Türkiyənin Avropa qapısı – Ədirnə

post-img

Şəhər Osmanlı zamanından əvvəl Bizansın paytaxtı olub

Türk xalqları tarixən məskunlaşdıqları geniş coğrafi ərazidə orijinal memarlığı ilə seçilən çox sayda şəhərlər salıblar. Bu sivil məskənlərin tarixi, mədəniyyəti, həyat tərzi barədə “Turan abidələri” silsiləsindən yazılar dərc etməyə başlayırıq. İlk səyahətimiz Türkiyənin Rumeli adlanan ərazisindəki qədim və gözəl Ədirnəyədir.

Türkiyənin Mərmərə bölgəsində yerləşən Ədirnə şəhəri özündə bir neçə imperiyanın tarixindən qopub gələn əks-sədaları yaşadır. Buradakı qədim mədəniyyət abidələri, park və meydançalar, istirahət guşələri ilboyu həm yerli, həm də əcnəbi ziyarətçilərə öz zənginliyini sərgiləyir.

Bir zamanlar Bizans imperiyasının paytaxtı olmuş Ədirnə (Andrianopol) “Türkiyənin Avropaya açılan qapısı” da adlandırılır. Bu şəhər Roma, Bizans və Osmanlı imperiyalarının maddi və mənəvi mirası ilə tanış olmaq üçün zəngin bir xəzinə timsalındadır. Eyni zamanda, ətrafdakı füsunkar təbiət mənzərələri bu gözəlliyi tamamlayır.

Səyahətçilər Ədirnəyə İstanbul Hava Limanından avtomobillə 2,5 saat yol qət edərək çata bilərlər. Onlar üçün burada dərhal tarixə retro səyahət başlayır. Ədirnəni 1361-ci ildə Sultan I Murad fəth edib. Burada bir-birindən gözəl məscid və mədrəsə binaları ucaldılıb və onların çoxu hazırda maddi mədəniyyət abidələri kimi qorunur.

Ədirnənin ən görməli yerlərindən biri məşhur memar Sinanın şah əsəri olan Səlimiyə məscididir. Bu tarixi abidə UNESKO-nun Dünya İrsi siyahısına daxil edilib. Original arxitekturası ilə seçilən məscid Osmanlı memarlığının zirvələrindən biri sayılır. Binanın ətrafında bir neçə məktəb və xəstəxana inşa edilib. İstanbuldakı Topqapı Sarayına qədər Osmanlı sultanlarının iqamətgahı olmuş Ədirnə Sarayı (el arasında “Yeni Saray” adlandırılır-müəllif) turistlərin ən çox maraq göstərdikləri məkanlardandır. Nəhəng xəttatlıq yazıları ilə tanınan Əski (Köhnə) məscid də Ədirnə ustalarının zəngin bədii irsini nümayiş etdirir.

Ədirnənin baxmalı, görməli tarixi abidələri arasında diqqət çəkən məkanlardan biri də II Bəyazid Külliyesi daxilində yerləşən Sultan II Bəyazid Sağlamlıq Muzeyidir. Maraqlıdır ki, 1488-ci ildə əsası qoyulan bu keçmiş Osmanlı xəstəxanasında xəstələr pulsuz müalicə alıblar.

Muzeyin direktoru Ənvər Şengül, adətən, ziyarətçilərə bu müalicə mərkəzi barədə özü məlumat verməyi sevir. Hər dəfə də qeyd edir ki, burada müalicə prosesində musiqidən şəfaverici vasitə kimi istifadə ediblər. Ruha qida verən musiqi yaxınlıqdakı bağların ətirli qoxuları ilə “birləşərək” insanlara şəfa bəxş edib. Yeri gəlmişkən, musiqidən müalicə vasitəsi kimi türklərin ulu babaları səlcuqlar da istifadə ediblər.

Deyilənlərə görə, Ədirnəni əhatə edən ərazilərin təbii gözəlliklərinə heyran qalmamaq qeyri-mümkündür. Bura təşrif buyuranları şəhərin sahilinə sığındığı Saros körfəzi, Tunca və Meriç çaylarının günəşin şəfəqləri altında sayrışan suları, sadəcə, valeh edir. Bundan əlavə, Musabəyli bağı və Qala Gölü Milli Parkı gəzinti və istirahət üçün mükəmməldir.

Ədirnə tarixi yerləri və təbii gözəllikləri ilə yanaşı, ustad sənətkarları ilə seçilib və sevinib. Bu gün də ziyarətçilər şəhərdə yerli sənətkarların əl işləri ilə tanış ola bilərlər və buradakı dükanlardan özləri üçün xoş bir xatirəyə çevriləcək suvenirlər ala bilərlər.

Ən başlıcası, Ədirnə qədim olduğu qədər də müasirdir. Burada rahat infrastruktur yaradılıb. Şəhər sakinləri turistlərə qarşı çox nəzakətlidirlər. Buna görə də Ədrirnəyə bir dəfə gələn bir də gələcəyəm deyir. Hamıya qismət olsun!

Məsaim ABDULLAYEV
XQ



Sosial həyat