Azərbaycan Cənubi Qafqazın sülh qapısıdır

post-img

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib. Bu dəfə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Fakt onu göstərir ki, Ermənistana dəmir yolu və kommunikasiya xətlərinin açılması praktik icraya keçib. Bu, yalnız nəqliyyat məsələsi deyil, həm də Azərbaycan–Ermənistan münasibətlərində etimadın formalaşması və sülh gündəliyinə təsir edən strateji hadisədir.

Xüsusi diqqətçəkən məqam odur ki, Rusiya istehsalı olan taxılın Azərbaycan üzərindən Ermənistana göndərilməsi son 35 ildə ilk dəfə baş verir. Yük qatarlarının həcmi təkcə bu partiya ilə məhdudlaşmayıb. İndiyədək 285 vaqon, ümumi çəkisi təxminən 19 min 900 ton olan taxıl Azərbaycan və Gürcüstan ərazilərindən Dalarik stansiyasına çatdırılıb. Baş nazir Nikol Paşinyan bu prosesi müsbət qiymətləndirib. Yəni İrəvanın mövqeyi təkcə taktiki dəyişiklik deyil, strateji baxışda da yenilənib. Əvvəllər Azərbaycan ərazisindən keçən yollar İrəvan tərəfindən təhlükəsizliyinə və suverenliyinə təhdid kimi kimi qəbul edilirdisə, indi eyni marşrut bu ölkə üçün ərzaq təhlükəsizliyi və iqtisadi maraqlar baxımından zəruri hesab olunur. 

Digər mühüm aspekt isə regionda marşrutların yalnız Azərbaycan üzərindən səmərəli işləməsidir. Rusiyadan başqa, Qazaxıstanın da Ermənistana taxıl göndərməsi və aylıq 15–20 min ton tədarük potensialı bu reallığı bir daha təsdiqləyib. Aydındır ki, İrəvan üçün bu dönüş nöqtəsi illərdir davam edən logistik təcridin acı nəticələrinin dərk edilməsindən qaynaqlanıb. Ölkənin xarici dünya ilə yeganə quru bağlantısı olan “Yuxarı Lars” keçidinin təbiət hadisələri, qar uçqunları və ya siyasi təlatümlər səbəbindən mütəmadi bağlanması Ermənistan iqtisadiyyatını daimi ərzaq böhranı və inflyasiya riski altında saxlayıb. Azərbaycan üzərindən açılan nəqliyyat imkanı isə bu asılılığı azaldır. Bu, İrəvana nümayiş etdirir ki, real sabitlik “qapalı sərhəd” və hərbi izolyasiya modelində deyil, şəffaf regional inteqrasiyadadır. Azərbaycanla əməkdaşlıq onun maraqlarına xidmət edir. 

Bundan başqa, Rusiya və Qazaxıstan kimi böyük aktorların Azərbaycan marşrutunu ən etibarlı və qısa yol kimi seçərək Ermənistana irihəcmli yüklər göndərməsi, əslində, sülh prosesinə beynəlxalq səviyyədə güclü təminat mexanizmini yaradıb. Çünki tranzit əlaqələrinin kəsilməməsi və bu xətlərin təhlükəsizliyi artıq yalnız Bakı və İrəvanın deyil, həm də regional güclərin, iri ixracatçıların və beynəlxalq bazar iştirakçılarının birbaşa iqtisadi marağına çevrilib. Bu iqtisadi zəncir bütün tərəflərin maraqlarına xidmət edir. 

“Taxıl diplomatiyası” yalnız qida təhlükəsizliyi və humanitar yardım müstəvisində deyil, həm də Ermənistan daxilindəki destruktiv və revanşist qüvvələrin manipulyasiya imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Əvvəllər ideoloji xülyalar, mənasız düşmənçilik ritorikası və hərbi şantaj kimi yanaşmalar müəyyən təbəqələr üçün cəlbedici görünə bilərdi. Lakin reallıq budur ki, iqtisadi mənfəət, ucuz və etibarlı logistika, dolanışıq imkanları və gündəlik həyatın rahatlığı qarşısında belə ideyalar öz təsirini itirir. İnsanlar artıq hərbi ritorikanın və millətçi hay-küyçülüyün yox, praktiki və əlçatan həllərin nəticəsini görürlər.

Hazırda bölgədə polad relslər və asfalt yollar üzərində qurulmuş ən güclü və dayanıqlı infrastruktur formalaşır. Bu, təkcə Azərbaycanın ixrac və nəqliyyat potensialının artmasını təmin etmir, eyni zamanda, Ermənistan üçün də yeni imkanlar açır. Azərbaycanın təqdim etdiyi logistik imkanlar Ermənistan üçün sadəcə tranzit və ya iqtisadi əməkdaşlıq vasitəsi deyil, onun “həyat yolu”dur. Bu yol vasitəsilə ölkə ərzaq təchizatı, enerji resursları və digər strateji malları daha sərfəli və etibarlı şəkildə əldə etmək imkanı qazanıb. Yanacaq tədarükü də bu reallıqdan xəbər verir. Artıq Azərbaycan ərazisi vasitəsilə taxıl və neft məhsullarının tədarükündən sonra Ermənistan bu marşrutla mayeləşdirilmiş təbii qazın (LNG) idxalı imkanlarını da nəzərdən keçirir. Bununla da Azərbaycan öz iqtisadi resursları və imkanları ilə Ermənistana bir növ “süni nəfəs” verərək ticarət əlaqələrinin formalaşmasına dəstək olub. Ölkəmiz qarşıdakı illərdə də ticarət əlaqələrini genişləndirməklə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını artırmağı hədəfləyib.

Hadisələrin bu fonunda İrəvan üçün ən yaxşı seçim isə məhz açıq əməkdaşlıq və inteqrasiyadır. Ona görə də, “taxıl diplomatiyası” onlar üçün həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan səmərəlidir. 

Beləliklə, Cənubi Qafqazda nəqliyyat yollarının açılması prosesi artıq subyektiv siyasi qərarların çərçivəsindən çıxaraq obyektiv iqtisadi qanunauyğunluğa çevrilib. Azərbaycanın strateji vizyonu və regional layihələri sayəsində Ermənistanın onilliklər boyu “təhlükə” kimi baxdığı coğrafi mövqe, nəhayət ki, iqtisadi dividendlər vəd edən bir fürsətə çevrilib. Bu yeni dövrdə yolların açılması təkcə yüklərin hərəkəti deyil, həm də köhnə münaqişə psixologiyasının yerini yeni iqtisadi rəqabət və əməkdaşlıq reallığına verməsi deməkdir.

Mövzu ilə bağlı İnformasiya Təşəbbüslərinə dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, müasir geosiyasətdə tərəflərin bir-birinə iqtisadi tellərlə bağlanması hərbi eskalasiya riskini minimuma endirən ən effektiv “yumşaq güc” mexanizmidir: “Biləcəridən yola düşən hər bir vaqon sadəcə texniki bir logistik əməliyyat deyil, həm də regionun yeni sülh arxitekturasının təməl daşıdır. Bu vaqonların hərəkəti onilliklər boyu keçilməz görünən psixoloji sədlərin polad relslər üzərində aşılması deməkdir. Daşınan hər bir ton taxıl yükü, əslində, qarşılıqlı iqtisadi asılılıq yaradır ki, bu da hərbi ritorikanı iqtisadi səmərə ilə əvəzləyən ən effektiv sülh təminatıdır.

Bu proses region xalqlarının təfəkküründəki köhnə inamsızlığı müştərək qazanc reallığı ilə əvəzləyir. İnsanlar artıq sərhədlərə təkcə hərbi zastavalar kimi deyil, gəlir gətirən tranzit qovşaqları kimi baxmağa başlayırlar. “Düşmən” obrazının yerini “biznes tərəfdaşı” reallığının alması sülhün cəmiyyətlərin daxilinə sirayət etməsini sürətləndirir. İqtisadi tellərlə bir-birinə bağlanan tərəflər üçün hər hansı eskalasiya artıq sadəcə siyasi itki deyil, həm də birbaşa maliyyə iflası deməkdir. İqtisadi maraqlar sülhü hər hansı diplomatik sənəddən daha etibarlı qoruyur.

“Taxıl diplomatiyası” ilə təməli qoyulan bu əməkdaşlıq, uzunmüddətli sülhün yalnız kağız üzərində deyil, sarsılmaz infrastruktur – polad relslər, müasir qovşaqlar və rəqəmsal gömrük sistemləri üzərində qurulmasını təmin edir. İqtisadi maraqların kəsişməsi revanşist ideyaların dayaqlarını sarsıdır, çünki sabit gəlir və ucuz logistika hər hansı hərbi ritorikadan daha cəlbedici gələcək vəd edir. Tranzit yollarının işlək qalması artıq təkcə Bakı və İrəvanın siyasi iradəsindən deyil, həm də bu xətlərdən bəhrələnən beynəlxalq bazar iştirakçılarının marağından asılıdır ki, bu da sülhün davamlılığı üçün ən güclü qlobal zəmanətdir”.

Ekspertin sözlərinə görə, bu prosesin davamlı və tam sülhə çevrilməsi üçün Ermənistanın selektiv yanaşmadan imtina edərək bütün razılaşdırılmış öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməsi vacibdir. 

Pünhan ƏFƏNDİYEV
XQ

 



Siyasət