II MƏQALƏ
Qələbədən sonrakı seçim
Liderin hərb meydanında qələbədən sonra hansı siyasi kursu seçməsi dünya tarixində həmişə prinsipial an olmuşdur. Əsrlərin təcrübəsi göstərir ki, faktiki olaraq dövlətin və ölkənin taleyi qalib liderin seçimindən birbaşa asılıdır. Məsələ hətta müharibədən sonra dağıntıları aradan qaldırmaq və geniş quruculuq işlərini aparmaqla bağlı deyildir. Əsas məsələ liderin hansı strateji mahiyyətli paradiqmaya üstünlük verməsi ilə bağlıdır. Fəlsəfə və politologiyanın, sosiologiya, kulturologiya və psixologiyanın dərin biliciləri liderin qələbədən sonrakı seçiminin dövlət üçün həlledici dönüş nöqtəsi olduğuna əminlik ifadə etmişlər.
Bu seçim zamanı başlıca psixoloji məqam liderin qalibiyyəti hərb, yaxud sülh yolu ilə davam etmk niyyətinə düşməsi ilə bağlıdır. Ayrıca, sülh yolunu seçməyin böyük məsuliyyət olduğunu dərk etmək gərəkdir. 5-ci Qələbə Paradında izlədiyimiz hərbi-texniki nailiyyətlərlə yanaşı, tədbirin “ruhani dinamikası” bu baxımdan fövqəl vacib məqamdır. Fikrin aydınlaşması üçün Prezident İlham Əliyevin nitqindən iki fraqmentin mənaca müqayisələrinə baxaq.
Təcavüzkarların niyyəti
Prezident İlham Əliyev nitqi zamanı belə bir fikir söyləmişdir: “Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi”.
Bu cümlələrin fəlsəfəsinin çox güclü tərəfi, ümumiyyətlə, “Ermənistan məsələsi”nin mahiyyətinin yığcam açılması ilə bağlıdır. İlham Əliyev Azərbaycana dost olmaq istəməyən dairələrin düşüncədəki niyyətlərinin şər qüvvəyə dəstəyinin daxili semantik xüsusiyyətlərə proyeksiya etmələrini (erməni təcavüzkarlarla həmrəyliyin psixoloji artefaktdan intellekt faktına keçid) və onu feili dəstəkdə məqsəd səviyyəsinə yüksəltmələrini (Azərbaycandan əzəli Qarabağ torpağının qoparılması) son məqsədləri kontekstində dəqiq ifadə etmişdir. Son məqsəd artıq siyasi və geosiyasi müstəvidə reallaşmalı olan konkret “təcavüzkar prosesdir” - qonşu dövlətin əzəli torpağını qondarma Ermənistana birləşdirmək!
Bu üç aspektin sinxron olaraq həyata keçməsi üçün qarşı tərəfin hansı mexanizmləri işə saldığını da dövlət başçısı dəqiq göstərmişdir: bəzi dövlətlər erməni təcavüzkarlığına siyasi, iqtisadi və hərbi dəstək göstərmişlər.
Cəmi iki cümlədə dərin məna yükünün olması, əlbəttə, məharətli diplomatik nitq mədəniyyəti tələb edir.
Qalib tərəfin siyasəti və mənəviyyatı
Bu fikirlərin fonunda Azərbaycan liderinin Bakının seçimi ilə bağlı ifadə etdikləri son dərəcə maraqlıdır. İlham Əliyev fikirlərinə davam edərək nitqində vurğulamışdır: “Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı”.
Bu fikirlərin semantikası tərkibində “ikinci qat” beynəlxalq münasibətlər səviyyəsinə aiddir. Dövət başçısı fikirlərinə davam edir: “Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi”.
Diqqət edək: birinci qism fikirlərdə Azərbaycan Prezidenti qarşıya qoyduğu məqsədi açıq ifdə edir: torpaqlar azad olmalıdır (Ulu öndərin müəyyən etdiyi milli ideyanın başlıca mənası). Buna nail olmağın hüquqi və siyasi əsasının yaradılması isə daxili güclənmə ilə yanaşı, mütləq surətdə beynəlxalq miqyasda müsbət nəticə verən fəaliyyət sistemi ilə bağlıdır. Və bu məqamdan sonuncu “semantik qata” çox maraqlı keçid vardır. İlham Əliyev özünəxas diplomatik konseptual manevrlə fikrini yekunlaşdırır. Ölkə rəhbəri ifadə edir: “Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”.
Müstəqillik fəlsəfəsindən bir “yarpaq”
İlk və səthi baxışdan Prezidentin beynəlxalq münasibətlər səviyyəsindən niyə daxili iqtisadi güc faktoruna keçməsinin məntiqi və məqsədi dərk edilməyə bilər. Ancaq diqqətlə həmin keçidin daxili məntiqi xüsusiyyətinə baxanda tamamilə başqa mənzərə yaranır. Aydın olur ki, Azərbaycan lideri müstəqil siyasət yeritmənin əsas dayaq faktorunu ifadə etmişdir. Çünki istənilən dövlət lazımi səviyyədə iqtisadi gücə malik olmasa, həmin gücü müstəqil təmin etməyin qalıcı mexanizmlərini müəyyən etməsə, real müstəqil siyasət yeridə bilməz. Və deməli, həqiqi suveren ola bilməz, o cümlədən ərazi bütövlüyünü bərpa etməsinin gerçək hüquqi və siyasi təməlini hazırlaya bilməz!
Bunlar məntiqi aspektdə irəli sürülən tezislərin nəzəri əsaslandırmalarıdırsa, postmüharibə mərhələsində siyasi kursun fəlsəfəsi baxımından dəqiq sistemləşdirilmiş xəttin bir fraqmentidir. Həmin fraqment “müstəqil dövlət” anlayışının bütövlükdə açılışına aiddir.
Paradın siyasi dalğası
Yuxarıda ifadə edilən tezislərin işığında Qələbənin 5-ci ildönümünə həsr olunmuş paradın hərbi ilə yanaşı, siyasi gücü haqqında fikir yürütmək mümkündür. Ancaq həmin siyasi gücü bütövlükdə son 5 ildə dövlət başçısının həyata keçirdiyi siyasi kursun başlıca müddəaları fonunda adekvat anlamı əsasında dərk etmək olar. Bu məqamın izahı yuxarıda Prezidentin nitqində yer almış iki tezisin müqayisəsi sayəsində maraqlıdır.
Birincisi, Azərbaycan 30 ildən çox müddətdə daim Ermənistanın havadarlarının müxtəlif qərəzli və hiyləgər planları, rəsmi İrəvanın bundan ruhlanaraq heç bir beynəlxalq hüquq normalarına əməl etməməsi ilə mübarizə aparmışdır. Ermənistanın təcavüzkarlığının bu aspekti Azərbaycanın xarici siyasəti vasitəsi ilə neytrallaşdırılmışdır. Bununla da Azərbaycan II Qarabağ müharibəsində belə qərəz, böhtan və təcavüzlə üz-üzə olmuşdur.
Postmüharibə mərhələsində əks tərəf bu mövqeyindən əl çəkməmişdir. Yəni hərb meydanındakı məğlubiyyətdən rəsmi İrəvan və havadarları yenə də savaş strategiyasını seçmişlər. Bu, məğlub tərəfin müharibə paradiqması “quyusu”ndan çıxa bilməməsinin konkret ifadəsidir.
İkincisi, rəqibin yenə müharibə psixologiyası ilə yaşamasına Azərbaycan dövləti emosional reaksiya verməmişdir. Prezident İlham Əliyevin fikirləri göstərir ki, rəsmi Bakı yenə də təcavüzkarı sülh naminə cilovlamağa üstünlük vermişdir. Buna görə də postmüharibə mərhələsində həm müdafiə qüdrətini, həm də xarici siyasətin prioritetlərini kimlərə qarşısa aqressiya üçün deyil, sülhü təmin etmək üçün səfərbər etmişdir. Paradda nümayiş etdirilən ən yeni hərbi texnika və güclü ordu nizamı məhz bunun siyasi əlamətidir. Hərbi gücdən siyasi gücə keçiddə sülhün başlıca yer tutmasının Azərbaycan nümunəsidir.
Parad göstərdi ki, Azərbaycan 5 illik postmüharibə mərhələsində ciddiyyət və dəqiqliklə hərbi potensialın artırılmasını regional miqyasda sülhün təmini istiqamətində qiymətləndirmiş və heç bir dövlətə qarşı aqressiya formalaşdırmamışdır. Əksinə, böyük hərbi güc nümayiş etdirməklə regionda kimsənin sabitliyi və əməkdaşlıq tendensiyasını poza bilməyəcəyinin işarəsini vermişdir. Azərbaycanın paraddakı hərbi potensialının möhtəşəmliyi məhz regionda sülh naminə müstəqil dövlətin atdığı addımların əyani təsdiqidir!
Eyni zamanda, parad iki mühüm istiqamətdə dünyaya rəsmi Bakının mesajını vermişdir.
Xalqın liderə möhtəşəm dəstəyi
Parada on minlərlə vətəndaşın axın etməsi və hərbi texnikaları maraqla izləmələri çox məqamdan xəbər verir. Xarici KİV bu cəhətə ayrıca diqqət yetirmişdir. Onlar bu marağı bütövlükdə Azərbaycan xalqının dövlət başçısının siyasətinə dəstəyi kimi qiymətləndirirlər. Bu anlamda parad bir daha “dəmir yumruğun” qaldığını göstərmişdir. Cəmiyyət ordusunu çox sevir və onun qüdrətinə bələddir. Xalqın orduya inamının yüksək səviyyədə olması ciddi siyasi mesajdır. Buna görədir ki, dünyanın qüdrətli dövlətlərindən olan ABŞ prezidenti “Azərbaycan ordusu çox güclüdür” demişdir.
Bu ordu faktiki olaraq regionun ən güclüsüdür. Azərbaycan ordusu regional miqyasda qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən uğurla gələ bilər.
Bu gerçəklik regional geosiyasətə yeni istiqamət verir. Təhlükəsizliyin təminində yeni güc balansının meydana gəldiyini göstərir. Buradan tamamilə məntiqi bir nəticə çıxarmaq olar. Azərbaycan regional miqyasda geosiyasi arxitekturanın formalaşmasının aparıcı faktorudur. Bu da getdikcə tam aydın məzmun alacaq yeni geosiyasi konfiqurasiyanın meydana gəlməsi prosesinin növbəti mərhələyə qədəm qoyması deməkdir. Həmin kontekstdə ikinci mühüm istiqaməti vurğulamaq gərəkdir.
Müttəfiqlik fəlsəfəsinin “5-ci səhifəsi”
Qələbənin 5-ci ildönümünə həsr olunmuş paradın mühüm siyasi mesajlarından biri Azərbaycanın müttəfiqlikdə çox uğurlu bir mərhələyə gəldiyinin nümayişi oldu. Bu müttəfiqliyin təməli II Qarabağ müharibəsindən qoyulmuşdur. Həmin dövrdə Türkiyə və Pakistan Azərbaycana siyasi və mənəvi dəstək vermişdir. Keçən beş il müddətində dövlətlər arasında əlaqələr ciddi siyasi-hüquqi və geosiyasi forma almışdır. Azərbaycan öncə Türkiyə ilə Şuşa Bəyannaməsini imzalayaraq münasibətləri strateji müttəfiqlik səviyyəsində hüquqi təsbit etmişdir. 2025-ci ildə isə Laçında – Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqlik hüquqi təsbitini tapmışdır.
Bu baxımdan 2025-ci ilin may ayında Laçında keçirilən üçtərəfli görüş zamanı Türkiyə Prezidentinin ifadə etdiyi aşağıdakı fikirlər əlamətdardır. R.T.Ərdoğan demişdir: “Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik”.
Məntiqi olaraq belə alınır ki, 2025-ci ildə Bakıda keçirilən hərbi parad faktiki olaraq Vətən müharibəsindən başlayan müttəfiqlik fəlsəfəsinin “5-ci səhifəsi”ni yazmışdır! Bu “səhifədə” Azərbaycan Prezidentinin, dövlətinin, xalqının və ordusunun şanı-şöhrəti ayrıca yer tutur! Azərbaycanın Türkiyə və Pakistan kimi iki güclü qardaş dövlətlə müttəfiqliyi isə əbədidir! Sonrakı paradlarımız yeni-yeni zirvələrə, qardaşlığa, dostluğa və qələbələrə aparacaqdır!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

