiqurasiyasına və ona hər zaman əməl edilməsi zərurətinə işarədir. Yəni artıq dövlətlərarası münasibətləri qurmaq ənənəsində həm özünü, həm də əməkdaşlıq etdiyi hər bir dövləti inkişaf etdirmək psixologiyası möhkəm yer almışdır. İlham Əliyev XXI əsrdə bu ənənəni daşıyan və inkişaf etdirən uğurlu liderdir!
Vurğuladığımız üç özəlliyin fonunda üçtərəfli əməkdaşlıq formatlarının Azərbaycanın qarşısında geosiyasi status aspektində geniş üfüqlər açdığı nəticəsini hasil etmək olar. Bunu dərk etmək üçün bir neçə geosiyasi anlayışın məzmununa baxmaq gərəkdir.
Cənubi Qafqaz passibilizmi
Vurğulamışıq ki, “passibilizm” fransızca “possible” sözündəndir və “mümkün olan” deməkdir. Burada “mümkünlük” deyəndə hər hansı dövlətin və ya geosiyasətdə subyektin tarixi transformasiyalarının dinamikasına coğrafi məkanın təsir dərəcəsi nəzərdə tutulur. Passibilizmə görə, coğrafi məkan və daha geniş anlamda coğrafi determinantların kompleksi (relyef, təbii ehtiyatlar, etnokültürəl faktorlar və s.) öncədən tarixi müəyyən etmirlər, lakin onu bu və ya digər istiqamətə meyillənləndirə (daha güclü formada yönəldə) bilirlər.
Buradan avtomatik sual meydana gəlir: əgər biz passibilizmin bu mənasını qəbul etsək, onda dövlət konkret hansı faktorlara görə öz tarixini yaradır? Burada müəyyənedici və aparıcı rolu kimlər və ya nələr oynayırlar? Çünki bir halda ki, coğrafi determinantlar mümkünlük sahəsi yaradırlar, orada hansı istiqamətin reallaşa biləcəyi və bunun necə həyata keçəcəyi məsələsi önəm daşıyır. Bu da öz növbəsində dövlətin hər konkret tarixi mərhələdə seçim hüququndan necə istifadə etməsi məsələsini aktuallaşdırır. Bu seçimi edən dövlətin başçısı və xalqın lideridir.
Cənubi Qafqazın timsalında passibilizmin parametrlərini görə bilərik. XX əsrin son onilliyində tarix bu regionun dövlətlərini seçim qarşısında qoydu. Azərbaycan, Gürcüstan və Ermənistan eyni coğrafi məkanda, lakin fərqli təbii determinantlara malik ölkələr kimi öz yollarını müəyyən etməli idilər. “Fərqli determinantlar” ifadəsi təbii, mədəni, coğrafi, resurs və relyef fərqliliklərinin kompleksini nəzərdə tutur. Həmin determinantlar liderin edəcəyi seçimin mahiyyətindən asılı olaraq dövlətləri öz transformasiya zonasına yönəldəcəkdi. Ulu öndər Heydər Əliyevin seçimi ən uğurlusu oldu. Azərbaycan hüquqi, demokratik, beynəlxalq normalara dəqiq əməl edən, humanitar mahiyyətli, sülhsevər və ədalətli siyasi kurs həyata keçirən dövlət identikliyinə üstünlük verdi. Daha əhəmiyyətlisi ondan ibarət idi ki, digərlərindən fərqli olaraq Azərbaycan etdiyi geosiyasi, siyasi və konseptual seçimin mahiyyətinə tam uyğun siyasət yeritdi.
Əslində, müasir Azərbaycan Respublikasının praktikasında ilk üçtərəfli əməkdaşlıq formatının əsasını Heydər Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə nümunəsində yaratmışdır. Hər kəs xatırlayır ki, buna nail olmaq üçün Ulu öndər fövqəladə yüksək siyasi zəka, diplomatik məharət və müdrikliklə yanaşı, qətiyyətli siyasi iradə nümayiş etdirmişdir. Yalnız Heydər Əliyevin liderlik keyfiyyətləri sayəsində Azərbaycan-Gürcüstan-Türkiyə “üçbucağı” konkret Bakı-Tbilisi-Ceyhan layihəsində öz əyani təcəssümünü tapa bildi. Bu layihənin qəbul edilməsindən sonra XXI əsrin üçüncü onilliyinin ortalarına qədər bu regionda və ona yaxın geosiyasi məkanlarda baş verən proseslər Ümummilli liderin seçiminin yüksək səviyyədə düzgün olduğunu göstərməkdədir.
Prezident İlham Əliyev siyasi varislik prinsipi çərçivəsində Ulu öndərin həmin əməkdaşlıq nümunəsini yaradıcı olaraq mövcud geosiyasi şəraitə tam uyğunlaşdıraraq inkişaf etdirmişdir. Müxtəlif üçtərəfli əməkdaşlıq platformaları arasında daxili əlaqələri məharətlə müəyyən edərək və onların təkamül dinamikasını düzgün proqnozlaşdıraraq həqiqi mənada yeni əməkdaşlıq şəbəkəsi formalaşdırmışdır. Bu şəbəkə artıq Cənubi Qafqazın hüdudlarından çox kənara çıxmışdır və dünya miqyasında əməkdaşlıq nümunəsi olmaqdadır. Regionun digər iki dövləti Gürcüstan və Ermənistan bu məqsəddən hələ çox-çox uzaqlardadırlar. Bunu sübut etməyə ehtiyac yoxdur.
Beləliklə, Cənubi Qafqaz passibilizminin mühüm əlamətlərindən biri region dövlətlərinin hər birinin özünün coğrafi determinantlarından fərqli istifadə edə bilməsindən ibarətdir. Məsələnin bu tərəfi “tətbiqi geosiyasət” və “strateji paytaxt” anlayışları ilə sıx bağlıdır. Onların izahı verilməlidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru