(Qazinin gündəliyindən)
Müharibə dedikdə yadıma ilk olaraq Füzuli–Cəbrayıl cəbhəsi düşür. Füzuli dedikdə isə Kürdlər, Dördçinar və s. istiqamətlər...
Bu kəndlərin qarşısında düşmən önündə müəyyən yüksəklik–təpələrin bəzisində bizim batalyon yerləşib. Qarşılıqlı olaraq düşmənin artileriya hücumları başlayır. Həm orda qalmağa imkan verməməliyik, həm də üstümüzə toplardan və minaatanlardan mərmi yağdırılır.
Dərinliyi dizdən olan, ot basmış səngərə yerləşirəm heyətimizlə. Qazılma istiqaməti və sairdən aydın hiss olunur ki, bu səngər 1-ci Qarabağ savaşından qalmadır. Allah bilir, o zaman orada kimlərimiz şəhid olub. İndi onların övladlarıdır o səngərdə olanlar. Bu qədər mərmi yağmuru olsa da, hələ itkimiz yoxdur. Bəlkə Birinci Qarabağ savaşında orda şəhid olanların ruhudur bizi qoruyan?!
Bir neçə dəqiqə sonra sağ istiqamətimizdə yerləşən düşmən bölükdən artilleriya atışlarından sonra bir zabitimiz və iki əsgərimiz yaralanır. Səhv etmirəmsə, baş leytenant Əmrahov sağ əlinin barmaqlarını itirir. Bir əsgər boğazından, digəri isə bədənindən yaralanır. Digər bölmələrin də köməkliyi ilə yaralılar oradan aparılır.
Bunun ardınca bizim ordunun şiddətli əks artileriya hücumu, atışları başlayır. Bir neçə partlayışsa raket atıldığının bariz nümunəsi idi. Həm təhlükə var, həm də bu raket partlayışlarına olan marağımı öldürə bilmirəm. Bu nədir, bu nə partlayışlardır belə... Torpağın bağrı yarılır sanki.
Bu atışlardan sonra düşmən artileriyası səngiyir, sonra isə tam dayanır. Gecəyə yaxın bizə məlumat verilir: Bir azdan "qonaqlarımız" olacaq, heç bir halda qarşı tərəfə, hərəkətliliyə atəş açmayın. Bildiyiniz qüvvələr, yəni bizim ordu – XTQ və digər bölmələr gecəylə hücuma keçəcək.
...Qısa müddət ərzində yuxarıda adlarını sadaladığım kəndlər, həmin məntəqələrin qarşısı və digər istiqamətlər düşməndən tam təmizlənir. Amma sonrakı günlər ərzində digər döyüşlərdə batalyonumuz 4 şəhid verir, 20-yə yaxın hərbçimiz yaralanır.
Bu şəkil isə həmin kəndlər və qarşısı təmizləndikdən sonra çəkilib. Orda nəfəs kəsən gərgin günlərdən sonra 2-3 gün dincəlmək olardı...
P.S. Şəhər gününüz mübarək, əziz füzulilər!
Emin PİRİ,
şair-publisist

