Professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçildi

post-img

Bakıda Türk Millətçiliyi Günü münasibətilə Türk dünyasının elmi, mədəni və pedaqoji əməkdaşlığını daha da gücləndirməyi hədəfləyən toplantı keçirilib. BZT Turan Akademiyasının təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, Türk dünyasının önəmli tədqiqatçılarından olan professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib.

BZT Turan Akademiyası 2019-cu ildə bir qrup gənc və təşəbbüskar alim tərəfindən təsis edilib. Bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi məqsəd qoyan akademiya 27 ölkədən 68-dən çox elmi qurumla əməkdaşlıq edir, beynəlxalq konqreslər, simpoziumlar keçirir. 

Akademiyanın Bakı toplantısında Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Ürgənc Dövlət Pedaqoji Universiteti kimi 15 nüfuzlu  universitetindən və Türkiyədən gəlmiş nümayəndə heyətləri və elm adamları iştirak ediblər. Professor Mahirə Hüseynova Özbəkistanın Məmun Universiteti və Ürgənc Dövlət Pedaqoji Universitetinin təklifi ilə irəli sürülən namizədlər arasından Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib.

BZT Turan Akademiyasının Türkiyə üzrə rəhbəri Baha Əhməd Yılmaz və Azərbaycan üzrə rəhbəri Niyaməddin Şükürov professor Mahirə Hüseynovaya Türk dünyası ziyalılarının əməkdaşlığına verdiyi töhfələr üçün minnətdarlıqlarını çatdırıblar. 

XQ



Sosial həyat