Rumıniya prezidenti kim olacaq?

post-img

Mübarizə liberal və millətçi namizədlər arasında gedir

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci, həlledici turu keçirilir. Qeyd edək ki, mayın 4-də seçkilərin birinci turunda sağ mühafizəkar siyasətçi, “Rumınların Birləşməsi Alyansı” partiyasının rəhbəri Ceorce Simion 41 faizlə 1-ci yeri, paytaxt Buxarestin meri, liberal siyasi baxışları ilə seçilən Nikuşor Dan isə 21 faiz səslə 2-ci yeri tutublar. Son rəy sorğularına görə, hər iki namizədin seçkilərdə qalib gəlmək şansı var.

Xatırladaq ki, iki həftə əvvəl səsvermə zamanı hakim koalisiyanın nümayəndəsi Krin Antonesku I turda 20,1 faiz səslə 3-cü yerlə kifayətlənməli olub. Bu səbəbdən Rumıniyanın Baş naziri, “Sosial-Demokrat Partiyasının lideri Marsel Çolaku öz vəzifəsindən istefa verib.

Son illər Avropanın bir çox dövlətlərində olduğu kimi, Rumıniyada da sağ millətçi partiyaların sosial bazası güclənib. Bu, təbii ki, hər bir ölkədə seçkilərin nəticələrinə də öz təsirini göstərir. Rumıniyada prezidentliyə iddiaçı Ceorce Simion qatı millətçi siyasi baxışları ilə seçilir. Yeri gəlmişkən, o, ABŞ prezidenti Donald Trampın qızğın tərəfdarlarındandır. Xaricdə yaşayan rumınların çoxu məhz C.Simionu dəstəkləyiblər.

C.Simion bugünlərdə seçicilərlə görüşləri zamanı bildirib ki, son, həlledici turda da qələbə qazanarsa, o zaman özünün müəllimi adlandırdığı, qatı millətçi Kelin Corceskunun hakimiyyətin ən yüksək pilləsində təmsil olunmasını təmin edəcək. Qeyd edək ki, Rumıniyada ötən ilin sonunda keçirilən prezident seçkilərində məhz rusiyapərəst siyasətçi K.Corcesku 1-ci yerə çıxmışdı. Lakin həmin seçkilərin nəticələri ləğv olunmuşdu.

Rumıniyanın hakimiyyət dairələri iddia edirlər ki, bir çox dövlətlər, xüsusilə də Rusiya o zaman qeyri-qanuni şəkildə prezident seçkilərinin nəticələrinə müdaxilə ediblər. Onların fikrincə, bu, kiberhücumlar, mediaya və sosial şəbəkələrə gizli yollarla saxta informasyaların sızdırılması və bu qəbildən olan digər təxribatlar vasitəsilə olub. Rəsmi Moskva isə bu ittihamları təkzib edib.

Budəfəki seçkilərin favoriti C.Simion etnik baxımdan rumınlara çox yaxın olan Moldovanın bu ölkəyə birləşdirilməsinin tərəfdarı kimi çıxış edir və məhz buna görə də onun qonşu ölkənin ərazisinə gəlişi qadağan edilib. O, Rusiya iqtidarını Ukrayna torpaqlarını işğal etdiyinə görə ittiham edir, eyni zamanda Ukraynaya silah verilməsinin də əleyhinə çıxış edir. Bu səbəbdən C.Simion Ukraynada da “persona non-qrata”, yəni “arzuolunmaz şəxs” elan edilib. Bundan başqa, C.Simion Aİ-nin bürokratik bir quruma çevrildiyini vurğulayaraq bu qurumda islahatların qaçılmaz olduğunu bildirir.

C.Simionun rəqibi Nikuşor Dan isə, əksinə, avropapərəst baxışları ilə tanınır və ölkəsinin qitənin əsas qurumlarında fəaliyyətinin gücləndirilməsinə çalışacağını vəd edir. N.Dan, həmçinin 3 il əvvəl Rusiyanın hərbi müdaxiləsinə məruz qalmış Ukraynaya maliyyə və hərbi dəstəyin artırılmasının tərəfdarıdır.

Rumıniya Qərbdən Ukraynaya silah-sursatın çatdırılmasında tranzit ölkə rolunu oynayır. Onun ərazisində ABŞ-ın raket hücumlarından müdafiə sistemi, eləcə də 3 hərbi aviabazası mövcuddur. Orada yerləşdirilən NATO təyyarələri Ukrayna və Moldovaya qədər əraziləri, eləcə də Qara dəniz üzərində hava məkanlarını nəzarətdə saxlayır.

Məlumdur ki, Ukrayna istehsal etdiyi taxılın 70 faizini Rumıniyanın Qara dəniz sahillərindəki ərazi suları vasitəsilə ixrac edir. Rumın pilotlar isə “F-16” təyyarələrindən səmərəli istifadə etmələri üçün ukraynalı həmkarlarına təlimlər keçirlər. Beləliklə, Avropa İttifaqı, eləcə də Ukrayna Rumıniyada N.Danın seçilməsini arzulayır. Amma son sözü məntəqələrə səs verməyə gələn seçicilər deyəcəklər.

Məsaim ABDULLAYEV
XQ

Dünya