Gecikmiş qış “sevgi”si

post-img

Artıq gücü çatmır, yorulub əldən düşüb. Nə qədər çalışır, bacarmır. Gölləri, çayları don­durmaq istəyir, buludların ara­sından ona gülüb, tez də çəkilən günəşi görür...

“Hakimiyyəti itirmək” nə pis iş imiş, balam. İndi səni sayan da yoxdur. Heç qorxan da. Nə olsun ki, yağdırmısan, oranı buranı ağartdırmısan. Göygölü, Maralgölü ki, daha dondura bilmirsən. Yağdırırsan də özün üçün. Varlığını sübut etmək, keçənləri yada salmaq istəyirsən. Amma nahaq. Yaz gəlib ey, yaz! Çıx get. Bir o ağartdığın yerə bax. Zanbaq gülünü görürsənmi? Heç vecinə də deyil sənin o öləzəmiş qarın. Gör necə məğrur dayanıb. Sabah Ana Günəşi qarşılayacaq. Səni isə heç görən də yoxdur. Görsələr də görməməzliyə vururlar, sanki yoxsan. Get, get qayıt evinə-eşiyinə. Bir də növbən çatanda gələrsən...

Bunları Göygöl Milli Parkının direktoru Fuad Quliyevə söyləyəndə, “bilirəm, qışı nəzərdə tutursunuz”, – deyib gülümsədi.  “Çağırılmamış qonaq” olsa da, xətrinə dəyməyək, müəllim. Bu onun gecikmiş məhəbbətidir. Hər fəslin öz gözəlliyi var və bizim göllər hər fəsildə gözəldir”

H.ZEYNALOĞLU
XQ

 

Sosial həyat