Qlobal müharibə riski: Azərbaycan amili və dünya üçün nəfəslik

post-img

Yaxud ölkəmiz enerji və ticarət zəncirinin qırılması riski fonunda

Günü-gündən şiddətlənən və yeni silahların “dilə gələcəyi” ehtimalının artdığı İran böhranı ilə bağlı hazırda Türkiyə diplomatiyasının tutduğu mövqe son dərəcə açıq və belə demək mümkünsə, beynəlmiləl ruhludur. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın səsləndirdiyi son fikirlər bunu söyləməyə əsas verir.

Ankara, mahiyyətcə, tərəflərin yol verdikləri səhvləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Türkiyə ümidlidir ki, beynəlxalq aləmin müştərək səyləri gerçək müharibə həddinə çatmış, arealı genişlənməkdə və yeni boz çalarlar qazanmaqda olan qarşıdurmaya son qoyacaq. Bütün bunlar öz yerində.

Qardaş ölkənin ən böyük antisavaş arqumenti budur: ABŞ, İsrail və İran arasındakı müharibə dünyanın iqtisadi düzənini pozacaq. O düzəni ki, onun sabitliyində Azərbaycan da maraqlıdır. Marağımızın qlobal risklərdən müdafiə immuniteti və milli maraqlar amplitudası var və bu yazıda əsaslandırmaq istədiyimiz başlıca motiv elə budur.

Bəli, Türkiyə tərəfi müharibənin regionun təhlükəsizliyi, enerji tədarükü (xüsusilə Hörmüz boğazı) və global iqtisadiyyata təsiri barədə narahatlıq ifadə edib. Ankara, həmçinin, əlavə eskalasiyanın qlobal risklər doğuracağı düşüncəsini yayır. Aydındır ki, risklər daha böyük fəsadlara yol açacaq. Ona görə konflikt tərəflərinin hansısa formada anlaşmaları zərurəti meydana çıxır. Amma görünən odur ki, barış mühitinə doğru ciddi məsafə qət edilməlidir. Çünki qarşılıqlı sərt açıqlamalar və təhdid mesajları artmaqdadır. Ankaranın böyük regional aktor, dünyada qəbul edilən güc kimi duruma təsir üçün əlavə hansı rıçaqları olacaq, bunu zaman göstərəcək.

Azərbaycan həmişəki kimi, özünün təməl siyasət xəttinə sadiqdir. Ölkəmiz İsraillə strateji əməkdaşlığı, İranla mehriban qonşuluq münasibətlərini, ABŞ və Avropa ilə tərəfdaşlığı rəhbər tutur. Əlbəttə, mövcud trayektoriyada Türkiyə ilə müttəfiqlik xətti də əsasdır. Bütün bunlara görə rəsmi Bakının da qlobal enerji bazarlarında dalğalanmaları, logistika marşrutlarının təhlükə altına düşməsini və maliyyə sabitliyinə yönələn təhdidləri dünyanın iqtisadi düzənini sarsıda biləcək amillər kimi qiymətləndirməsi mümkündür. Belə qiymətləndirmə Azərbaycanın praqmatik və balanslı kursuna xüsusi aktuallıq qazandırır.

Qeyd edək ki, ölkəmizin əvvəllər yaşanmış münaqişəli situasiyaların aradan qaldırılmasına yönələn bəlli təcrübəsi var. Amma Prezident İlham Əliyevin təbirincə desək, lazımsız fəallıq göstərmək və parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət deyil. Deməli, dünyanın iqtisadi düzəninin sabitliyində maraqlı olan Azərbaycanın Yaxın Şərqdəki genişmiqyaslı hərbi toqquşmanın, ilk növbədə, enerji bazarlarına təsirini nəzərdən keçirməsi mütləqdir. Yəni barışsızlıq mühitində ümdə vəzifə budur.

Xüsusilə Hörmüz boğazı üzərindən daşınan neft və qazın həcminin qlobal tələbatın mühüm hissəsini təşkil etdiyi bir vaxtda bu marşrutda yaranacaq hansısa fasilənin qiymət şokuna və təchizat böhranına səbəb ola biləcəyi dəyərləndirilməlidir. Aydındır ki, belə bir vəziyyətdə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində strateji alternativ kimi çıxış edir. Nəzərə alaq ki, TANAP və TAP vasitəsilə Azərbaycan qazının Avropa bazarına çatdırılması qitənin enerji xəritəsində yeni reallığı formalaşdırıb. Eyni zamanda, Bakı–Tbilisi–Ceyhan boru kəməri regionun ən etibarlı neft ixrac marşrutlarından biri olaraq strateji əhəmiyyətə malikdir.

Ümumən, Azərbaycanın yürütdüyü siyasət ölkəmizin yalnız enerji ixracatçısı deyil, həm də qlobal sabitliyə töhfə verən məsul tərəfdaş obrazını canlandırır. Bu baxımdan onu da deyək ki, Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşməsi, habelə, qlobal ticarət zəncirlərinin pozulması ehtimalı fonunda alternativ nəqliyyat marşrutlarının əhəmiyyəti artır. Söhbət Orta Dəhliz təşəbbüsündən gedir. O təşəbbüs ki, Azərbaycan bu marşrutla Şərq ilə Qərbi birləşdirən etibarlı körpü rolunu oynayır. Onu da nəzərə alaq ki, Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa xətti üzrə yükdaşımaların artması ölkəmizin tranzit potensialını genişləndirir və onu Avrasiya məkanında mühüm logistika qovşağına çevirir. Beləliklə, Azərbaycan təkcə enerji deyil, həm də ticarət təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Əlbəttə, vurğuladığımız bu məqamlar heç də o demək deyil ki, məqsədimiz ölkəmizi İran, İsrail və ABŞ qarşıdurmasının dərinləşməsindən uduşlu tərəf qismində göstərməkdir. Niyyətimiz Azərbaycanın indiyədək tutduğu xəttin məhz diqqətə çatdırdığımız münaqişəli durumlardakı, bir növ, sığortaçı strukturunu qabartmaqdır. Hər bir halda, rəsmi Bakının xarici siyasət kursu qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Azərbaycan heç bir halda hərbi plasdarm nöqtəsi deyil və olmayacaq. Bununla bağlı prinsipial baxışımız illərin sınağından çıxıb.

Ayrıca Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli diplomatiyanın ölkəmizə müxtəlif güc mərkəzləri ilə konstruktiv münasibətlər qurmaq imkanı yaratdığını da diqqətə çatdırdıq. Əvvəldə Azərbaycanın həm İsraillə strateji tərəfdaşlığa, həm İranla mehriban qonşuluq münasibətlərinə, həm də ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığa malik nadir dövlətlərdən olduğunu təsadüfən vurğulamadıq. Onu da deyək ki, məhz bu unikal mövqe ölkəmizi dialoq və qarşılıqlı anlaşma üçün potensial platformaya çevirir. Üzərində dayanmaq istədiyimiz ən başlıca məqam budur. Təbii ki, münaqişə tərəflərinin anlaşmada maraqlı olmaları şərtdir.

Qeyd etdiklərimiz fonunda belə ümumiləşdirmə aparmaq olar ki, İran–İsrail–ABŞ qarşıdurmasının qlobal iqtisadi düzəni sarsıda biləcəyi bir şəraitdə Azərbaycan yalnız müşahidəçi deyil, proseslərə təsir imkanına malik aktordur. Əlbəttə ki, söhbət, belə demək mümkünsə, səssiz təsirdən, balanslı aktorluqdan gedir. O təsir və aktorluq ki, vəziyyətin daha da gərginləşəcəyi durumda dünyanın ona, sadəcə, əlahiddə ehtiyacı yaranacaq. Deməli, bu qənaətə gəlmək mümkündür ki, enerji təhlükəsizliyinin təmin olunması, alternativ nəqliyyat marşrutlarının inkişafı və diplomatik tərəfsizliyin qorunması Azərbaycanın mütərəqqi missiya daşıyıcılığı baxımından mövqeyini şərtləndirən ən mühüm amillərdir.

Sonda bir daha əvvəldə üzərində dayandığımız milli maraq amilini qabardaraq deyək ki, Azərbaycanın strateji xətti aydındır: milli maraqları qorumaqla regional və qlobal sabitliyə töhfə vermək, sülh və barış yaratmaq. Məhz bu siyasət ölkəmizi mürəkkəb geosiyasi proseslər fonunda etibarlı tərəfdaş və sabitlik adası kimi səciyyələndirir. Hesab edirik ki, münaqişə tərəflərinin mövcud məqamı nəzərə almasında fayda var. Çünki Türkiyə tərəfinin də vurğuladığı kimi, münaqişə tərəflərinin başlatdıqları və hələlik aradan qaldırılmasına iradə göstərmədikləri müharibə dünyanı yaşam riski qarşısında qoymamalı, məhrumiyyətlərə və məşəqqətlərə sürükləməməlidir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət