Solovyov susmursa...

post-img

Rusiya ictimai rəyi nə gündədir?

Əslində, haqqında söz açacağımız məsələyə reaksiya verməmək də olardı. Amma lazımdır. Çünki Azərbaycan da zaman-zaman rusiyalı teleaparıcı Vladimir Solovyovun iyrənc ritorikasının hədəfi olub. Onun istər çalışdığı dövlət televiziyasının efirindən, istərsə də “Solovyov live” “Youtube” platformasından ölkəmizlə bağlı, yumşaq desək, xoş olmayan fikirlərini səsləndirməsinə şahidlik etmişik. İndi bu məxluq hədəf qismində Ermənistanı seçib. Əvvəllər olduğu kimi...

Doğrudur, Ermənistanın vitse-spikeri Ruben Rubinyan Solovyovun cavabını artıqlaması ilə verib. Onun nə dediyinə nəzər salacağıq. Hələlik isə deyək ki, hansı səmtdən yanaşsaq, Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyat” adı altında apardığı müharibənin adı işğalçılıqdır. Çünki ikincinin beynəlxalq hüquqla tanınmış əraziləri var və birinci həmin ərazilərə qoşun yeridib. Hələ daha əvvəl Krımın işğalını demirik. Əlbəttə, başa düşürük ki, Rusiya-Ukrayna ziddiyyəti qlobal məsələdir. Yəni burada Moskva nə qədər günahkardırsa, Kiyev hakimiyyətini oyuna gətirən qüvvələr də bir o qədər müqəssirdir. Amma...

“Əmması” budur ki, Rusiya-Ukrayna müharibəsinin kökündə həm də SSRİ-nin dağılmasından sonra Rusiyanın özünü sanki Sovetlər Birliyi kimi aparması dayanır. Moskva ötən müddətdə keçmiş müttəfiq respublikaları ilə əlaqələrə bərabərtərəfli əsasda yanaşmadı. Həmişə üstün görünməyə çalışdı, dominantlıq iddiasına düşdü, bunun üçün müxtəlif təzyiq yollarına baş vurdu. Üstəlik, ölkə imperiya siyasətinə sadiqlik göstərərək, postsovet məkanında münaqişə məntiqini qorudu və bu məntiqi təsir vasitəsi qismində gördü.

Bir sözlə, SSRİ dağıdıldıqdan sonra müstəqilliklərini əldə edən respublikalar həmişə Rusiya buxovu ilə üzləşdilər ki, bu hal onlarda pataloji qıcıq və hətta nifrət də doğurdu. Nifrət, qıcıq və anti-Rusiya ab-havası həm də adını çəkdiyimiz V.Solovyov kimilərinə görə yarandı. Baxın, heç kəs onun fikirləri azad media prizmasından qiymətləndirmir. Təkcə ona görə yox ki, Solovyov özü tərbiyəsizdir. Həm də ona görə ki, bu pitekantrop direktivləri tərbiyəsiz formada çatdırır və ona artıq neçə illərdir “dur” deyən tapılmır. Nəticə etibarilə, “jurnalist” imperiya xislətinin bariz tərənnümçüsü qismində çıxış edir. Bir neçə gün əvvəl isə eyni xislətə xas eybəcərliyi Ermənistana münasibətdə göstərib.

Əvvəldə də vurğuladıq. V.Solovyovun Ermənistana “sataşması” ilk dəfə deyil. Belə hal dəfələrlə yaşanıb. Yada salaq ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında reallaşdırdıqları lokal xarakterli antiterror tədbirlərindən və Qarabağın ölkəmizin tam nəzarətinə keçməsindən sonra o, aparıcısı olduğu televiziya kanalında Azərbaycanı tərifləmişdi. Amma məxluqun məqsədi başqa idi. O, Azərbaycanı öyməklə Ermənistanı aşağılamış və erməni ictimai rəyini qıcıqlandırmaq yolu tutmuşdu, nifrət körükləmişdi. Aparıcı verilişlərində qondarma “Artsax” sözünü də işlədib ki, burada da motiv eyni idi.

Bəli, Solovyov çalışmışdı ki, erməni xalqı Qarabağı itirməyə görə ayağa qalxsın, baş nazir Nikol Paşinyan iqtidarını devirsin. Düşüncənin nəyə hesablandığını hər kəsə yaxşı bəllidir. Nəzərə alaq ki, Paşinyanın yerini tutacaq qüvvələrin Azərbaycana qarşı çıxacaqları şübhəsizdir. Deməli, hazırda V.Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat” keçirilməsinin zəruriliyi barədə bəyanat yayırsa, bu, Rusiyanın illərdir İrəvanda hakimiyyət dəyişikliyi həyata keçirmək istiqamətindəki səylərinin iflasa uğradığının göstəricisidir.

Paşinyana qarşı çıxacaq rusbaşlı müxalifət zəifdir, Solovyov çıxış yolunu Ukraynadakı vəziyyəti təkrarlamaqda görür və ölkəsi üçün legitim maraqlar uydurur. O, faktiki olaraq, deyir ki, Rusiya Ukraynaya hücum etdiyi kimi, Ermənistana da hücum etməlidir. Yeri gəlmişkən, məlum təyyarə olayından sonra Rusiyada anti-Azərbaycan ritorikanın gücləndiyi vaxtlarda Solovyov ölkəmizlə ölkəsinin sərhədlərinin, guya, şərti olduğunu bildirən cəfəng bəyanat səsləndirmiş və Azərbaycanı hədələmişdi. Necə deyərlər, eyni dalğa, eyni koordinat...

Bu yerdə R.Rubinyanın Solovyova cavabına keçid alaq. Ermənistanın vitse-spikeri deyib ki, “it hürər, karvan keçər. Bu vəziyyətdə “it” rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni Solovyovdur. “Karvan” isə geridönməz sülhə və inkişafa doğru irəliləyən ölkəmizdir”. Göründüyü kimi, Rubinyan hədəfi düzgün nişan alıb. Çünki Solovyovun diqqətə çatdırdığımız bəyanatı həm də Ermənistanın Azərbaycanla sülhə doğru irəliləməsinə qarşı demarş mahiyyəti daşıyır. Onun baxışında Rusiya Ermənistanı işğal edib orada hakimiyyət dəyişikliyinə nail olmalı, yəni iqtidar kürsüsünə öz adamını otuzdurmalıdır ki, rəsmi İrəvan Bakı ilə barış yolundan geri dursun. Ona görə geri dursun ki, sülh Kremlin Cənubi Qafqaz planlarına ziddir.

Məlum olduğu kimi, Solovyovun sərsəmləməsi səbəbindən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi İrəvanın etiraz notası təqdim edilib. “Bəli, həqiqətən, bunu təsdiqləyirik. Səfir Ermənistan XİN-ə çağırılıb. Ona etiraz notası təqdim edilib. Solovyovun çıxışları ilə bağlı erməni tərəfinin narahatlıqları Rusiya Xarici İşlər Nazirliyinə ötürüləcək”, – deyə Rusiyanın Ermənistandakı səfirliyindən bildirilib. Amma hesab etmirik ki, erməni tərəfinin etirazının hansısa faydası olacaq. Hələ rəsmi Moskvanın İrəvana nə cavab verəcəyini də təxmin etmək olar. Məsələn, deyilə bilər ki, Solovyov fikirlərini özünə məxsus “Solovyov live” “Youtube” kanalında işlədib və onun dediklərinin Kremlin rəsmi mövqeyi ilə əlaqəsi yoxdur.

Sonda bir acınacaqlı məqama diqqət yetirərək yazımızı tamamlamaq istərdik. Məsələ ondadır ki, solovyovların varlığı Rusiya ictimai rəyi üçün, sözün əsl mənasında, rüsvayçılıqdır. O boyda ölkənin düşüncə sistemi neçə illərdir dəyişən dünyada özünün strateji maraqlarını ideoloji və siyasi müstəvidə qorumaq üçün mütərəqqi yol tapa bilmir. Ancaq hərbə-zorba ritorikasını təbliğ edir ki, bu, həmin düşüncə sisteminin qısırlığından başqa bir şey deyil. Sual yaranır: Rusiya Solovyov kimi parabeyinlərdən asılı durumdadır? Belə görünür, elədir. Çünki bu məxluq susmaq bilmir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət