...Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsində strateji əhəmiyyət daşıyırdı. Çünki bu qəsəbənin coğrafi mövqeyi əlverişli idi və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük verirdi. Bu qələbə çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur idi.
Döyüşlər isə davam edirdi. O tarixi günlərə nəzər salanda görürük ki, düşmənin Suqovuşanda ağır məğlubiyyətə uğradılmasında, tutduğu mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilməsində polkovnik-leytenant Əfqan Abdurahmanov və tabeliyində olan bölmələr ölüm-dirim savaşına çıxıb. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları o günlərdə bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edildi. Düşmən isə Suqovu-şanın itirilməsi ilə heç cür barışa bilmirdi, bu önəmi yaşayış məntəqəsini geri almaq üçün bir neçə dəfə əks-hücuma keçdi. Lakin ordumuz həmin hücumlarn qarşısını aldı və ermənilər çoxsaylı canlı qüvvə və texnika itirərək geri çəkilməli oldular.
Oktyabrın 4-ü, 5-i və 6-sı Suqovuşan yaşayış məntəqəsi yaxınlığında yerləşən yüksəklikdə əlverişli mövqe tutan Əfqan Abdurahmanov buradan iki hərbi hissənin bölmələrinin “530”, “951” yüksəklikləri və Gödəkburun dağı istiqamətində olan ərazilərin azad edilməsi əməliyyatını istiqamətləndirdi. Rabitədə Bayram İbişovun işarəsi “Bayram-01”, Əfqanınkı isə “Əfqan-36” idi. Döyüşlərin gedişində yalnız iki səs gəlirdi. Yuxarı qərargahla danışıqları onlar aparırdılar.
Oktyabrın 4-də işğalçı qüvvələr dörd tank və bir ədəd iriçaplı silahdaşıyan zirehli texnikanın (BMP) köməyi ilə Ağdərə istiqamətindən Suqovuşan yaşayış məntəqəsinə doğru əks-hücum əməliyyatı həyata keçirmək istədilər. Müdafiədə duran döyüş növbətçilərimiz bu barədə dərhal polkovnik-leytenant Əfqan Abdurahmanovla Bayram İbişova məlumat verdilər. Suqovuşanın yuxarısından döyüşə hazır vəziyyətdə olan “SPQ-9” silahı ilə düşmənin desant daşıyan zirehli texnikası məhv edildi. Sonrakı atəşdə mərmi düşmənin olduğu yerə düşdü. Onlar kifayət qədər itki verdilər, yaralıları daha çox idi. Digər zirehli texnikaların taleyi də əvvəlkindən fərqlənmədi.
Suqovuşanın yaxınlığında “Teleqüllə” yüksəkliyində mayor Mirdamət Bağıyevin qrupu yerləşirdi. Həmin ərazidən ətraf zona müşahidə altında idi. İki tankı qrup “SPAYK” ilə məhv etdi və düşmən əks-həmləni kəsməyə məcbur oldu. Oktyabrın 5-də Qaçay Abdullayev yaralandı. O, Vətən müharibəsinin ilk günündən döyüş əməliyyatlarında iştirak etmiş, Suqovuşan uğrunda döyüşlərdə yanına düşən minomyot mərmisinin partlaması nəticəsində sağ ayağını dizdən aşağı itirmişdi. Sol qulağı da ciddi zədə almışdı.
Kapitan Vüqar Əliyev o günləri xatırlayaraq deyir:
– Qaçay adlı cəsur bir gizirimiz vardı, döyüş vaxtı yanına minaatan mərmisi düşdü, yaralandı. Gördüm ki, məni çağırır. Tez yanına qaçdım. Dedi: “Hər şey yaxşıdır, heç nəyə görə narahat olma”. Halbuki onun ayağını mərmi üzüb qoparmışdı. Tez ona morfi vurdum, ilkin tibbi yardım göstərib təxliyə etdik. “Məndən ötrü narahat olma, uşaqlar sizə əmanətdir”, – dedi. Yəni o cür yaralı vəziyyətdə belə heç kim ruhdan düşmürdü.
Oktyabrın 6-da isə bölük komandiri Elçin Ağayev şəhid oldu. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib, bir sıra uğurlu əməliyyatlarda şücaəti, ilə əsgərlərinə nümunə olub, onları qətiyyətlə düşmən üzərinə aparıb. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Oktyabrın 7-də artıq Azərbaycan bölmələri şərqdəki bütün yüksəklikləri götürmüşdü.
Ümumiyyətlə, Talış–Suqovuşan əməliyyatında düşmənin 6-cı dağatıcı 193-cü desant həmlə taboru, 022 xüsusi təyinatlı qüvvələrin iki taboru, 77-ci əlahiddə tank taboru məhv edildi, 7-ci, 5-ci dağatıcı alaylarına, 38-ci əlahiddə mexanikləşdirilmiş briqadaya ağır zərbələr endirildi. Düşmənin ümumilikdə 96 tankı məhv edildi, 13 tank və 161 avtomobil texnikası, 24 ədəd “D-30” topu ordumuz tərəfindən qənimət kimi götürüldü. Suqovuşanda silah-sursat anbarı da ordumuza qaldı.
Bununla da yenilməz deyilən xətlərin keçilməsi, erməni ordusunun məhv edilməsi, silah-sursatının ələ keçirilməsi, əsgərlərinin döyüşü tərk edib qaçması, ordusunun dağılması, tarazlığının pozulması baş verdi. Başlıcası isə düşmənin döyüş əzmi və qərarlılığı məhvə düçar oldu. Bütün bunlar nəticə etibarı ilə erməni xalqının, dövlətinin psixoloji olaraq çökməsinə, sonun başlanğıcına səbəb oldu.
P.ƏFƏNDİ
XQ


