Şərqi Aralıq dənizi hövzəsində baş verən son insident, – NATO qüvvələri tərəfindən İran mənşəli ballistik raketin zərərsizləşdirilməsi və tutucu mərminin qalıqlarının Türkiyənin Hatay vilayətinə düşməsi, – Yaxın Şərqdə artan hərbi-siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Hadisənin coğrafiyası, iştirakçı tərəflər və trayektoriyanın seçimi regionun təhlükəsizlik arxitekturasının nə qədər həssas olduğunu bir daha nümayiş etdirir.
Məlumata görə, İran ərazisindən buraxılan raket Suriya və İraqın hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edib və NATO qüvvələri tərəfindən Şərqi Aralıq dənizində zərərsizləşdirilib. Qalıqların Hatay vilayətinin Dörtyol rayonuna düşməsi hərbi qarşıdurma riskinin faktiki olaraq Türkiyə ərazisinə qədər uzandığını göstərir. Bu epizod regionda hava məkanlarının artıq yalnız suveren ərazi deyil, eyni zamanda, potensial hərbi tranzit zonaya çevrildiyini ortaya qoyur. Suriya və İraq üzərindən keçən trayektoriya Yaxın Şərqdə təhlükəsizlik boşluqlarının mövcudluğunu və bu boşluqların daha geniş geosiyasi oyunçular tərəfindən istifadə oluna bildiyini göstərir.
Alyansın operativ müdaxiləsi kollektiv müdafiə mexanizmlərinin işlək olduğunu nümayiş etdirdi. NATO-nun Türkiyəyə dəstək bəyanatı alyansın çəkindirici strategiyasının açıq mesajı kimi qiymətləndirilə bilər. Bu isə hadisənin sırf iki ölkə arasında epizod olmadığını, daha geniş bloklararası kontekstə malik olduğunu göstərir. Türkiyənin NATO üzvü olması səbəbindən onun hava məkanına yönəlmiş hər hansı raket trayektoriyası artıq beynəlxalq təhlükəsizlik gündəminə daxil olur.
Daxili siyasi müstəvidə isə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məsələ ilə bağlı prinsipial mövqe ortaya qoyub. Partiya tərəfindən yayılan açıqlamada İrandan atəşlənərək Türkiyə hava məkanına yönəldiyi təsbit edilən ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyi vurğulanaraq bildirilib ki, “Türkiyə Respublikası öz vətəndaşlarının can və mal təhlükəsizliyini təmin etmək məsələsində tam iradəyə və sarsılmaz potensiala malikdir”. Bu bəyanat həm daxili ictimai rəyə ünvanlanmış sakitləşdirici mesaj, həm də xarici aktorlara yönəlmiş siyasi siqnal xarakteri daşıyır.
Partiyanın Baş Qərargahından verilən açıqlamada regionda həssas prosesin davam etdiyi bir vaxtda ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyi xüsusi qeyd olunub və milli təhlükəsizlik mövzularında dezinformasiyaya yol verilməməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, başda Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi olmaqla rəsmi qurumların açıqlamalarından kənar mənbələrə, sosial media platformalarında yayılan spekulyativ məzmunlara və əsassız iddialara etibar edilməməlidir. Rəsmi kanallar vasitəsilə paylaşılacaq məlumatların əsas götürülməsi ictimai asayişin və informasiya təhlükəsizliyinin qorunmasının təməli kimi təqdim olunub. Bu yanaşma göstərir ki, müasir münaqişələr təkcə fiziki deyil, həm də informasiya məkanında paralel şəkildə aparılır.
Hadisədən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığının baş tutması diplomatik kanalların hələ də açıq saxlanıldığını göstərir. Ankara rəsmi etirazını bildirərək münaqişənin genişlənməsinin yolverilməzliyini vurğulayıb. Bu, Türkiyənin həm NATO çərçivəsində sərt təhlükəsizlik mövqeyini qoruduğunu, həm də region dövlətləri ilə birbaşa toqquşmadan yayınmağa çalışdığını göstərən balans siyasətidir.
Şərqi Aralıq dənizi son illərdə enerji marşrutları, dəniz səlahiyyət zonaları və hərbi mövcudluq baxımından strateji əhəmiyyətini artırıb. İran raketinin məhz bu trayektoriya üzrə hərəkət etməsi regionda güc nümayişi və çəkindirmə elementini ehtiva edir. Belə bir mühitdə hərbi insidentlərin təsadüfi səhv və ya yanlış hesablamalar nəticəsində daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riski yüksək olaraq qalır.
Bu hadisə fonunda Azərbaycanın sərhəd və təhlükəsizlik siyasətinə nəzər saldıqda, son illərdə həyata keçirilən tədbirlərin strateji baxımdan nə qədər əsaslandırılmış olduğu daha aydın görünür. Regionda raket və hava hücum sistemlərinin fəallaşması, münaqişə coğrafiyasının genişlənməsi və hava məkanlarının hərbiləşməsi fonunda sərhəd nəzarətinin gücləndirilməsi artıq alternativ deyil, zərurət kimi çıxış edir. Azərbaycan postmünaqişə mərhələsində sərhədlərin hüquqi və fiziki baxımdan möhkəmləndirilməsini prioritetə çevirərək potensial riskləri minimuma endirməyə çalışır.
Eyni zamanda, balanslaşdırılmış və çoxvektorlu xarici siyasət xətti ölkəni regional blok qarşıdurmalarından kənarda saxlamağa xidmət edir. Türkiyə və İranla diplomatik kanalların açıq saxlanılması, eyni zamanda, Qərb strukturları ilə əməkdaşlığın davam etdirilməsi Azərbaycanın təhlükəsizlik strategiyasında çevik və praqmatik yanaşmanı əks etdirir. Hatay insidenti göstərdi ki, müasir təhlükəsizlik mühiti sərhədlərin yalnız coğrafi deyil, həm də texnoloji və informasiya baxımından qorunmasını tələb edir. Bu reallıq fonunda Azərbaycanın sərhəd siyasəti və preventiv təhlükəsizlik yanaşması geosiyasi baxımdan düzgün və uzaqgörən seçim kimi dəyərləndirilə bilər.
Səbuhi MƏMMƏDOV
XQ

