Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli biliniblər

post-img

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı A.Əsgərov saxlanılıb. Onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı 7 kiloqram marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

DİN Mətbuat Xidmətinin məlumatına görə, polisin daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdiyi növbəti tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı R.Məmmədxanlı saxlanılıb. Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb. 

Mayın 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat