Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən oktyabrın 25-də Ankarada Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımla görüşüb.
TÜRKPA-dan XQ-yə verilən məlumata görə, Ağsaqqallar Şurasının sədri Baş katibi vəzifə səlahiyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ramil Həsən Assambleyanın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb və Binəli Yıldırıma TÜRKPA-nın parlament dialoqunun dərinləşdirilməsinə və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək fəaliyyəti ilə bağlı məlumat verib.
Baş katib bu cür fəaliyyətlərin Qazaxıstanın hazırkı sədrliyi dövründə uğurla davam etdirildiyini və həyata keçirildiyini qeyd edib.
Binəli Yıldırım türk birliyinə dair idealların irəliləməsinə sadiqliyini bir daha təsdiqləyib və TÜRKPA çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələr, həmçinin qardaşlıq münasibətlərinin davamlı şəkildə genişləndirilməsi və türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi məsələlərini də əhatə edib.
Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.



