Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Məlumatı nazirliyin mətbuat xidməti yayıb.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi tərəfindən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində fiziki şəxs Əliyev Seymur Həsən oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
P.ƏMİRCANOV
XQ