II Azərbaycan–Türkiyə İnvestisiya Forumu

post-img

Qardaşlığın iqtisadi təməlləri möhkəmlənir

Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirildi. Tədbirdə Azərbaycan və Türkiyədən dövlət rəsmiləri, sahibkarlar və bir sıra ictimaiyyət adamları iştirak edirdi.

Qeyd edək ki, forum çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin “GAMA Enerji” şirkəti arasında saziş imzalandı. Bununla yanaşı, “Büyükfırat MMC” ilə “Les Benjamins” Tekstil Ticarət Anonim şirkəti arasında da imzalama mərasimi keçirildi. Ümumilikdə isə forum çərçivəsində “Sənaye 4.0: gələcəyin texnologiyaları”, “Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi”, “Regionlararası ticarət və logistika dəhlizləri” kimi panel iclaslar da təşkil olundu.

Forum iştirakçılarının “Xalq” qəzetinə açıqlamalarını təqdim edirik:

Ömər BOLAT,
Türkiyənin ticarət naziri:

– Hazırda Türkiyə ilə Azərbaycan iqtisadi baxımdan da vahid mövqe nümayiş etdirir. Aramızda müttəfiqlik və strateji ittifaq münasibətləri mövcuddur. İqtisadi əlaqələrimizdə isə hər iki ölkənin dəyərli prezidentlərinin qarşıya qoyduğu 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq məqsədi istiqamətində həm Türkiyə tərəfi olaraq biz, həm də Azərbaycandakı hörmətli həmkarlarımız böyük səylə çalışırlar. Bununla yanaşı, ticarətin real icraçıları olan tacirlər, sənayeçilər, idxalçılar və ixracatçılar üçün də istiqamətverici və dəstək xarakterli fəaliyyətlər həyata keçiririk.

Bununla yanaşı, Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirildi. Əli Əsədov və Cevdet Yılmaz iclasın Protokolunu imzalayıblar və ikitərəfli əməkdaşlığın aktual sahələrini əhatə edən 110 bəndlik Fəaliyyət Planını təsdiqləyiblər. Həmin mərasimdə bütün aidiyyəti nazirlər iştirak edirdi.

Bizim öhdəmizə düşən tapşırıqları aldıq və bundan sonra da böyük əzmlə çalışacağıq. Həqiqətən də bütün sahələr üzrə münasibətlərimiz yüksək səviyyədədir. Qarşılıqlı investisiyaların həcmini daha da artırmaq niyyətindəyik.

Azərbaycanda 7 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və onların ümumi investisiya həcmi 18 milyard dollar təşkil edir. Eyni zamanda, Türkiyədə 21 milyard dollar investisiyaya malik 3 minə yaxın Azərbaycan şirkəti mövcuddur. Bu şirkətlərin hamısı fəaliyyətlərindən məmnundur. Hər hansı çətinlik yarandıqda isə məsələlərin operativ şəkildə həllinə çalışırıq. Prosesdə həm nazirlər, həm prezidentlər, həm də özəl sektor qurumları sıx əməkdaşlıq edirlər.

Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat və ticarət sahəsində daha yüksək hədəflər mövcuddur və biz bu məqsədlərə çatmaq üçün bütün gücümüzlə çalışırıq. Qeyd etmək istəyirəm ki, 2021-ci ildə qüvvəyə minmiş Preferensial Ticarət Sazişimiz mövcuddur. Bundan əlavə, qarşılıqlı şəkildə imzalanmış və 2024-cü ildə qüvvəyə minən bir protokol da var. Bu sənədlərin ticarət və iqtisadi münasibətlərimizə müsbət təsirlərini artıq açıq şəkildə görürük. Arzumuz Türkiyə ilə Azərbaycan arasında azad ticarət sazişinin imzalanmasıdır. Bu istiqamətdə hər iki hökumətin texniki qrupları hazırda müzakirələr aparır, təsir analizləri və qiymətləndirmə işləri həyata keçirir. İnanıram ki, bunu da reallaşdıracağıq.

Hüseyn BÜYÜKFIRAT,
Türkiyə–Azərbaycan İş Adamları və Senayeçiləri İctimai Birliyinin (TÜİB) sədri:

– Həm Türkiyədən, həm də Azərbaycandan iş dünyasının dəyərli nümayəndələrinin forumda iştirakı olduqca yüksək qiymətləndirilir. Türkiyədən nazir müavinlərinin mühüm panellərdə iştirak etməsi, panelistlərin yüksək səviyyədə təmsil olunması və Türkiyə mediasının geniş iştirakı bir daha göstərir ki, biz doğru yoldayıq və bu, üzərimizə düşən məsuliyyəti daha da artırır. Məhz bu səbəbdən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya hədəflərə çatmaq üçün biz də iş dünyasının nümayəndələri olaraq üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetiririk. Azərbaycanda topladığım 33 illik təcrübəni məhz bu istiqamətdə dəyərləndirir və bu məqsədlərə xidmət edəcək şəkildə istifadə edirəm. Sevindirici haldır ki, bunun artıq real nəticələrini görürük.

Doğan TOMRİS, 
“DK Agency” şirkətinin direktoru, ticarət idarəetmə və françayzinq üzrə mütəxəssis:

– Azərbaycanda startap üçün uyğun profildə şəxslər olduqca çoxdur. Nəzərə alsaq ki, hazırda forumda təxminən 500 şirkət iştirak edir. Bu, olduqca böyük perspektiv vəd edir.

Dünən axşam Azərbaycanla bağlı Stanford Universiteti ilə çox önəmli bir görüş keçirdik. Onların bizdən əsas gözləntiləri startaplardır. Keçən ay təşkil etdiyimiz tədbirdə iştirak etdilər və çox məmnun qaldılar. Dünən isə bu əməkdaşlığı daha da möhkəmləndirdik.

Nüfuzlu Stanford Universiteti Azərbaycan gənclərinin startap təşəbbüslərini, onların ideyalarını və motivasiyasını çox yüksək qiymətləndirdi və bu gənclərin ABŞ-a gəlməsini istədi. Hətta iki layihə üzrə, 15–16 yaşlarında olan gənclərə 8 həftəlik onlayn təlimlər keçirildi. Yay aylarında isə onları düşərgələrə dəvət etdilər. Bu, bizim üçün çox böyük bir irəliləyişdir. Bir məqamı da qeyd edim ki, "Sənaye 4.0" artıq innovasiya və texnologiyanın inkişafı anlamına gəlir.

Azərbaycanın bu sahədə çox böyük imkanları var. Mən Türkiyə vətəndaşıyam, lakin Azərbaycanda yaşayan bir türk vətəndaşı olaraq bu imkanların fərqindəyəm. Özümüzü bu işə həsr etmişik. Sevindirici haldır ki, bunun qarşılığını artıq qitənin o tayından, okeanın o biri tərəfindən görürük. Bu gün də buraya yeni əlaqələr qurmaq üçün gəlmişik. Qarşıya qoyulan hədəflərə çatmaq üçün innovativ olmaq, təşəbbüskar olmaq lazımdır. Biz də məhz bunu dəstəkləyirik.

Nurlan ABDALOV
XQ







İqtisadiyyat