Azərbaycanın dövlət suverenliyi: Tarixi sınaqlar və milli iradənin təntənəsi

post-img

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. 1991-ci ildə ölkəmiz dövlət müstəqilliyini rəsmən elan etsə də, qarşıya çıxan çətinliklər bu yolun asan olmayacağını göstərdi.

Müstəqilliyin ilk dövrlərində şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində ölkəmiz qarşısında ciddi təhlükələr yarandı. Bu dövrdə BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdi. 

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi əksini tapdı:

“Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ölkəmizin suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdi. Ancaq buna baxmayaraq, işğal altında olan ərazilərimiz bütün dövr ərzində Azərbaycanın ayrılmaz hissəsi kimi beynəlxalq aləmdə tanıdıldı. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi”.

Vətən müharibəsi və tarixi Zəfər

Deputat bildirib ki, nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Vətən müharibəsində BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququndan istifadə edərək tarixi ədaləti bərpa etdi:

“Ordumuzun hər bir əsgəri və zabiti Vətən uğrunda canlarını fəda etməyə hazır olduğunu dünyaya göstərdi. Bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını özü öz gücünə təmin etdi. Bizim tarixi Zəfərimiz yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli iradəmizin və dövlətçiliyimizin təntənəsi idi”. 

Antiterror tədbiri və suverenliyin tam bərpası

S.Salmanova qeyd edib ki, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat bölgədə yeni mərhələ açdı: 

“Ermənistan kapitulyasiya aktına imza atdı, amma praktiki olaraq bəyanatın bütün müddəaları yerinə yetirilmədi. Qarabağda hələ də Ermənistan ordusunun tör-töküntüləri mövcud idi. Onların fəaliyyəti bir tərəfdən bölgədə yaşayan əhali üçün təhlükə yaradırdı, digər tərəfdən isə Azərbaycanın dövlətçiliyinə açıq hörmətsizlik idi. Xüsusilə mina terroru hər gün həyatımıza acı xəbər gətirirdi. Onlarla hərbçi və mülki şəxs bu minaların qurbanına çevrilirdi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində bir neçə hərbçimizin həlak olması isə bardağı daşıran son damla oldu. Bu hadisədən dərhal sonra Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın ən böyük xüsusiyyəti onun məqsədli və məhdud xarakter daşıması idi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin də göstəricisi idi”.

Parlamentari vurğulayıb ki, 24 saata yaxın davam edən tədbir Azərbaycanın hərbi gücünün növbəti göstəricisi oldu:

“Dəqiq və hədəfli zərbələr nəticəsində Ermənistan ordusunun qalıqları zərərsizləşdirildi, mühüm hərbi obyektlər sıradan çıxarıldı. Tədbirin  ən mühüm məqamlarından biri isə mülki əhalinin qorunması idi. Azərbaycan Ordusu bu məsələyə xüsusi həssaslıqla yanaşdı. Humanitar dəhlizlər açıldı, mülki şəxslərə yardım göstərildi, onların təhlükəsizliyi təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda dövlət bayrağımız artıq əbədi dalğalanır. Bu sözlər hər birimimizdə böyük qürur hissi yaratdı”.

S.Salmanova qeyd edib ki, 2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş antiterror tədbiri Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı: 

“Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Ən əsası, Azərbaycan dünyaya göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir. Bu siyasi iradənin əsas müəllifi isə dövlətimizin başçısı cənab İlham Əliyevdir”.

Xalqın iradəsi və dövlətin möhkəmliyi

S.Salmanova söyləyib ki, müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil:

“Bu, həm də xalqın milli kimliyini, mədəni və tarixi varlığını qoruyan dəyərlərdir. Dövlətinə sadiqlik, milli birliyin qorunması və ölkə maraqlarının müdafiəsi hər zaman ən yüksək dəyərlərdir. Bu baxımdan, Dövlət Suverenliyi Günü ölkəmizdə müasir tariximizin ən mühüm dönüş nöqtələrindən biri olaraq qeyd olunur. Cənab Prezident tərəfindən 2025-ci ilin də “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçiliyimizin möhkəmlənməsinə verilən xüsusi önəmin bariz göstəricisidir”. 

 

 

 

 

Siyasət