Gündəlik həyatımızda bəlkə də ən az diqqət yetirdiyimiz hərəkət göz qırpmaqdır. Lakin bu bəsit hərəkətin arxasında həm biologiya, həm də fizika baxımından böyük bir mexanizm dayanır. Araşdırmalara görə, orta statistik insan oyaq olduğu müddətdə dəqiqədə təxminən 15–20 dəfə gözünü qırpır. Bu, 16 saatlıq aktiv gün ərzində 14–19 min dəfə göz qırpmaq deməkdir. Hər göz qırpma hərəkəti təxminən 0,3 saniyə çəkir.
Riyazi hesablama aparsaq, maraqlı bir fakt ortaya çıxır: Gündə təxminən 20 min dəfə göz qırpırıqsa, bu, günün 100 dəqiqəsini (təxminən 1,7 saatını) gözlərimiz bağlı – yəni “qaranlıqda” keçirdiyimiz mənasına gəlir. İlkin iddialarda deyilən 10-15 dəqiqə reallığı xeyli dərəcədə kiçildir.
Bəs, niyə qaranlığı hiss etmirik? Ona görə ki, hər dəfə gözümüzü qırpdıqda dünyanın “sönməməsinin” səbəbi beynimizdir. Beyin göz qırpma zamanı baş verən vizual boşluqları avtomatik doldurur. Bu, kinonun saniyədə 24 kadr (fps) sürəti kimidir; kadrlar arasındakı qaranlıq boşluqları hiss etmirik, çünki beynimiz bizə kəsilməz bir görüntü təqdim edir.
Maraqlıdır ki, göz qırpma tezliyimiz məşğul olduğumuz işdən asılı olaraq kəskin dəyişir. Stress və ya quru hava şəraitində tezlik artır. Dərin konsentrasiya (məsələn, kitab oxumaq və ya kompüterdə iş) zamanı tezlik kəskin azalır. Məhz bu səbəbdən uzun müddət ekrana baxdıqda gözlərimizdə quruluq və yorğunluq hiss edirik.
Bəs zamanın “uçub getməsi” ilə əlaqəsi varmı? Araşdırmalar bu suala birmənalı “yox” cavabını verir. Məsələ ondadır ki, göz qırpmaları vizual “mikro-pauzalar” yaratsa da, zamanın subyektiv qavranılmasına birbaşa təsir etmir. Günün sürətlə keçməsi dopamin səviyyəsi, yaş və rutin işlərlə bağlıdır. Göz qırpması, sadəcə, bioloji bir ehtiyacdır, zamanı qısaldan bir “qara dəlik” deyil.
Daha bir maraqlı fakt budur ki, körpələr çox az qırpır. Yeni doğulmuş körpələr dəqiqədə cəmi 1-2 dəfə göz qırpırlar. Onların dünyanı tanımaq üçün vizual informasiyaya daha çox ehtiyacı var. Bundan başqa, söhbət zamanı da göz qırpmalar artır. Yəni insanlar bir-biri ilə danışarkən daha tez-tez göz qırpırlar. Bu, həm də emosional vəziyyətin göstəricisidir.
Hazırladı:
S.ELAY
XQ

