Xalq 2024-cü ilin fevralında milli tariximizin parlaq səhifəsini yaratmışdı
“Bizim sözümüz də imzamız qədər dəyərlidir” - deyən, “nəyi nə zaman, necə etməyi hamıdan yaxşı bilən”, “biz kiməsə nümunə göstərilmək üçün deyil, xalqımızın maraqlarının təmin edilməsi və milli dövlətçiliyimizin mənafeləri naminə fəaliyyət göstəririk” sözlərini dəfələrlə təkrar edən Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən bəri bir neçə siyasi nümunə formalaşdırmışdır. Həmin nümunələrdən biri, bəlkə də birincisi verdiyi vədlərin hamısının ləyaqətlə yerinə yetirilməsidir.
O, ölkə daxilində də bu işin öhdəsindən məharətlə gəlir, beynəlxalq aləmdə də. O, Qarabağ və Şərqi Zəngəzurdan olan məcburi köçkünlərlə görüşlərdə də öz ənənəsinə sadiqdir, BMT Baş Assambleyasının sessiyyaları başda olmaqla bütün beynəlxalq tribunalardakı çıxışlarında da. Təsadüfi deyil ki, bu gün dünyanın ən qüdrətli dövlət başçıları onu sözünə sədaqətli, əməkdaşlıqda səmimi, strateji tərəfdaşlıqda etibarlı lider kimi qəbul edirlər. Biz bu fikirləri Qərbin ən böyük güc mərkəzi olan Vaşinqtondan da eşitmişik, Şərqin ən öncül dövlətinin paytaxtı Pekindən də.
Bütün bunları nəzərə alan Azərbaycan xalqı və ölkəmizin vətəndaşı olan digər xalqların seçiciləri istənilən seçkidə məhz İlham Əliyevin qalib gəlməsini təmin etmək məqsədi ilə səsvermə məntəqələrinə gedirlər. 2003-cü ilin oktyabrında da belə idi, ondan sonrakı seçkilərin hamısında da. Doğrudur, seçicilər ilk illərdə ona səs verəndə bir hədəf olaraq ölkədə Heydər Əliyev siyasi kursunun davam etdirilməsini planlaşdırırdılar. Ancaq 2008-ci il seçkilərindən sonra ölkə əhalisinin ümdə hədəfi məhz “xalqın şəriksiz liderinin qələbəsinı təmin etmək”dir.
O ki qaldı Azərbaycanda keçirilmiş 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkilərinə, deyə bilərik ki, həmin seçkinin dövlət tərəfindən müəyyən olunmuş siyasi məqsədi səsvermənin işğaldan azad edilmiş bütün ərazilərimizdə keçirilməsi idi. Yəni dövlətimiz BMT tərəfindən tanınmış ərazilərimizin hər qarışında suverenliyimizin bərpasının təbliğini nəzərdə tuturdu. Təsadüfi deyil ki, ölkə ərazisində seçki və səsvermə haqqında danışanların hamısı 2024-cü ildəki həmin möhtəşəm siyasi aksiyanı “Zəfər seçkisi” adlandırır. Odur ki, xalq həmin seçkiyə, yuxarıda qeyd etdiyimiz kimi, 2003-cü ildən 2024-cü ilə qədər qazanılmış uğurlara qiymət vermək, qarşıdakı uğurlara isə zəmin yaratmaq məqsədi ilə getmişdi. Biz həmin gün seçki məntəqələrinə getdik, səs verdik və məqsədimizə nail olduq.
Ekspertlərin fikrincə, bu seçkinin təşkilinə 2016-cı ildə keçirilmiş Konstitusiya referendumu və 2018-ci ildə keçirilmiş prezident seçkiləri zəmin yaratmışdı. Xatırladaq ki, ölkəmizdə 2016-cı ildə keçirilmiş Konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Onu da əlavə edək ki, 2024-cü il seçkiləri ölkəmizdə ümumilikdə doqquzuncu, növbədənkənar adlandırılan isə dördüncü prezident seçkisi idi. Həmin doqquzuncu və dördüncü ifadələri bizim üçün nə qədər önəmli olsa da, xüsusilə qeyd edəcəyimiz başqa bir məqam da var idi. Həmin seçkilər müstəqil Azərbaycanın bütün ərazilərində keçirilən ilk – rəqəmlə desək, 1-ci seçkilər idi.
Həmin seçkiləri əlli – altmış milyonluq soydaşlarımızın hamısı ona görə yüksək qiymətləndirir ki, biz o gün son iki yüz ildə başımıza gətirilən çoxsaylı bəlaların, yaşadığımız məşəqqətlərin əsas səbəbi olmuş işğal, terror, təxribat, separatçılıq kimi mənfur hallara birdəfəlik son qoyandan sona – qalib xalqın müzəər liderinə səs vermişdik. Xalq həmin gün seçki məntəqəsinə gedərək iki əsr davam edən həmin mənfiliklərə birdəfəlik son qoyulmasına səs vermişdi.
Ən başlıcası, həmin seçkilərdən bir həftə sonra prezident kimi and içən dövlət başçısı demişdi ki, “İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq!”
Bəs 2024-cü ilin fevralındakı seçkilərdən sonrakı dövrün “böyük nailiyyətləri” nədən ibarət oldu?
Birinci, Prezident İlham Əliyev dünyanın bütün güc mərkəzlərinin maraq dairəsində olan Cənubi Qafqaza sülh gətirilməsi istiqamətində olduqca uğurlu addımlar atdı və istəyinə nail oldu.
İkinci, rəsmi Bakı bir neçə qonşumuzun özü üçün “qırmızı xətt” adlandırdığı Zəngəzur dəhlizinin açılmasına tam və birmənalı olaraq zəmin yaratdı.
Üçüncü, bu zəmin Donald Tramp kimi məşhur siyasətçinin imzası, rəsmi Vaşinqtonun qətiyyəti ilə dəstəkləndi.
Dördüncü, Azərbaycan ərazisi Şərqdən Qərbə, Şimaldan Cənuba ( və əksinə) yük daşıyan beynəlxalq nəqliyyat arteriyalarının əsas mərkəzinə çevrildi. Doğrudur, bu coğrafi imkan əvvəllər də mövcud idi. Ancaq həmin layihələrin reallaşmasına badalaq gəlməyə çalışanlar da az deyildi. İndi isə Prezident İlham Əliyevin qətiyyəti bütün mənfilikləri neytrallaşdırıb.
Zəfər seçkimizin iki yaşı mübarək! Məmnunuq ki, 7 fevral 2024-cü il tarixi Azərbaycanın yeni reallıqlarının dünyanın hər yerində qəbul edilməsinə zəmin yaratmışdır. Əminik ki, qarşıdakı illərdə daha böyük uğurlara şahidlik edəcək, daha genişmiqyaslı layihə, plan və proqramların realladırılması sevincini yaşayacağıq.
Bayrağın həmişə uca olsun, AZƏRBAYCAN! Səsiniz həmişə kəsərli və yetərli olsun, Azərbaycan seçiciləri!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

