“Qurtuluş seçkisi”

post-img

Ermənistanın geosiyasi seçim anı və postmüharibə dövrünə keçid

(əvvəli qəzetin 25 fevral sayında)

Hazırkı mərhələdə Ermənistanda siyasi debatın mərkəzində duran əsas dilemma belədir: Ermənistan Qərbə inteqrasiya yolu ilə dövlət institutlarını gücləndirib suverenliyini dərinləşdirməyi seçməlidir, yoxsa təhlükəsizlik boşluğunu dərhal doldura biləcək ənənəvi hərbi ittifaq modelinə üstünlük verməlidir? Paşinyan hakimiyyəti Qərb kursunu dövlət müstəqilliyinin genişlənməsi kimi təqdim edir. Müxalifət isə bunu təhlükəsizlik zəmanəti olmayan riskli eksperiment kimi xarakterizə edir.
Reallıq ondan ibarətdir ki, Qərb Ermənistanı geosiyasi yöndən dəstəkləsə də, NATO tipli kollektiv müdafiə mexanizmi perspektivi gündəmdə deyil. Bunlar isə təbii ki, seçicinin qarşısında çətin seçim yaradır: dəyərlər və institusional modernizasiya ilə təhlükəsizlik instinkti arasında balans tapmaq. Ermənistanın iyunda verəcəyi qərar təhlükəsizlik konsepsiyasının hansı prioritet üzərində qurulacağını müəyyən edəcək. Qərb faktoru bu seçkidə ideoloji və strateji alternativ kimi mövcuddur, lakin onun təqdim etdiyi modelin real təhlükəsizlik zəmanətinə çevrilib-çevrilməyəcəyi hələ də açıq sual olaraq qalır. 
Seçkiyə yüz gün qalmış Ermənistanın siyasi mənzərəsi bir neçə mümkün inkişaf trayektoriyasını ehtiva edir və hər bir ssenari ölkənin daxili sabitliyi ilə yanaşı, xarici siyasət orientasiyasına da ciddi təsir göstərə bilər. Burada məsələ hansı təhlükəsizlik və dövlətçilik modelinin legitim mandat qazanacağıdır.
Əgər Nikol Paşinyan və onun komandası yenidən parlament çoxluğunu təmin edə bilsə, bu, postmüharibə kursuna ictimai təsdiq kimi şərh olunacaq. Belə olan halda Ermənistanın Qərbə doğru tədrici, lakin ehtiyatlı inteqrasiya xətti davam edəcək. Lakin bu inteqrasiya radikal geosiyasi qırılma şəklində deyil, mərhələli və balanslaşdırılmış formada həyata keçiriləcək. Rusiya ilə münasibətlər formal müttəfiqlik çərçivəsində saxlanılsa da, strateji məsafə və qarşılıqlı etimadın məhdudluğu qalacaq. Belə bir model Ermənistanı klassik blok siyasətindən daha çox çoxvektorlu balans siyasətinə yaxınlaşdıra bilər. 
Digər ehtimal revanşist və ya açıq şəkildə Rusiyayönlü siyasi qüvvələrin güclənməsidir. Bu ssenari Ermənistanın xarici siyasətində kəskin korrektəyə səbəb ola bilər. Moskva ilə münasibətlərin intensivləşdirilməsi, KTMT çərçivəsində aktivliyin bərpası və Qərb institutları ilə məsafənin artması mümkün istiqamətlərdir. Lakin burada fundamental sual açıq qalır: əvvəlki təhlükəsizlik modeli real sınaqdan keçərək zəiflik göstərmişdisə, onun bərpası yeni nəticə verəcəkmi? Rusiya özü də hazırda genişmiqyaslı geosiyasi qarşıdurma içindədir və resurs məhdudiyyətləri fonunda Ermənistan üçün əvvəlki səviyyədə təhlükəsizlik zəmanəti təqdim edə bilib-bilməyəcəyi qeyri-müəyyəndir. 
Ən riskli və qeyri-proqnozlaşdırılan variant isə parçalanmış parlament və davamlı siyasi qeyri-sabitlikdir. Bu halda nə Paşinyan komandası, nə də müxalifət tam legitim və stabil hökumət formalaşdıra bilməz. Koalisiya danışıqlarının uzanması, küçə etirazlarının yenidən aktivləşməsi və dövlət institutlarının funksional zəifləməsi Ermənistanın onsuz da həssas təhlükəsizlik mühitini daha da kövrək vəziyyətə sala bilər. Daxili legitimlik böhranı xarici aktorların təsir imkanlarını artırar və ölkəni strateji qeyri-müəyyənlik mərhələsinə sürükləyə bilər.
Üç ssenarinin hər biri Ermənistan üçün fərqli risk və imkanlar yaradır. Lakin ortaq məqam ondan ibarətdir ki, qarşıdakı seçki yalnız siyasi qüvvələrin yarışması deyil, postmüharibə dövlət modelinin təsdiqi və ya inkarı üzərində qurulan strateji qərar anıdır. Ermənistan cəmiyyəti, faktiki olaraq, gələcək onilliyin geosiyasi və təhlükəsizlik çərçivəsini müəyyən edəcək seçimə doğru irəliləyir.
Ermənistanda qarşıdan gələn seçkilərin taleyini müəyyən edəcək əsas faktor partiya proqramlarından və liderlərin ritorikasından daha çox, cəmiyyətin kollektiv şüurunda baş verən dərin transformasiyadır. Uzun illər ərzində Ermənistanın siyasi kimliyi və təhlükəsizlik düşüncəsi “status-kvo”nun davamlılığı üzərində qurulmuşdu. Qarabağ məsələsi milli identikliyin mərkəzi elementi idi. Mövcud konstruksiya dövlət ideologiyasını, diasporla münasibətləri və daxili siyasi legitimliyi formalaşdıran əsas sütunlardan biri idi. 2020-ci ildən sonra isə həmin sütun sarsıldı və 2023-cü ildə proses faktiki olaraq yekunlaşdı.
“Status-kvo illüziyası”nın dağılması Ermənistan cəmiyyətini seçim qarşısında qoydu. Əvvəllər mümkün hesab edilən maksimalist yanaşmaların real güc balansı ilə uzlaşmadığı açıq şəkildə üzə çıxdı. Bütün bu amillər təbii olaraq dövlətçilik fəlsəfəsinin yenidən düşünülməsini zəruri etdi. İndi müzakirə olunan məsələ “bundan sonra necə mövcud olacağıq?” sualıdır. 
Bir tərəfdə kollektiv yaddaşın yaratdığı emosional yük dayanır. Məğlubiyyət travması, milli qürur faktoru və ədalət hissinin zədələnməsi revanşist ritorikanı qidalandırır. Həmin yanaşma keçmişin bərpasını mümkün alternativ kimi təqdim edir və psixoloji kompensasiya effekti yaradır. Digər tərəfdə isə daha praqmatik yanaşma formalaşır. Bu baxışa görə, Ermənistan yeni geosiyasi reallıqda öz təhlükəsizlik konsepsiyasını yenidən qurmalı, resurslarını və prioritetlərini realist əsasda müəyyənləşdirməlidir. 
Seçki məhz bu iki psixoloji istiqamət arasında referendum xarakteri daşıyır. Cəmiyyət öz gələcək davranış modelini müəyyənləşdirir. Ermənistan revanşist emosiyanı siyasi kursa çevirəcək, yoxsa məğlubiyyətdən sonra yeni dövlətçilik fəlsəfəsini qəbul edərək təhlükəsizlik və inkişaf strategiyasını rasional çərçivədə quracaq? Sualın cavabı seçicinin düşüncə tərzində və prioritetlərində əks olunacaq.
Ermənistan artıq əvvəlki psixoloji komfort zonasına qayıda bilməz. Qarabağ məsələsinin bağlanması ilə milli identikliyin yenidən tərifi qaçılmazdır. Ermənistanda iyunun 7-də veriləcək qərar regional miqyasda dalğa effekti yaradacaq siyasi hadisədir. Seçkinin nəticəsi yalnız İrəvanın daxili hakimiyyət balansını müəyyən etməyəcək. Seçki eyni zamanda Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına, nəqliyyat-kommunikasiya xətlərinə və böyük güclər arasındakı rəqabətin istiqamətinə birbaşa təsir göstərəcək. 
Azərbaycanla sülh müqaviləsinin taleyi bu seçkinin nəticəsindən ciddi şəkildə asılı olacaq. Əgər mövcud hakimiyyət kursunu davam etdirərsə, normallaşma prosesi daha realist və hüquqi çərçivədə irəliləyə bilər. Çünki Paşinyan komandası artıq postmüharibə reallıqlarını açıq şəkildə qəbul etdiyini nümayiş etdirib və delimitasiya, kommunikasiya xətlərinin açılması kimi məsələlərdə prinsipial geri dönüş ehtimalı nisbətən zəif görünür. Belə olan halda, regionda sabitliyin institusionallaşması üçün imkan pəncərəsi genişlənə bilər.
Lakin revanşist ritorikanın hakim siyasi xəttə çevrilməsi sülh prosesini ləngidə və ya faktiki olaraq dondura bilər. Daxili siyasi legitimliyi emosional mobilizasiya üzərində qurmaq cəhdi sərhəd məsələlərində sərtləşməyə və qarşılıqlı etimadsızlığın artmasına gətirib çıxara bilər. 
Zəngəzur dəhlizi ətrafındakı proseslər də seçkinin nəticəsindən birbaşa təsirlənəcək həssas mövzulardandır. Kommunikasiyaların açılması regional inteqrasiyanın əsas elementlərindən biridir və bu məsələ həm iqtisadi, həm də geosiyasi məna daşıyır. Praqmatik kurs davam edərsə, Ermənistan bu layihəni blokada psixologiyasından çıxış aləti kimi deyil, tranzit imkanlarını artıran iqtisadi fürsət kimi dəyərləndirə bilər. Əks halda, məsələ yenidən suverenlik və təhlükəsizlik ritorikasının mərkəzinə çəkilərək proses uzadıla və ya siyasiləşdirilə bilər.
Daha geniş müstəvidə isə Ermənistanın seçimi Rusiya–Qərb rəqabətinin Cənubi Qafqazdakı dinamikasına təsir göstərəcək. Paşinyan kursunun davamı Qərbin regiondakı normativ və siyasi mövcudluğunu gücləndirə, Rusiyanın təsir radiusunu isə nisbi şəkildə daralda bilər. Əks ssenari isə Moskvanın mövqelərinin qismən bərpasına xidmət edə bilər, lakin bu belə regionda əvvəlki balansın tam şəkildə geri qayıdacağı anlamına gəlmir. Çünki artıq Cənubi Qafqaz çoxqütblü rəqabət mühitinə daxil olub və heç bir aktor əvvəlki eksklüziv dominantlıq imkanlarına malik deyil.
Son olaraq qeyd edək ki, Ermənistanın qarşısında duran seçim strateji özünüidentifikasiya mərhələsidir. “Qurtuluş seçkisi” ifadəsinin aktuallığı da buradan qaynaqlanır. Seçkiyə yüz gün qalmış müşahidə olunan mənzərə göstərir ki, ölkə ya yeni reallıqlara uyğunlaşma və praqmatik dövlətçilik xəttini davam etdirəcək, ya da keçmiş təhlükəsizlik arxitekturasına qayıtmaq cəhdinə girəcək.
Hansı nəticənin baş verməsindən asılı olmayaraq bir fakt dəyişməz qalır: Ermənistan artıq əvvəlki geosiyasi və psixoloji mərhələdə deyil. Qarşıdakı seçki bu transformasiyanı ya möhkəmləndirəcək, ya da ləngidəcək, lakin hər halda, ölkənin yeni siyasi kimliyini rəsmiləşdirən dönüş nöqtəsi kimi tarixə düşəcək. 

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət