Baş prokurorluqdan XQ-yə verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.
Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Diğər məlumatda isə bildirilir ki, ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək.
“Ekstradisiya haqqında Avropa Konvensiyası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Babayev Səbutər Adil oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı Səbutər Babayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onun həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyən olunub.
Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraq gizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində Səbutər Babayev Türkiyə Respublikasının ərazisində saxlanılıb.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.
N.Adilqızı
XQ

