Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün

post-img

Son 15 gündə Prezident İlham Əliyevin iştirakçısı və bir çox hallarda yönvericisi olduğu 4 Zirvə Görüşü ilə bağlı ilkin dəyərləndirmələr olsa da, bu qısa zaman kəsiyi özündə ehtiva etdiyi dipolmatik nüfuz, ölkəyə göstərilən etimad və şəxsiyyətin rolu baxımından hələ çox araşdırılacaq. Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası,  Danimarkada Avropa Siyasi Birliyinin Sammiti, Qəbələdə TDT Zirvəsi, Misirdə Yaxın Şərq Sülh Sammiti. 

Bu görüşlərin hər biri müzakirə olunan mövzuların əhəmiyyəti, iştirakçıların siyasi çəkisi və  nüfuzu, qəbul edilən qərarların sanbalına görə beynəlxalq siyasətin qızıl səhifələrinə düşməyə layiqdir. Bunların arasında oktyabrın 13-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirədə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakına ayrıca diqqət ayırmaq lazımdır. Bu görüşdə Donald Trampın İlham Əliyevin şəxsinə göstərdiyi diqqət və iltifat Azərbaycanın artıq qlobal çəkili aktora çevrildiyinin göstəricisidir. Qahirənin ən möhtəşəm sarayında dünyanın seyr etdiyi mənzərə Azərbaycan Prezidentinə olan dərin hörmətdən, onun sülh carçısı missiyasına güvəncdən, ölkəmizin qlobal proseslərdə getdikcə artan rolundan və onun yüksək imicindən xəbər verirdi. Bu imic İlham Əliyevin uzun illər ardıcıl şəkildə formalaşdırdığı müstəqil qərarvermə mədəniyyətinə, sabit xarici siyasətinə, zərgər dəqiqliyi ilə nəticəyə hesablanmış diplomatik davranışına söykənir.                      

Etiraf etmək lazımdır ki, qlobal qeyri-müəyyənliklər, siyasi qütbləşmə və regional qarşıdurmalar fonunda çox az dövlətlər var ki, eyni anda fərqli güc mərkəzləri tərəfindən qəbul edilir, vasitəçi kimi etibar qazanır. Azərbaycan bu baxımdan istisna nümunədir. Məhz bu müsbət imici ölkəmizə, eyni zamanda, Vaşinqton, Moskva, Ər-Riyad, Qahirə və Pekin kimi paytaxtlarla bərabər səviyyədə dialoq qurmaq fürsəti verir. 

Azərbaycana göstərilən etimadın əsas dayağı sülh diplomatiyasının praktik nəticələridir. 2020-ci ilin payızında torpaqlarını işğalda azad edən Azərbaycan regionda yeni siyasi reallıq yaratmaqla yanaşı, bu reallığı sülh dili ilə davam etdirir. Prezident İlham Əliyevin postmünaqişə dövründə apardığı siyasət praqmatik addımlar üzərində quruldu: bərpa, inteqrasiya, qarşılıqlı asılılıq. Belə bir yanaşma beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və qəbul edildi. ABŞ Prezidenti Donald Trampın Qahirə Sammitində söylədiyi “Mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Onlar 31 il vuruşdular, indi dostdurlar” sözləri, əslində, İlham Əliyevin yaratdığı yeni reallığın etirafı sayıla bilər. Bəli, Azərbaycan bu gün sülhün və sabitliyin daşıyıcısı kimi qəbul olunur. Həm Yaxın Şərqdə, həm Qlobal Cənubda, eləcə də Afrikada onun etibarlı vasitəçi obrazı gücə əsaslanmayan, amma gücləri bir masaya gətirə bilən diplomatiyanın məhsuludur. Bakı bu gün silah dilindən yox, etimad dilindən istifadə edir. Məhz bu amilə görə ərəb ölkələri, Avropa İttifaqı, Çin, ABŞ üçün Azərbaycan qlobal sabitlik lövhəsində balans elementinə çevrilib.

***

İlham Əliyevin diplomatiyasında diqqəti cəlb edən maraqlı detal son illər çoxlaylı koordinasiya sistemi üzərində işləməsidir. Dövlətimizn başçısı bir tərəfdən Rusiya ilə regiondakı tarixi və strateji balansı qoruyur, digər tərəfdən Qərblə enerji və iqtisadi inteqrasiyanı genişləndirir, eyni zamanda İslam dünyası ilə siyasi həmrəyliyi və mənəvi yaxınlığı saxlayır. Bunların üzərinə Yaxın Şərq xəttini gəlsək, bu dörd istiqamətin paralel şəkildə işləməsi Azərbaycanı dünyanın kəsişmə nöqtəsinə çevirdiyini  söyləyə bilərik. Burada nə ziddiyyət, nə də qarşıdurma var, əksinə, maraqların uzlaşdırıldığı unikal diplomatik coğrafiya var.

Bu baxımdan Makronla görüş xüsusi simvolizmə malikdir. Parisin son illər Cənubi Qafqaz siyasətində birtərəfli yanaşması fonunda İlham Əliyevin Fransa lideri ilə üz-üzə dialoqa getməsi, əslində, Bakının rasional maraqlarla hərəkət etdiyini göstərdi. Azərbaycan Fransa ilə münasibətləri bərabərhüquqlu və məsuliyyətli tərəfdaşlıq səviyyəsində saxlamağa çalışlır. Bu, İlham Əliyevin diplomatik üslubunda incə ştrixlərlə ifadə olunur: tənqidə cavab diplomatiya ilə verilir, təkzib diplomatik nəticə ilə. Emmanuel Makronla təmas, əslində, Avropaya ötürülən siqnal idi: Bakı münasibətlərin bərabər tərəfdaşlıq əsasında yenidən qurulmasını istəyir.

Aİ liderləri ilə görüşlər isə daha geniş çərçivədə Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki əvəzolunmaz rolunu təsdiqləyib. Brüssel etiraf edir ki, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyində Bakı artıq strateji təminatçıdır. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars xətti, “yaşıl enerji dəhlizi” kimi layihələr Azərbaycanı Avropanın enerji arxitekturasının mərkəzinə gətirib.

Azərbaycanın Yaxın Şərqdə artan rolu isə təkcə diplomatik fəallıqla deyil, həm də etimad iqtisadiyyatı üzərində qurulub. Regionda bir çox güc mərkəzləri bir-birinə qarşı şübhə ilə yanaşdığı halda, Azərbaycan Şərq, həm də Qərb tərəfindən eyni səviyyədə qəbul olunur. Bu eimadın sirri Azərbaycanın ideoloji neytrallığında və diplomatik sabitliyində gizlənir. Rəsmi Bakı öz mövqeyini heç vaxt “blok diplomatiyası” üzərində qurmayıb. Bakı heç vaxt “İslam kartı”ndan istifadə etməyib, amma İslam dünyasında hörmət qazanıb. “Qərb kartı” ilə oynamayıb, amma Qərblə strateji tərəfdaşlığa nail olub. Bəli, Azərbaycan regionda nadir fenomen yaradır: o, fərqli dini, siyasi və iqtisadi kimliklər arasında təmas nöqtəsi rolunu oynayır. Burada əsas prinsip aydındır – Bakı öz davranış ardıcıllığını ixrac edir və bu ardıcıllıq sabitlik üzərində qurulub.

Qlobal təhdidlərlə üzləşən müasir dünyamızda etimad qıtlığı dərinləşdiyi bir vaxtda Azərbaycan etimad ixrac edən nadir ölkələrdən birinə çevrilib. Prezident İlham Əliyevin diplomatik fəlsəfəsi bu etimadı həm Qərb, həm də Şərq meridianında eyni anda möhkəmləndirə bilib. Məhz bu, XXI əsrin çoxqütblü dünyasında balans üzərində qurulmuş müstəqil liderlik modelidir.

Bunu tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan dünyanın dəyişən güc arxitekturasında “mərkəz oyunçu” rolunda çıxış edir. Bakı cəmi 15 gün ərzində sərgilədiyi mövqeyi ilə çağdaş siyasətin sərt məntiqi, diplomatiyanın praqmatik və soyuq hesabı, eləcə də etimadın humanitar dəyəri ilə bütün qlobal oyunçuları eyni məxrəcə gətirməyi bacardı. Bu gün beynəlxalq münasibətlərdə axtarılan ən optimal model məhz budur – müharibə olmadan güc, tərəfkeşlik etmədən təsir, qarşıdurma yaratmadan balans yaratmaq.

Dünyaya belə bir modeli XXI əsrdə özünün Qızıl Dövrünü yaşayan Azərbaycan diplomatiyası tədqim edir.

İmran BƏDİRXANLI
XQ

Siyasət