II MƏQALƏ
Dövlət suverenliyinin konstitusion əsası
Bu mövzuda I məqalədə vurğuladığımız kimi, Konstitusiyanın 2-ci maddəsində yazılmışdır ki, “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. Dövlət suverenliyi anlayışının Azərbaycanda konstitusion əsası bu maddədən qaynaqlanır.
Birincisi, öz müqəddəratını həll etmək Azərbaycan xalqının təbii və suveren hüququdur.
İkincisi, eyni dərəcədə öz dövlətinin idarəetmə formasını müəyyən etmək də Azərbaycan xalqının təbii və suveren hüququdur.
Bu iki aspektin vəhdəti Azərbaycanda dövlət suverenliyinin birbaşa mənbəyinin xalq suverenliyi olduğunu göstərir. Deməli, burada əsas vəzifələrdən biri xalq suverenliyini rasional, tam məntiqi, xalqın tarixi-siyasi və mədəni təkamül özəlliklərini nəzərə almaqla müasir şərtlər daxilində dövlət suverenliyinin başlıca xüsusiyyətlərini müəyyən etməklə bağlıdır. Bu prosesdə dövlətçiliyin əsasının möhkəmlənməsi ilə ictimai münasibətlərin tənzimlənməsi siyasi və hüquqi aspektlərdə bir-birini tamamlamalıdır. Müstəqil dövlət quruculuğunda məsələnin incə tərəfi bununla bağlıdır. Çünki vurğulanan şərtin yerinə yetirilməsi faktiki olaraq xalq suverenliyini uğurlu formada dövlət suverenliyinə proyeksiya etməyi özündə ehtiva edir.
Əlbbətə, dövlət quruculuğu kontekstində bu, kompleks hüquqi prosedurların müəyyən edilməsini tələb edir. Onu Konstitusiyada reallaşdırmaq lazım gəlir. Bu baxımdan Azərbaycan Konstitusiyası mükəmməldir. Bu ali təsisedici sənədin qəbulundan sonra dövlət quruculuğunda alınan müsbət cəhətlər qarşıya heç bir hüquqi ziddiyyətin çıxmadığını göstərir. Hətta, ən mürəkkəb məsələlərdə belə Azərbaycan Konstitusiyası dövlətdaxili hüquqi şərtlərlə beynəlxalq hüququn şərtlərinin bir-birini tamamladığı aydınlaşdı. Bir neçə nümunədə buna əmin ola bilərik.
Dövlətdaxili və beynəlxalq hüquq
Konstitusiyanın II maddəsinin II, III və IV bəndləri aşağıdakı kimidir:
2. “Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
3. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
4. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər”.
Bu müddəalardan aydın görünür ki, Konstitusiya Azərbaycanın dövlət kimi fəaliyyətinin daxili və xarici istiqamətlərini hüquqi aspektdə vahid məntiqə gətirmişdir, yəni dövlət “daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla” fəaliyyət göstərməlidir.
Dövlət başçısının konstitusion vəzifələri
Dövlətin başçısı isə vurğulanan hüquqi baza əsasında konkret vəzifələri yerinə yetirməlidir. Onların konstitusion çərçivəsi 8-ci maddədə aydın müəyyən edilmişdir. Yəni Azərbaycan dövlətinin başçısı kimi Azərbaycan Respublikasının Prezidenti 4 əsas istiqamətdə fəaliyyət göstərməlidir:
1. Ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil etməlidir:
2. Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin etməlidir;
3. Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı olmalıdır;
4. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olmalıdır.
Heydər Əliyev və İlham Əliyevin Prezident kimi fəaliyyətləri tam olaraq Konstitusiyanın vurğulanan maddəsinə uyğundur. Bu xüsusda ərazi bütövlüyünün təminatçısı kimi Heydər Əliyev və İlham Əliyevin həyata keçirdikləri siyasi kursun qarşısına hər hansı hüquqi maneə çıxara bilmədilər. Azərbaycan rəhbərliyinin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı hər bir addım Konstitusiyanın maddələri ilə yanaşı, beynəlxalq hüququn bütün normalarına da uyğun olmuşdur. Prezident İlham Əliyevin II Qarabağ müharibəsinin nəticələri ilə bağlı ifadə etdiyi konkret fikirlər tezisimizin əsaslı olduğunu tam təsdiq edir. İlham Əliyev həmin kontekstdə demişdir ki, Azərbaycan tarixi ədaləti bərpa etmişdir, beynəlxalq hüququ təmin etmişdir və milli ləyaqəti bərpa etmişdir.
Azərbaycan Prezidenti Konstitusiyanın müddəalarına əsaslanaraq postmüharibə mərhələsində elə siyasət həyata keçirməkdədir ki, nə qədər etiraz etməyə çalışsalar da sonunda Azərbaycanın mövqeyini qəbul etməli olurlar. İki nümunəyə baxaq.
Onlardan biri Ermənistanla sülh müqaviləsinin baza prinsipləri ilə əlaqəlidir. Məhz Azərbaycan Prezidentinin həm Konstitusiyaya, həm də BMT-nin qəbul etdiyi hüquqi normalara tam uyğun olaraq müəyyənləşdirdiyi prinsiplər əsasında Vaşinqton sazişi reallaşmışdır. Həmin baza prinsipləri bir-birinin daxili işlərinə qarışmamağı, kommunikasiyaların açılmasını, bir-birinə qarşı təxribatçı fəaliyyət göstərməməyi, üçüncü qüvvələrin öz ərazisindən (yəni Azərbaycan və Ermənistanın) digərinə qarşı istifadə etməyə imkan verməməyi, sərhəd toxunulmazlığını təmin etməyi əhatə edir. Bu şərtlər BMT Nizamnaməsində xüsusi maddələrlə təsbit edilmişdir. Deməli, nə qədər müxtəlif tərəflərə çəkməyə çalışsalar da, sonunda dünyanın ən qüdrətli dövlətinin paytaxtında Azərbaycanın təklif etdiyi sülh modelinin baza prinsipləri qəbul edilmişdir.
Digər nümunə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidentinin atdığı addımlardır. Bu məsələdə də başlanğıcda çox əngəllər törətməyə çalışdılar. Hətta bir müddət, ümumiyyətlə, Zəngəzurun siyasi gündəmdən çıxdığından bəhs etdilər. Lakin yenə də Azərbaycan tərəfinin Konstitusiyaya və beynəlxalq hüquqa söykənən mövqeyi qalib gəldi. İndi dünya Zəngəzur Dəhlizini necə reallaşdırmağı müzakirə edir. Yəni onun həyata keçməsinə şübhə yeri qalmamışdır.
Bütün bunlar Azərbaycanda xalq suverenliyinin uğurla dövlət suverenliyinə proyeksiya olunduğunun əyani sübutlarıdır. Əslində, Prezident İlham Əliyevin Andiçmə mərasimlərində bu istiqamətdə çox gözəl fikirlər ifadə etmişdir. 2024-cü il fevralın 14-də olan Andiçmə mərasimində söylədiyi nitqindən bir fikrə baxaq.
Prezident İlham Əliyev demişdir: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Fikirlərinə davam edərək dövlət başçısı xatırlatmışdır ki, 2003-cü ildə “əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam”.
Və, nəhayət, İlham Əliyev fikirlərini ümumiləşdirir: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.
Bu fikirlər onu göstərir ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyəti müddətində birmənalı olaraq xalqın suverenliyinə əsaslanmaqdadır və həmin baza üzərində dövlət suverenliyini təmin etməyi başlıca məqsədi hesab etməkdədir. Məhz buna görədir ki, Azərbaycan Prezidenti 2023-cü ilin sentyabrında Azərbaycanın tam suverenliyinin təmin edilməsinə nail olmağı tarixi uğur kimi qiymətləndirmişdir.
Bunlardan təbii bir maraq meydana gəlir: bəs dövlət suverenliyi nə deməkdir? Onun fəlsəfi-politoloji anlamı haqqında yığcam nə demək olar?
Dövlət suverenliyi
Dövlət suverenliyi fəlsəfi və politoloji ədəbiyyatda müstəqil dövlətin atributu, yəni ayrılmaz xüsusiyyəti kimi təqdim edilir. Bu anlamda dövlət suverenliyi ölkə daxilində ali hakimiyyəti və siyasi-hüquqi müstəqilliyi ifadə edir (daxili suverenlik). Eyni zamanda, dövlət suverenliyi beynəlxalq arenada xarici qüvvələrdən və başqa dövlətlərdən tam müstəqil olmağı nəzərdə tutur (xarici suverenlik).
Müasir ədəbiyyatda dövlət suverenliyi hər bir müstəqil dövlətin müstəsna hüququ kimi qəbul edilir. Yəni dövlət öz ərazisində hökmranlığını təmin etməkdə müstəsna hüquqa və haqqa malikdir. Bununla yanaşı, daxili və xarici məsələlərlə bağlı müstəqil qərarlar qəbul etməkdə də müstəsna hüquqa malikdir.
Belə görünür ki, dövlət suverenliyi daxili miqyasda hakimiyyətin ərazisi üzərində tam hökmlü olmasını mütləq surətdə nəzərdə tutur. Xarici miqyasda da kimsənin dövlətin qərarlarına qarışmağa hüququnun olmadığını ifadə edir.
Əlbəttə, bunlar nəzəriyyədə gözəl səslənir. Lakin məsələ ondan ibarətdir ki, heç də hər bir müstəqil sayılan dövlət suverenliyini tam təmin edə bilmir. Bu prizmada yuxarıda vurğuladığımız ümumi müddəalar fonunda 1993-cü ilin iyunundan Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinə baxsaq, bir sıra xarici qüvvələrlə mübarizədən ana xətt olaraq məhz dövlət suverenliyinin təmin edilməsinin keçdiyini görərik. Heydər Əliyevin prezidentliyi dövründə iki dəfə dövlət çevrilişinə cəhd oldu və hər ikisinin qarşısını Ulu öndərin siyasi qətiyyəti aldı.
Bunun fonunda Ümummilli liderin “Əsrin müqaviləsi”ni imzalaya bilməsi dövlət suverenliyinin təmin edilməsi baxımından möhtəşəm tarixi, siyasi, energetik və geosiyasi hadisədir. Sonra, bütün maneələrə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan neft ixrac marşrutunun işə salınması xüsusi qeyd edilməlidir. Bu kimi proseslər bütövlükdə Azərbaycanın yeni enerji strategiyası siyasəti çərçivəsində getmişdir ki, bu da dövlət suverenliyinin dəqiq düşünülmüş və müəyyən edilmiş xətt üzrə təmin edilməsi kursunun hazırlandığından xəbər verir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru