1988-ci ilə bir il qalırdı. Şad-xürrəm, bir qədər də kövrək əhvalla orta məktəbi qurtarmağımızı – “Son zəng”imizi qeyd edirdik. Günorta çağı sinif yoldaşlarımızdan birinin həyətinə yığışmışdıq. Deyir-gülür, rəqs edir, sevimli müəllimlərimizdən xeyir-dua alırdıq.
Onda heç ağlımıza da gəlməzdi ki, bir il sonra Qarabağa düşmən əli uzanacaq, hansısa yoldaşımız Vətən yolunda şəhid olacaq. O saatlarda böyük arzularla yaşayan Rüfətin taleyinə, sən demə, ermənilərin ərazi iddiaları ilə başladıqları müharibədə qurban getmək düşübmüş. “Son zəng” günümüzdə hamıdan çox təsirlənən də məhz Rüfət olmuşdu. Yadıma gəlir ki, həmin gün “Əlvida” mahnısını dinlədikcə Rüfət necə kövrəlmişdi, yanaqlarından yaş da süzülmüşdü. Bir də onu xatırlayıram ki, yığışdığımız bağçada açan qızıl gülləri görüb dedim ki, başqa qızılgüllərdən həyətimizdə əkmişəm. Ən çox xoşladığım “qırxyarpaq” qızılgüldən isə bizim həyətdə yoxdur. Həmin günün səhəri qonşuluqda yaşayan Rüfəti qapımızın ağzında gördüm. Qollu-budaqlı “qırxyarpaq” qızılgüllə gəlmişdi. Öz bağçalarından çıxarıb gətirmişdi. “Bunu həyətinizdə ək, heç olmasa, bu gül açanda məni yada salarsan” – deyib getmişdi.
Sonra hər kəs seçdiyi ali məktəbə üz tutdu. Rüfət isə ordu sıralarına yollandı. O, əsgərliyini başa vurar-vurmaz başımızın üstünü qara buludlar aldı. Rüfət də bütün həmyaşıdları kimi Qarabağ uğrunda döyüşlərə yollandı.
Onun bağışladığı qızılgül kolu artıb həyətimizi başına götürmüşdü. Kəndə yay tətilinə gələndə açıb-solmuş olurdu. 1993-cü ilin mayında çətin günlərini yaşayan kəndə getdim. Davanın qızğın vaxtı idi. Buna görə də atam axşama qalmağımı istəməyib dedi: “Qayıt şəhərə, qızım. Mən hərbçiyəm, burdan çıxmağa ixtiyarım yoxdur, səninsə burda qalmağını istəmirəm”.
O gün kənddə ölüm sükutu hökm sürürdü. Doğrudan da, çox təhlükəli vəziyyət vardı. Ev-eşiyini atıb gedə bilməyən, yanar oda düşən hər kəs bizim həyətə toplaşmışdı... Gecə səhərə qədər oturub mərmi, atışma səsini dinləyən, balasının fəryadı qulaqlarında cingildəyən qadınlar artıq başlarının üstünü kəsdirmiş erməni daşnakları kəndə girəcəkləri halda nə edəcəklərini düşünürdülər. Hamının odlu nöqtələrdə əzizi vardı, son vaxtlar kəndə gələn təcili yardım maşınları isə yaralı yox, şəhid gətirirdi. Fəryadlar ərşə qalxırdı...
Tərs kimi, həmin gün də elə oldu, qulaqlarımı tutub evə qaçdım. Anamın bayırda dediyi sözlər qulaqlarıma qurğuşun kimi süzüldü: “Ramiləyə deməyin kimdir, qoyun, bilməsin, çıxıb getsin Bakıya”. Ani sükutdan sonra qonşu həyətdən qopan qışqırtı mənə hər şeyi əyan elədi. Rüfətgilin evi idi.
Sanki məni ildırım vurdu. Neçə illərdən sonra bu gün ilk dəfə onun ərməğan etdiyi qızılgüllərin açdığını görmüşdüm. Cəld onların hamısını yığıb böyük bir əklil düzəltdim, Rüfətgilə getdim. Çoxdan üzlərini görmədiyim, təhsillərini buraxıb kəndin müdafiəsinə qoşulmuş sinif yoldaşlarım sıra ilə düzülmüşdülər. Müəllimlərimiz də orada idilər. Şəhid əsgərlərlə bərabər Rüfətin də cəsədi 3 gün döyüş ərazisində qalıbmış. Kəndi geri alan əsgərlərimizin ilk işi cənazələri sahiblərinə çatdırmaq olub. Anasının ağısı altında əklili onun cənazəsinin qarşısına qoydum. Sonra mən qatara minib Bakıya yön aldım. Rüfəti isə gecə ikən şam işığında cəmi bir neçə ay sonra yağmalanacaq yurdun torpağına tapşırdılar...
İndi Rüfətin, Arazın, Adilin, Mübarizin və yüzlərlə şəhid həmyaşıdımın ruhu şaddır. Kəndimiz, yurdumuz işğaldan azad edilib. Vaxtilə oxuduğumuz məktəbin binasında şanlı ordumuzun hərbi hissəsi yerləşir.
Tezliklə o bina yenə məktəb olacaq. Rüfətin ruhu bir daha o zaman sevinəcək.
R.QURBANLI
XQ


