Avropa Şurasında tərs prizma görüntüsü

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Monoetnik Ermənistan hansı əsasla “tolerantlıq nümunəsi” sayılır?

Avropa Şurasının “İrqçilik və Dözümsüzlüyə Qarşı Komissiya”sı (ECRI) oktyabrın 29-da yeni hesabatını açıqlayıb. Sənəddə Cənubi Qafqaz ölkələrininin “tolerantlıq” kontekstində dəyərləndirilməsi əks olunub. Məğzi budur ki, “Ermənistan və Gürcüstan irqçilik və dözümsüzlüyə qarşı mübarizə istiqamətində irəliləyiş əldə edib, Azərbaycan isə geri qalır”. Hesabatın yekununda Ermənistanla Gürcüstanın əlahiddə müqayisəsi aparılıb və Ermənistanın adı önə çəkilib. Yəni Komissiyanın məntiqinə görə, “Ermənistan Cənubi Qafqazın ən tolerant ölkəsidir”.

Avropa Şurasının davranışlarında ikili standartlar, qərəzli yanaşmalar həmişə olub. Amma əvvəlki illərdə bu eybi gizlətməyə, gerçək niyyəti pərdələməyə cəhd ediblər. İndi isə “həya pərdəsi” qaldırılıb, çılpaq bir davranışla məntiqin üzərinə gediblər.

Monoetnik dövlət “tolerantlıq nümunəsi” ola bilərmi?

Rəsmi statistikaya əsasən, Ermənistan əhalisinin 98,2 faizi etnik ermənilərdən ibarətdir. Cəmi 1,8 faizini isə yezidi kürdlər və digər kiçik qruplar təşkil edir. Ərazisində əvvəllər yaşamış azərbaycanlı, rus, yunan, ukraynalı və digər xalqlar ya tamamilə qovulub çıxarılıb, ya da çox az sayda qalıb. Müqayisə üçün qeyd edək ki, vikipediya məlumatlarına əsasən, Gürcüstan əhalisinin 13 faizi, Azərbaycan əhalisinin isə 8,4 faizi etnik azlıqlardan ibarətdir. Bu göstəricilər Ermənistanın Cənubi Qafqazın ən monoetnik dövləti olduğunu sübut edir. Bir ölkədə etnik və dini azlıqlar mövcud deyilsə, orada hansı “dözümlülük”dən danışmaq olar? ECRI-nin hesabatında isə məhz bu ölkə “regionun tolerantlıq sahəsində irəliləyiş əldə etmiş dövləti” kimi təqdim olunur.

Unudulan deportasiya: 250 min azərbaycanlının qovulması

Ermənistanın monoetnik strukturunun yaranması təbii prosesin nəticəsi deyil. 1918-1920-ci illər, 1948-1951-ci illər deportasiyasını misal çəkmirik. Çünki onlar Avropa Şurasının yaranışından öncəki tarixdir. Amma 1988–1991-ci illərin soyqırımı, zorakı deportasiyası Avropa Şurasının gözü qarşısında baş verib. 1988–1991-ci illərdə Ermənistan ərazisində yaşayan 250 mindən çox etnik azərbaycanlı zorla köçürülüb, kəndlər yandırılıb, insanlar qətlə yetirilib. Bu deportasiya dalğası nəticəsində azərbaycanlılar tamamilə ölkədən çıxarılıb. Əgər həmin etnik təmizləmə baş verməsəydi, bu gün Ermənistan əhalisinin ən azı 10 faizi azərbaycanlılar olardı.

Bu fakt Avropa Şurasının “dözümlülük qiymətləndirməsi”ni tamamilə alt-üst edir. Çünki ECRI-nin “irəliləyiş əldə edib” dediyi dövlət, əslində, monoetnikliyi zorakılıq və deportasiya ilə əldə etmiş ölkədir. Öz ərazisindəki azlıqları köçürüb qovmaqla, onları fiziki baxımdan aradan qaldırmaqla dözümlü sayılmaq olmaz.

ECRI-nin məntiqdən uzaq metodologiyası

Bəs Avropa Şurası öz hesabatını hansı metodologiya əsasında aparıb? Ermənistanı hansı düstur əsasında “tolerantlıq örnəyi”nə çevirib?

ECRI-nin açıqladığı sənəddə qeyd olunur ki, Ermənistan “qarabağlı qaçqınların inteqrasiyası və tolerantlığın təşviqi istiqamətində” ciddi addımlar atıb. Bu istiqamətdə AŞ-nin tövsiyələrini “qismən yerinə yetirilib”.

Çox aydın şəkildə görünür ki, bu qiymətləndirmənin arxasında siyasi seleksiya dayanır. ECRI Ermənistanın etnik homogenliyini və azlıqların faktiki yoxluğunu problem kimi qeyd etmir. Nəzərə almır ki, əgər bir ölkədə etnik azlıq qalmayıbsa, orada diskriminasiyanın ölçülməsi də mümkünsüzdür.

Digər tərəfdən, Azərbaycan 30 il ərzində öz ərazisində bir molyon nəfərə yaxın qaçqın və məcburi köçkünü bəsləyib. Onların bütün qayğılarını həll edib, real həyata adaptasiya olunmalarına çalışıb. 30 il müddətində Avropa Şurası nə üçün bircə dəfə bu faktı nəzərə almayıb, Azərbaycanı qaçqınlar və məcburi köçkünlər üçün normal şərait yaratdığına görə yüksək formada dəyərləndirməyib?

Azərbaycan multikultural dəyərlərin real nümunəsidir

Azərbaycan regionda milli və dini tolerantlığın ən sistemli şəkildə təmin olunduğu ölkədir.

Burada ləzgilər, talışlar, avarlar, yəhudilər, ruslar, gürcülər, ukraynalılar, tatarlar, udinlər və digər onlarca milli mədəni qruplar yüzilliklər boyunca dinc şəraitdə yaşayıblar və yaşayırlar. Sinqoqlar, pravoslav və katolik kilsələri, alban məbədləri, məscidlər və ziyarətgahlar bir-birinin yanında mövcuddurlar. Hazırda ölkədə Multikulturalizm Mərkəzinin, Azərbaycan Xalqları Assambleyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət göstərməsi deməyə əsas verir ki, burada milli-dini tolerantlıq həm xalqın mənəvi dəyəri, həm də Azərbaycan dövlətinin rəsmi siyasətidir.

Avropa Şurası daxil olmaqla, bəzi Qərb institutları Cənubi Qafqazda insan haqları məsələsinə yanaşmada siyasi konyuktura nümayiş etdirirlər. Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursu çox zaman bu təşkilatların “sabit maraqları” ilə uzlaşmır. Ermənistan isə Qərb siyasi platformaları yönündə pafoslu fikirlər səsləndirdiyi üçün onun barəsində yumşaldılmış tənqidə üstünlük verilir. Bu tendensiya Avropa Şurasının missiyasına, məramnamə və nizamnaməsinə ziddir. Əgər insan hüquqları siyasi münasibətlərin təsiri altında ölçülürsə, bu artıq hüquq deyil, siyasətdir. Əgər Avropa Şurası doğrudan da irqçilik və dözümsüzlüyə qarşı obyektiv mübarizə aparmaq istəyirsə, onda ilk növbədə Ermənistanda baş vermiş etnik təmizləmələrə, azərbaycanlıların deportasiyasına və bu gün davam edən monoetnik siyasətə qiymət verməlidir.

 



Siyasət