Azərbaycan diasporu xalqımızın dünyada yüksələn səsidir

post-img

Uzun müddət diaspor anlayışı beynəlxalq münasibətlərdə əsasən mədəni təmsilçilik və identikliyin qorunması ilə məhdud çərçivədə dəyərləndirilirdi. Son illər, xüsusilə də postmünaqişə dövründə Azərbaycanın apardığı diaspor siyasəti bu ənənəvi yanaşmanı kökündən dəyişib. Artıq diaspor strateji aktora çevrilən siyasi resursdur. Transformasiyanın mərkəzində isə iki əsas xətt dayanır: Şuşa siyasi fəlsəfəsi və Türk Dövlətləri Təşkilatının institusional genişlənməsi.

Şuşada imzalanmış bəyannamə postmünaqişə dövründə Azərbaycanın formalaşdırdığı yeni strateji düşüncə modelinin yazılı ifadəsidir. Modeldə təhlükəsizlik anlayışı identiklik, informasiya, ictimai rəy və diaspor fəallığı kimi qeyri-ənənəvi komponentləri də özündə birləşdirir. Məhz bu kontekstdə Şuşa Bəyannaməsi diasporu mədəni-sosial çərçivədən çıxararaq milli təhlükəsizlik arxitekturasının funksional elementinə çevirir. Diaspor artıq suverenlik diskursunun transsərhəd daşıyıcısıdır. Diaspor fəaliyyəti xüsusilə son illər beynəlxalq münasibətlərdə informasiya müharibələrinin, narrativ toqquşmaların və ictimai rəy üzərindən təsirin artdığı bir mərhələdə strateji əhəmiyyət daşıyır. Şuşa konseptinin əsas yeniliyi ondan ibarətdir ki, diaspor fəaliyyəti ilk dəfə olaraq koordinasiya edilmiş təhlükəsizlik düşüncəsinə inteqrasiya olunur. Burada söhbət daha çox “yumşaq təhlükəsizlik” adlandırılan sahədən gedir: beynəlxalq media mühitində mövqe tutmaq, dezinformasiyaya qarşı kollektiv cavab vermək, milli narrativləri legitim platformalarda davamlı şəkildə səsləndirmək.

Coğrafi baxımdan Avropanın mərkəzində yerləşən Budapeşt daha çox strateji kəsişmə nöqtəsi funksiyasını yerinə yetirir. Burada formalaşan platforma göstərdi ki, Azərbaycan diaspor siyasəti şəbəkə diplomatiyasına əsaslanan çevik mexanizmə keçir. Ənənəvi diaspor siyasətində əsas diqqət icmaların formal qeydiyyatına, tədbirlərin sayına və mərkəzdən göndərilən gündəliyin icrasına yönəlirdi. Yeni mərhələdə isə prioritet ideya istehsalı, narrativ quruculuğu və qarşılıqlı əlaqələrin çoxistiqamətli inkişafıdır.

Şəbəkə diplomatiyasının əsas üstünlüyü onun adaptivliyindədir. Bu modeldə diaspor yerli konteksti nəzərə alan, situasiyaya uyğun mövqe formalaşdıran aktiv düyünlərdən ibarətdir. Azərbaycan diasporu da beynəlxalq mühitdə koordinasiyalı çoxsəsli təsir mexanizmi yaradır. İnformasiya müharibələrinin intensivləşdiyi, sosial şəbəkələrin klassik diplomatiyanı üstələdiyi bir dövrdə gənclər diaspor diplomatiyasının təbii daşıyıcılarına çevrilirlər. Onlar milli mövqeyi rəqəmsal platformalarda oxunaqlı, müasir və qəbul edilən formaya salırlar. Əgər lobbiçilik qısamüddətli siyasi qərarlara təsir göstərməyi hədəfləyirdisə, yeni diaspor diplomatiyası uzunmüddətli narrativ üstünlük yaratmağa fokuslanır. Burada isə səbir, davamlılıq və intellektual kapital tələb olunur.

Budapeşt platformasında müşahidə olunan digər vacib element diasporlararası qarşılıqlı əlaqənin güclənməsidir. Azərbaycan diasporu Türk Dövlətləri Təşkilatı çərçivəsində regional şəbəkələrin bir hissəsinə çevrilir. Deməli, Budapeştdə keçirilən görüşlər diaspor siyasətində mərhələ dəyişikliyini təsdiqlədi. Azərbaycan diasporu artıq mərkəzdən idarə olunan strukturdan çıxaraq öz-özünü tamamlayan, çevik və strateji şəbəkəyə çevrilir.

* * *

Türk Dövlətləri Təşkilatının (TDT) inkişafını isə üzvlük coğrafiyasının genişlənməsi ilə ölçmək analitik baxımdan natamam yanaşma olardı. Müasir beynəlxalq münasibətlərdə təşkilatların real təsir gücü onların imzaladıqları sənədləri daşıyan və legitimləşdirən ictimai dayaqların mövcudluğu ilə müəyyənləşir.

Azərbaycan diaspor modelinin Qazaxıstan və Özbəkistan tərəfindən maraqla qarşılanması təsadüfi deyil. Əsas məsələ diaspora verilən siyasi funksiyanın dəyişməsindədir. Macarıstan nümunəsi bu baxımdan xüsusi analitik diqqət tələb edir. Rəsmi olaraq TDT üzvü olmayan, lakin türk kimliyinə mədəni və tarixi yaxınlıq üzərindən bağlanan bu ölkə Avropa məkanında təşkilat üçün strateji keçid nöqtəsinə çevrilir. Burada diaspor diplomatiyası klassik dövlət diplomatiyasının imkanlarını tamamlayır və bəzi hallarda onu üstələyir. Rəsmi kanalların çata bilmədiyi sosial, akademik və mədəni mühitlərə diaspor vasitəsilə nüfuz etmək mümkün olur. Macarıstan kontekstində müşahidə edilən əsas məqam ondan ibarətdir ki, siyasi platforma emosional və mədəni yaxınlıq üzərində qurulur. Dövlətlər adətən maraqlar üzərindən dialoq qurur, diaspor isə kimlik üzərindən etimad yaradır. Məhz bu etimad Avropa cəmiyyətlərində TDT-nin daha anlaşılan və qəbuledilən aktora çevrilməsinə şərait yaradır.

* * *

Müasir beynəlxalq münasibətlər sistemində ictimai təsir, narrativ üstünlük və şəbəkə əlaqələri də geosiyasi kapitalın əsas komponentlərinə çevrilib. Bu gün Azərbaycan diasporu təkcə milli maraqların müdafiəçisi kimi çıxış etmir. O, paralel şəkildə Türk dünyasının kollektiv təsir potensialını artıran çoxtərəfli platformaya çevrilir. Diasporlararası koordinasiya mexanizmləri, ortaq fəaliyyət planlarının hazırlanması və institusional görüşlərin intensivləşməsi Türk Dövlətləri Təşkilatını regional çərçivədən çıxararaq transregional aktor kimi formalaşdırmaq üçün real zəmin yaradır. Məhz bu məqam diasporun geosiyasi dəyərini kəskin şəkildə artırır və onu beynəlxalq güc balansında nəzərə alınmalı amilə çevirir.

Bu proses eyni zamanda Qərbin uzun illər tətbiq etdiyi ikili standartlar siyasətini daha görünən edir. Xüsusilə postsovet məkanında münaqişələrə yanaşmada selektiv hüquq tətbiqi, beynəlxalq hüququn kontekstə uyğun şərhi və siyasi simpatiyalara əsaslanan qərarlar diaspor faktorunun əhəmiyyətini daha da artırır. Azərbaycan təcrübəsi göstərdi ki, rəsmi diplomatiyanın təkbaşına bu baryerləri aşması kifayət etmir; burada ictimai diplomatiya və diaspor təsiri həlledici rol oynayır.

Erməni diasporunun Qərb ölkələrində onilliklər ərzində formalaşdırdığı təsir şəbəkəsi bu baxımdan klassik nümunə kimi təqdim olunur. Erməni diasporu yalnız mədəni və humanitar fəaliyyətlə kifayətlənməyib, qanunverici orqanlar, media strukturları və akademik çevrələr üzərində sistemli təsir mexanizmləri qurub. Nəticədə, bir sıra Qərb institutlarında Ermənistan–Azərbaycan münaqişəsi kontekstində balanssız, faktlara deyil, emosional və tarixi manipulyasiyalara əsaslanan yanaşmalar formalaşıb. Məhz bu fonda Azərbaycan diasporunun transformasiyası strateji məna kəsb edir. Yeni diaspor modeli Qərbin ikili standartlarını struktur səviyyəsində neytrallaşdırmağa yönəlir. Burada əsas fərq ondadır ki, Azərbaycan diasporu qarşı tərəfin narrativlərini mexaniki şəkildə təkzib etmir; o, alternativ və daha geniş siyasi çərçivə yaradır. Elə bu çərçivədə də Qarabağ məsələsi, beynəlxalq hüquq və postkolonial ədalət diskursu kontekstində təqdim olunur.

Türk Dövlətləri Təşkilatı ilə sinxronlaşan diaspor fəaliyyəti bu narrativə əlavə legitimlik qazandırır. Çünki məsələ artıq ortaq tarixi və siyasi təcrübəyə malik dövlətlər qrupunun baxışı kimi səsləndirilir. Təbii ki, bu amil Qərb ictimai rəyində “tərəfli mövqe” arqumentini zəiflədir və müzakirəni daha geniş geosiyasi müstəviyə çıxarır.

Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Türk diaspor modeli qapalı lobbiçilik strategiyasından fərqli yol seçir. Erməni diasporu əsasən dar siyasi dairələrdə təsir yaratmağa çalışdığı halda, Türk dünyası diasporları daha açıq, ictimai və mədəni kanallar üzərindən uzunmüddətli təsir mexanizmləri qurur. Bu model daha gec nəticə versə də, daha dayanıqlıdır. Çünki o, qərarverən elitanı deyil, ictimai düşüncə mühitini dəyişməyi hədəfləyir.

Bu yeni mərhələdə diaspor fəaliyyətinin əsas ölçü vahidi tədbirlərin sayı yox, təsirin davamlılığı və çoxşaxəliliyidir. İnformasiya məkanında mövqe tutmaq, akademik və ekspert dairələrinə nüfuz etmək, ictimai diplomatiya vasitəsilə alternativ baxışlar formalaşdırmaq diasporun geosiyasi kapital kimi dəyərini artırır. Burada diqqətçəkən digər məqam diasporun dövlət siyasətini əvəz etməməsi, onu tamamlaması və gücləndirməsidir. Dövlət rəsmi xətti müəyyən edir, diaspor isə bu xətti beynəlxalq mühitdə ictimai legitimliklə təmin edir. Nəticədə siyasi mövqe cəmiyyətlərin şüurunda da möhkəmlənir.

Əgər bu gün diaspor milli maraqların müdafiəçisi rolunu oynayırsa, sabah o, Türk dünyasının birgə siyasi iradəsinin daşıyıcısına çevrilə bilərmi? Mövcud dinamika göstərir ki, bu sual artıq nəzəri mülahizə deyil. Atılan addımlar, qurulan mexanizmlər və formalaşan şəbəkələr onu strateji gündəliyin real bəndinə çevirir. Başqa sözlə, diaspor gələcəyin diplomatik aktoru olmaq yolunda artıq ilkin mərhələni geridə qoyub.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət