Avropa Siyasi Birliyinin Tirana Sammiti
Prezident İlham Əliyevin diplomatik məharəti ilə yadda qaldı Diplomatiyanın getdikcə daha çox şahmat oyununa bənzədildiyi bir dövrdə öz yerini müəyyən etmək və möhkəmləndirmək, çətin beynəlxalq şəraitdə belə hədəflərə çatmaq bacarığı hər liderə nəsib olmur.
Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı Avropa Siyasi Birliyinin (ASB) Tirana Zirvə görüşünü Azərbaycanın müasir tarixində ən mühüm diplomatik qələbələrdən birinin əldə edildiyi Praqa Sammitindən sonra uğurla həyata keçirdiyi xarici siyasət xəttinin məntiqi davamı saymaq olar.
Bugünədək ASB-nin dörd zirvə toplantısı keçirilib. Sonuncusu 2024-cü ildə Böyük Britaniyada baş tutub və Prezident İlham Əliyev Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə orada iştirak edib. Biz Tirana Sammitinin Azərbaycan üçün tarixi əhəmiyyətini tam başa düşmək üçün gərək 2022-ci ilin payız hadisələrinə qayıdaq. Həmin ilin oktyabrında Praqa Sammitində 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Bu sammit Azərbaycanın siyasi salnaməsinə beynəlxalq aləmdə yeni çalarların yer aldığı bir məqam kimi düşüb. Məhz iki il səkkiz ay bundan əvvəl Azərbaycanın “kollektiv Qərb” adlı bədxahının düzüb-qoşduğu məkrli hücum “taktikası” “qrossmeyster”in ustad gedişləri ilə pozuldu.
Ermənistan siyasi rəhbərliyinin, revanşistlərin, eləcə də, rusiyalı ekspertlərin Praqada qəbul edilmiş bəyanatı tənqid etmələri təsadüfi deyildi. Çünki həmin sənəd Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının çıxarılmasını sürətləndirdi. Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının iştirakı ilə keçirilən görüşlər və onların yekun nəticəsi siyasi-diplomatik yolla imza atdığımız növbəti qələbəmiz oldu.
Siyasi gündəmə söykənən dəqiq addımlar
ASB-nin Tirana Sammitinin əvvəlkilərdən fərqli atmosferdə baş tutduğunu deyə bilərik. Bu fərqliliyi şərtləndirən amillərdən biri Prezident İlham Əliyevin çoxtərəfli və ikitərəfli görüşlərdə nümayiş etdirdiyi özünəməxsus diplomatik çevikliyi, siyasi iltifatı, ağayana duruşu iştirakçıların, eləcə də bu səhnələri ekran qarşısında izləyən milyonlarla tamaşaçının gözündən yayınmadı. Azərbaycanın bu toplantıda suverenliyini bərpa etmiş ölkə mövqeyindən çıxış etməsi nə qədər qürurverici idisə, dövlətimizin başçısının yüksək diplomatik xarizmasının vizual təsdiqi və ən önəmlisi, onun dünya çapında qazandığı liderlik statusunun hamı tərəfindən qəbul olunması faktı ayrıca qeyd olunmalıdır.
İlham Əliyev bu statusu bir günün içində qazanmayıb. Bu, dövlətimizin başçısının daxili prioritetlərin və xarici tendensiyaların aydın dərk edilməsinə, qlobal çağırışlara operativ qoşulmasına əsaslanan və uzun illər ərzində aparılan sistemli diplomatik fəaliyyətin məntiqi nəticəsidir. Siyasi uzaqgörənliyə söykənən hesablamalar, hadisələrin inkişafını proqnozlaşdırmaq və ölkənin strateji maraqlarına cavab verən həll yollarını operativ təklif etmək bacarığı... İlham Əliyevi fərqləndirən cəhətlər bunlardır.
İndiyə qədər kənar müşahidəçidə, təbii olaraq, belə bir təsəvvür yarana bilərdi ki, Azərbaycan–Aİ münasibətləri bir-birindən uzaqlaşmağa doğru gedir. Aİ-nin əvvəlki administrasiyasının Azərbaycana münasibətdə haqsızlıq nümayiş etdirməsi fakt idi. İntəhası, Azərbaycan liderinin qəti və dəyişməz siyasi mövqeyi bu faktın aradan qaldırılmasına səbəb oldu. Artıq Azərbaycan istər siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində, istərsə də dünyanın üzləşdiyi qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Bu mənada Aİ də yaxşı başa düşür ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə hədəflədiyi məqsədlərə çatmasında Azərbaycandan başqa sabitqədəm tərəfdaş tapa bilməyəcək. Təşkilatın rəsmisi Kaya Kallasın Azərbaycana səfəri, Aİ prezidenti Antonio Koştanın dövlət başçımızla telefon danışığı, Ursula Fon der Lyayenin Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Aİ-nin Azərbaycana verdiyi dəyərin göstəricisi idi.
Bu gün əminliklə deyə bilərik ki, Aİ ilə Azərbaycan arasında diplomatik əlaqələr tam bərpa olunub və normal məcraya düşüb. Tirana səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropanın aparıcı dövlətlərinin liderləri ilə keçirdiyi ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq istəyinin böyük miqyasını nümayiş etdirirdi.
Hamının hesablaşdığı beynəlxalq aktor
Artıq dünyanın “böyük gücləri” də Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialını, Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu aktoru olması faktını qəbul edir. Bu bölgədə Azərbaycanın xeyir-duası olmadan hansısa transregional, yaxud transmilli layihə effektiv icra oluna bilməz. Bunu həm bölgə, həm dünya ölkələri, o cümlədən Aİ üzvü olan dövlətlər də yaxşı başa düşürlər.
Bir tərəfdən “Asiya pələngi” Çinlə hərtərfli strateji tərəfdaşlıq əlaqələri quran, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə münasibətləri durmadan inkişaf etdirən Azərbaycan həm də Aİ ilə münasibətlərini normal məcraya yönəltməyi, qarşılıqlı maraqlara cavab verən formada qurmağı bacarır. Qlobal miqyasda əməkdaşlıq əlaqələrini möhkəmləndirən, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına töhfələrini verən ölkəmiz bu gün dünyanın müxtəlif yerlərində keçirilən tədbirlərin arzuedilən iştirakçısıdır. Prezident İlham Əliyevin qatıldığı ASB-nin Tirana toplantısı da bu qəbildən idi. Qürurverici haldır ki, dövlətimizin başçısı Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı qurumların da sammit, konfrans və görüşlərinə dəvət alır. Bu da ölkəmizin beynəlxalq aləmdə artan çəkisinin, Azərbaycan Prezidentinin şəxsi nüfuz və siyasi xarizmasının göstəricisidir. Təbii ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyi və bilavasitə Prezidentin dünya liderləri arasında söz sahibi olması deməkdir.
Yaxın vaxtlarda Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinin, gələn il isə Urban forumunun keçirilməsi də ölkəmizin artan beynəlxalq nüfuzundan xəbər verir. Bunlar Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu növbəti uğurların müjdəsi, çoxvektorlu xarici siyasətin təntənəsidir.
Lider nüfuzunun aydın görüntüsü
Prezident İlham Əliyev ASB-nin 6-cı Sammiti çərçivəsində keçirdiyi görüşlərdə sərgilədiyi diplomatik jestləri, siyasi-psixoloji mesajları ilə də yadda qaldı. İlham Əliyevin baş nazir Nikol Paşinyanla görüş zamanı nümayiş etdirdiyi jesti ayrıca qeyd etmək istərdik. Rahat və sakit tərzdə kresloda əyləşən dövlətimizin başçısı bununla sabit və möhkəm mövqedə dayandığını göstərirdi. İlham Əliyevin həmsöhbətini diqqətlə dinləməyə hazır pozada olması onun tərəf müqabili qarşısında psixoloji üstünlüyündən xəbər verirdi. Bunun tam əksinə olaraq, Paşinyan gərgin vəziyyətdədir. Bu poza hayların baş nazirinin bütün diqqətinin və marağının İlham Əliyevə yönəldiyinə dəlalət edirdi. Yəni, kənardan seyr edilən vizual mənzərə Azərbaycan liderinin məkana və vəziyyətə hakim kəsildiyini büruzə verirdi. Bu, sadəcə olaraq, üz-üzə oturanların psixoloji vəziyyətini deyil, həm də tərəflər arasındakı güc balansının qabarıq şəkildə, vizual formada göstəricisi sayılmalıdır.
Nəzərdən yayınmayan daha bir maraqlı epizod: Paşinyan görüşdən öncə İlham Əliyevə qəhvə içməyi təklif edir. Onun təklifinə Azərbaycan Prezidentinin “söhbətimi bitirəndən sonra gələrəm” cavabı bu dialoqda diktə edən tərəfin, dominantın kim olduğunu sərgiləyir. Bu, İlham Əliyevin məkandan və situasiyadan asılı olmayaraq, vəziyyətə nəzarəti daim əlində saxlamaq bacarığıdır.
Növbəti video-görüntülərdə Fransa prezidenti Emmanuel Makronla təmas anı diqqəti cəlb edir. Makronun İlham Əliyevə doğru yaxınlaşması və vizual təmas qurmaq istəyi diplomatik jest kimi görünə bilər. Lakin bu anda İlham Əliyevin üzündə müşahidə olunan ifadə, təbəssüm və ətrafındakılarla söhbətini davam etdirməsi çox şey deyirdi. Bu jest Azərbaycanın Fransa ilə gərgin münasibətləri fonunda dövlətimizin başçısının diplomatik etiket nümunəsi kimi qəbul oluna bilər.
İmran BƏDİRXANLI
XQ