“Bəxtiyar Vahabzadənin sovet dövrü yaradıcılığında mətnaltı semantika”

post-img

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü, tədqiqatçı Reyhan Mənəfovanın “Bəxtiyar Vahabzadənin sovet dövrü yaradıcılığında mətnaltı semantika” monoqrafiyasının təqdimatı olub.

Mərasimdə tanınmış alim və ziyalılar, ictimai xadimlər, ali məktəb müəllimləri, gənc tədqiqatçılar, tələbələr və media nümayəndələri  iştirak ediblər.

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov mclisi açaraq monoqrafiyanın aktual elmi mövzuya həsr olunduğunu söyləyib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb. O, Bəxtiyar Vahabzadə irsinin yeni elmi baxış bucağından araşdırılmasının əhəmiyyətini qeyd edib.

Təqdimat zamanı monoqrafiyanın elmi əhəmiyyətindən, Bəxtiyar Vahabzadə yaradıcılığının sovet ideoloji mühitində mətnaltı mənalar baxımından təhlilindən və əsərin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi töhfələrdən bəhs olunub.

Çıxış edənlər müəllifin apardığı araşdırmaları yüksək qiymətləndirərək monoqrafiyanın həm elmi ictimaiyyət, həm də gənc tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulayıblar.

Sonda nəşrin müəllifi Reyhan Mənəfova kitabın ərsəyə gəlməsində zəhməti olanlara, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacıyev, rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Fərhad Mədətovdur.

Qabil YUSİFOĞLU
XQ

Elm