“Qoca qitə”nin geosiyasi düzəninin yeni görüntüsü

post-img

FCAS Avropanın müdafiə arxitekturasını necə dəyişəcək?

Avropanın strateji avtonomiyası son illərin ən çox müzakirə olunan siyasi tezisinə çevrilib. Ukraynada davam edən müharibə, Şərqi Avropada qeyri-müəyyənlik, NATO daxilində siyasi və hərbi yükün bərabər bölüşdürülməsi ilə bağlı mübahisələr “qoca qitə”ni öz təhlükəsizlik çətirini yenidən qurmağa məcbur edir. Bu çərçivədə Fransa, Almaniya və İspaniyanın birgə həyata keçirdiyi “Gələcəyin Döyüş Aviasiya Sistemi” (FCAS) layihəsi qitənin müdafiə qabiliyyətinin yenidən formalaşdırılması baxımından həlledici addım kimi qiymətləndirilir.

Yada salaq ki, danışıqlar Fransada siyasi böhran səbəbindən bir müddət səngimişdi. Növbəti həftələrdə planlaşdırılan nazirlər səviyyəsində görüşlər üç ölkənin sənaye və siyasi fərqliliklərini aradan qaldırmaqla layihənin növbəti mərhələsinə keçidi təmin edəcək. Həmin mərhələdə “uçan nümayişçi” modelin hazırlanması nəzərdə tutulub ki, bu da layihənin real texnoloji test mərhələsinə qədəm qoyacağından xəbər verir. Görünür, Avropa İttifaqı müdafiə sahəsində qeyri-adekvat imkanlara malik olduğunun fərqinə varıb. Ümumiyyətlə, ABŞ-ın NATO çərçivəsində Avropanın təhlükəsizlik yükünü təkbaşına daşıması uzun müddət rahat geosiyasi şərait yaratmışdı. Lakin bu balansın uzunmüddətli olmayacağı əvvəldən məlum idi. Çünki Amerikanın geosiyasi diqqəti artıq Çin və Hind-Sakit okean regionuna yönəlib. Bu isə Avropanı məsuliyyəti öz üzərinə götürməyə vadar edir. Məhz bu çərçivədə FCAS irəliyə atılan ən vacib addımlardan biri hesab olunur. Layihə Avropanın müdafiə sənayesinin müxtəlif seqmentlərini vahid platforma ətrafında birləşdirməklə hərbi aviasiya sahəsində yeni nəsil texnologiyaların inkişafını hədəfləyir. Süni intellektlə idarə olunan “dron ordusu”, şəbəkə mərkəzli döyüş sistemləri, yüksək gizlənmə qabiliyyətli qırıcılar gələcək döyüş meydanının əsas elementləri hesab olunurlar.

İndiki məqamda Abbasqulu Ağa Bakıxanovun sözü ilə desək, “məsələlər məlum olmur, hər şeydə var bir əmma”. Elə FCAS-ın reallaşdırılması prosesində bir sıra əmmalar, daha dəqiq desək, fikir ayrılıqları mövcuddur. “Dassault Aviation” və “Airbus” konsorsiumu arasında liderlik mübarizəsi buna misaldır. Fransa təyyarənin əsas dizayn və idarəetmə hissələrinin nəzarətinin “Dassault Aviation”da qalmasını istəyir. Almaniya və İspaniya isə daha balanslı sənaye paylanmasının tərəfdarıdır. Hətta rəsmi Berlin son vaxtlar Fransanı layihənin texnoloji liderliyini ələ keçirməyə çalışmaqda ittiham edir. Bu mübahisə, əslində, Avropanın dərin sənaye reallıqlarının növbəti əyani göstəricisidir. Qitənin hərbi sənayesi uzun illərdir ki, parçalanmış şəkildə fəaliyyət göstərir. FCAS bu parçalanmanı aradan qaldırmaq məqsədi daşısa da, siyasi maraqlar və sənaye hegemonluğu iddiaları prosesin ləngiməsinə səbəb olur. Lakin bu ölkələrin hər biri anlayır ki, Avropa 2040-cı ildən sonra səmada özünümüdafiəyə tam şəkildə hazır olmalıdır. FCAS ətrafında gedən müzakirələr də Avropanın öz təhlükəsizliyini təmin etməkdə daha iddialı mövqeyə keçdiyini göstərir. Layihə hərbi aviasiyanın modernləşməsi ilə yanaşı, yeni geosiyasi arxitekturanın qurulmasına xidmət edir. Bununla qitə ilk dəfə olaraq qlobal təhlükəsizlik sistemində texnoloji və siyasi liderlik iddiası irəli sürür. Prosesin, eyni zamanda, Avropanın enerji, kibertəhlükəsizlik, sərhəd müdafiəsi və kosmik nəzarət sahələrində öz imkanlarını genişləndirməsi ilə paralel həyata keçirilməsi planlaşdırılıb. FCAS isə multidissiplinar müdafiə strategiyasının hava komponenti kimi Avropanın təhlükəsizlik çətirinin ən kritik sütunlarından biri olacaq.

Yeri gəlmişkən, Almaniyanın müdafiə naziri Boris Pistoriusun yaxın günlərdə Parisdə fransalı həmkarı Ketrin Votren ilə görüşü planlaşdırılır. Pistorius hələ ötən həftə jurnalistlərə bildirmişdi ki, üçtərəfli görüş üçün yeni tarix müəyyən edilməsə də, ilin sonuna qədər layihənin növbəti mərhələsi üzrə qərarın qəbulu mütləqdir. Nazir, eyni zamanda, məsələni fransalı həmkarı ilə müzakirə etdiyini və Votrenin layihəni davam etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. İspaniyanın müdafiə naziri Marqarita Robleslə keçirdiyi görüşdən danışan Votren, öz növbəsində, Fransanın hazırkı “Rafale” qırıcılarının 2040-cı ilə qədər əvəzlənməli olduğunu nəzərə alaraq layihənin irəli aparılmasının əhəmiyyətini vurğulayıb. Çünki həmin ildən etibarən qlobal güc balansının daha da dəyişəcəyi, Çin və ABŞ arasında hərbi texnologiya yarışının yeni səviyyəyə çatacağı gözlənilir. Belə olan halda, Avropa öz təhlükəsizlik boşluğunu doldurmasa, nə NATO-ya tam arxalana, nə də regional böhranlara müstəqil cavab verə biləcək.

Sonda qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen uzun illərdir Avropanın öz təhlükəsizlik sistemini gücləndirməsinin zəruri olduğunu deyirdi. O, həm Almaniyanın müdafiə naziri olduğu dövrdə, həm də Brüsseldəki fəaliyyəti boyu davamlı şəkildə bildirirdi ki, Avropa artıq sadəcə transatlantik təminata arxalanmaqla kifayətlənə bilməz. Onun “Avropa Qalxanı”, “Təhlükəsizlik Birliyi”, “Avropanın öz təhlükəsizlik çətiri” kimi tezisləri məhz bu ideyanın ətrafında formalaşmışdı. FCAS məhz bu strateji çərçivənin konkretləşmiş formasıdır. Çünki layihə həm də kontinentin təhlükəsizlik sistemini tamamilə yenidən qurmaq məqsədi daşıyır. Fon der Lyayen dəfələrlə vurğulamışdı ki, özünü müdafiə edə biləcək real hərbi gücə sahib olmadan siyasi suverenlikdən danışmaq mümkün deyil. Sözügedən yanaşma hazırda Fransa, Almaniya və İspaniyanın FCAS üzərində qarşılıqlı anlaşma axtarışları ilə tam üst-üstə düşür. FCAS layihəsinin yenidən aktivləşdirilməsi fon der Lyayenin Avropa üçün təsvir etdiyi “müstəqil müdafiə dayaqları” tezisinin vacib komponentinə çevrilir.

Yusif BAĞIRZADƏ,
politoloq

Fransa, Almaniya və İspaniya arasında “Gələcəyin Döyüş Hava Sistemləri” (FCAS) layihəsi üzrə danışıqların yenidən aktivləşməsi Avropanın müdafiə strategiyasının kritik mərhələlərindən birinə işarə edir. Çünki FCAS Avropanın hava döyüş doktrinasını, kəşfiyyat-idarəetmə sistemlərini, pilotsuz şəbəkələrin inteqrasiyasını və ən əsası, qitənin strateji müstəqillik ambisiyasını formalaşdıran konsepsiyadır. Bu baxımdan layihə ətrafında yaranan ziddiyyətlər bütövlükdə “qoca qitə”nin təhlükəsizlik arxitekturasının hansı dərəcədə həssas durumda olduğunu açıq şəkildə göstərir. FCAS-da əsas gərginlik Fransa ilə Almaniya arasında pay bölgüsü və liderlik məsələlərindən qaynaqlanır. Fransa layihədə müəyyənedici rol tələb edir və texnoloji üstünlüyünü qorumağa çalışır. Almaniya isə öz şirkətlərinin daha geniş pay almasını və qərarların kollektiv şəkildə qəbul edilməsini istəyir. İspaniya bu qarşıdurmada balanslaşdırıcı mövqe tutur, layihənin davam etdirilməsinin vacibliyini vurğulayır və Avropanın müdafiə sənayesində öz yerini möhkəmləndirməyə can atır. Bu fikir ayrılıqları Avropa müdafiəsinin fundamental struktur problemini, yəni vahid strateji qərar mexanizminin olmamasını açıq şəkildə üzə çıxarır. Danışıqlardakı ləngimələr, idarəetmə mübahisələri Avropanın təhlükəsizliyi üçün real risk yaradır. Ukrayna müharibəsi göstərdi ki, qitə uzunmüddətli münaqişə üçün nəzərdə tutulmuş hərbi və sənaye infrastrukturuna malik deyil. Müxtəlif ölkələrin paralel silah proqramlarına sərmayə qoyması və ortaq layihələrdə razılaşmaların çətinliyi qitənin müdafiə qabiliyyətini zəiflədir. ABŞ-ın getdikcə daha çox Asiya-Sakit okean regionuna fokuslanması da Avropanın öz təhlükəsizliyini təmin etmək üçün daha çox təşəbbüs göstərməsini zəruri edir. Bu şəraitdə FCAS kimi layihələrin dayanması və ya ləngiməsi Avropanın strateji müstəqillik ambisiyalarına ciddi zərbə olar. Odur ki, danışıqların bərpa edilməsi qitənin təhlükəsizlik risklərini dərk etdiyini və onları aradan qaldırmaq niyyətində olduğunu göstərir. Fransa və Almaniya başa düşür ki, FCAS-ın çökməsi Avropa müdafiə inteqrasiyasının sütunlarından birinin dağılmasına gətirib çıxara bilər. İspaniyanın aktiv iştirakı da Avropanın bu sahədə təşəbbüskarlığını qorumağa çalışdığını təsdiqləyir.

Nəticə olaraq deyə bilərik ki, FCAS ətrafında gedən proseslər Avropanın təhlükəsizliyinin həssas durumda olduğunu açıq şəkildə göstərsə də, müzakirələrin yenilənməsi və kompromis axtarışları qitənin öz təhlükəsizlik modelini gücləndirmək üçün iradə nümayiş etdirdiyini ortaya qoyur.

Nəzrin ELDARQIZI
XQ



Siyasət