10 noyabr Bəyanatından sonrakı yeni reallıqlar

post-img

Aktuallığını itirmiş razılaşmaya Azərbaycanın strateji prioritetləri işığında baxış

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsinə son qoyuldu. Bəyanatın müddəalarına əsasən, işğal altında olan bir sıra ərazilər – Ağdam, Kəlbəcər və Laçın rayonları müəyyən edilmiş qra­fik üzrə və bir güllə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Sənədin ən vacib müddəala­rından biri olan 9-cu bənd isə regionun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır. 

Həmin bənddə bölgədə bütün iqtisadi və nəqliy­yat əlaqələrinin bərpası, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat dəhlizinin açılması nəzərdə tutu­lub. Ermənistan öz ərazisindən keçəcək bu nəqliyyat yolunun təhlükəsizliyinə təminat verməyi öhdəsinə götürüb. Burada əsas məqsəd vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkil olunmasıdır. Sənəddə diqqətçəkən məqamlardan biri də nəqliyyat əlaqəsinin təhlükəsizli­yinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin həyata keçirməsi idi.

Qeyd edək ki, indiki geosiyasi şəraitdə Rusiya təhlükəsizlik qüvvələrinin hansısa nəzarəti müm­künsüzdür. Hər nə qədər sənəddə mövcud məqam xüsusi vurğulansa da, Ermənistanın buna imkan ver­mə ehtimalı yoxdur. Hətta baş nazir Nikol Paşinyan bu yaxınlarda üçtərəfli Bəyanatı bir növ, tarixin arxi­vinə yolladı. O, keçmişə qayıtmağa ehtiyac olmadı­ğını bildirdi: “10 noyabr 10 noyabrda qaldı”. 

Onu da bildirək ki, N.Paşinyan ötən ilin mayında da analoji açıqlama ilə yadda qalmış, üçtərəfli razı­laşmanı şübhə altına almışdı. Rəsmi Moskvanın isə əksinə, bəyanatın qüvvəsində qaldığını iddia etdiyi məlumdur. Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, regionda sabitliyin təminatı və kommunikasiyaların açılması baxımından əsas hüquqi baza 2020-2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmalardır.

Əslində, 10 noyabr Bəyanatının, faktiki ola­raq, işlək əhəmiyyət daşımadığını söyləmək üçün əsaslar yetərincədir. Ancaq hüquqi baxımdan belə sənədlərin ləğvi üçün ayrıca mexanizm və ya pro­sedur göstərilməyib. Mövzunu XQ-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, üçtərəfli Bəyanat qəbul edilərkən Qarabağda separatizmin kökü hələ tama­milə kəsilməmiş və Azərbaycan ərazi bütövlüyünü təmin etməmişdi: “Bəyanat imzalanandan yalnız üç il sonra Azərbaycan öz ərazi bütövlüyünü və suve­renliyini tam bərpa etdi və regionda geosiyasi və­ziyyət kökündən dəyişdi. İkincisi, Rusiyanın hərbi kontingenti artıq bölgədə yoxdur. Bu, 10 noyabr Bəyanatında nəzərdə tutulan hərbi nəzarət mexa­nizminin artıq mövcud olmadığını göstərir. Üçün­cüsü, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri Birgə Bə­yannaməyə görə, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi kimi ək­sini tapmışdır. Əslində Zəngəzur dəhlizi mahiyyəti daşıyan layihə üzrə xüsusi konsorsium yaradılacaq. Həmin sənəddə dəhlizin Rusiya hərbi qüvvələri tərə­findən qorunacağına dair heç bir müddəa yoxdur. Bu, bölgədə yeni iqtisadi və nəqliyyat reallıqlarının for­malaşdığını və Rusiya təsirinin praktiki olaraq məh­dudlaşdığını göstərir. Bütün bu faktlar ortada ikən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, “2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb və bununla bağlı sənəd­lər mövcud deyil”. 

Kremlin İrəvanla münasibətləri soyuqdur, Bakı ilə əlaqələri isə strateji baxımdan önəmlidir. Üç iş­tirakçıdan ikisi, yəni Azərbaycan və Ermənistan 10 noyabrdan sonrakı reallığı qəbul edir və həmin sənədin, faktiki olaraq, tarixdə qaldığını vurğulayır. Üçüncünün isə israrla “bəyanat qüvvədədir” xatır­latmasının artıq heç bir hüquqi əsası yoxdur. 

Beləliklə, Rusiya tərəfinin mövqeyi əsasən sim­volik xarakter daşıyır və bölgədə yaranmış yeni geosiyasi, hərbi və iqtisadi reallıqlarla uzlaşmır. Azərbaycan üçün əsas prioritet, 10 noyabr Bəyanatı­nın hansı formada qalmasından asılı olmayaraq, əra­zi bütövlüyünün təmin olunması və Zəngəzur dəhlizi kimi strateji kommunikasiyanın açılmasıdır.

Musa BAĞIRLI
XQ

Siyasət