Şam yağı – sağaldır boğazı, burunu, qulağı

post-img

Ağ şam ağacı yağının çox güclü antiseptik, iltihab və virus əleyhinə təsiri var. İmmuniteti möhkəmləndirir, dərinin və selikli qişaların bərpasını sürətləndirir.

Fitoterapevtlər bildirirlər ki, ağ şam ağacı yağı böyümüş adenoidləri kiçiltməyə qadirdir. Bunun üçün gündə 2–3 dəfə buruna 3–4 damcı yağ tökmək lazımdır. Müalicə uzunmüddətli olur, lakin çox yaxşı təsir edir. Yağdan haymorit zamanı damcı və inhalyasiya şəklində istifadə olunur. İnhalyasiya üçün 0,5 litr isti suya 10 damcı yağ əlavə edilir. Xəstə bu suyun buxarından nəfəs alır. Bronxit, öskürək, zökəm zamanı inhalyasiyalar nəfəs yollarına antiseptik təsir edir, mikrobları öldürür, bəlğəmin çıxmasını asanlaşdırır.

Otit (orta qulaq iltihabı) zamanı qulağa yağda isladılmış pambıq qoyulur və arxasındakı dəriyə çəkilir. Ağızın selikli qişasında müxtəlif yaralar zamanı yeməkdən sonra həmin nahiyələrə yağ çəkilir. Damaqların iltihabında gündə 2–3 dəfə pambıq yağda isladılıb damağa qoyulur.

Qrip və soyuqdəymənin ilk simptomlarında buruna tökülən 2–3 damcı məlhəm immuniteti qaldırır. Dəridə kiçik yaralar, sızanaqlar zamanı da bu yağdan istifadə çox yaxşı təsir edir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat