Nizami Gəncəvi özünün yaratdığı “Xosrov və Şirin” poemasına məhəbbətin, eşqin möhtəşəm abidəsi kimi baxırdı. O, eşqdən alovlanıb yanan bir aşiq kimi deyirdi:
– Mənim aləmimdə eşqdən gözəl bir şey yoxdur. Nə qədər ki, sağam, qoy eşqdən başqa işim olmasın. Fələyin eşqdən özgə mehrabı yoxdur. Eşq torpağı olmasa, yerdə su tapılmaz... Göylər eşqdən azad olsaydı, yer üzü abad olmazdı... Dünyada eşq dərdindən yaxşı heç nə yoxdur. Onsuz gül gülməmiş, bulud ağlamamışdır. Əgər daşın qəlbində eşq varsa, o gövhəri məşuqə kimi qucaqlayar, əgər maqnitdə eşq olmasaydı, dəmiri o qədər böyük bir şövq ilə özünə tərəf çəkməzdi. Əgər kəhrəba aşiq olmasaydı, saman çöpünü axtarıb tapmazdı.
Əgər dərindən düşünsən, görərsən ki, bütün kainat eşq üzərində dayanmışdır:
Eşqdir mehrabı uca göylərin
Eşqsiz, ey dünya, nədir dəyərin!
“Bar gətirən ağac əkməliyəm”
Nizami özünə qarşı çox tələbkar idi. O, özünü “şair” adlandıranlara deyirdi ki, əgər şeirin səni hamıya tanıtdırmırsa, özünü “şair” adlandırma. Şair həyatın mənasını çalışmaqda, yaratmaqda, xalqına fayda verməkdə görürdü.
Nizami “İsgəndərnamə” poemasını qələmə alanda artıq gəncliyini arxada qoymuş, ömrünün baharı xəzana dönmüş, sərv qəddi bükülmüş, gücü-taqəti tükənmişdi. Lakin şairin qəlbi hərarətlə döyünür, coşurdu, gözünün yuxusu itmişdi. Dahi sənətkar ahıl vaxtında öz varlığını unutmuş, daha yeni bir əsər yazmaq arzusu ilə həvəslənib demişdi:
– Pərvanələr üçün yeni bir şam yandırmalı, bar gətirən bir ağacın tumunu əkməliyəm.
Şairin iradəsi qalib gəlir, “İsgəndərnamə” böyük sənət eşqilə yazılır və başa çatdırılır. Nizami öz ölməzliyinə, əbədi yaşayacağına inanır və deyirdi:
Yüz il sonra desən, “haradadır, o?”
Hər yerdən səs gələr, “buradadır, o!”
“Leyli və Məcnun” necə qələmə alınıb?
Hökmdar Axsitanın “Leyli və Məcnun” poemasını qələmə almasını və “bu təzə gəlini fars və ərəb bəzəyi ilə bəzəməsini” Nizamidən tələb etməsi şairi bərk əsəbiləşdirmişdi. O demişdir: “Şahın halqasının qulağıma taxıldığını gördükdə qan beynimə vurdu. Nə bu təklifi rədd etməyə cürətim vardı, nə də xəzinəyə yol tapmaq üçün gözüm vardı”.
O, şahın təklifini rədd etmək istəyəndə “canından əziz tutduğu” oğlu Məhəmmədin xahişini yerə salmır, fikrindən daşınır. Məşhur aşiqanə “Leyli və Məcnun” poemasını qəlbinin qanı ilə yazır və başa çatdırır.
Z.HÜSEYNLİ
XQ