AMEA-nın Mərkəzi Elmi Kitabxanası Azərbaycanda ən zəngin fonda malik kitabxanalardan biridir. Bu kitabxanada 1,5 milyondan çox informasiya resursu qorunur.
Bu fikri AZƏRTAC-a açıqlamasında Mərkəzi Elmi Kitabxananın (MEK) Azərbaycan dilində ədəbiyyat fondunun rəhbəri Leyla İbrahimova söyləyib. O bildirib ki, bu il 100 illik yubileyini qeyd edən Mərkəzi Elmi Kitabxana mədəniyyətimizin təbliğində mühüm rol oynayır, günü-gündən inkişaf edərək dünyanın ən modern kitabxanaları sırasına daxil olur: “Kitabxana fəaliyyətində keyfiyyət prinsipinə əsaslanaraq, milli mənəvi dəyərlərin qorunmasını, dövlət siyasətini, müstəqillik, suverenlik və ərazi bütövlüyümüz uğrunda atılan hər bir addımı nümayiş etdirir. Həmçinin ABŞ Konqres Kitabxanası, Rusiya Milli Kitabxanası, Berlin Universitet Kitabxanası, Fransa Mərkəzi Kitabxanası, Çin Milli Kitabxanası, Moldova Elmlər Akademiyası Kitabxanası, Özbəkistan Milli Kitabxanası və digər 46 ölkənin 130-a yaxın təşkilatı ilə əməkdaşlıq edir”.
Leyla İbrahimova diqqətə çatdırıb ki, kitabxanaların inkişafı, formalaşması üçün kitab toplamaq, qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün kitabxana fondlarının yaranması əsas amildir. Kitabxana bir çox komponentləri özündə birləşdirən sosial institutdursa, kitabxana fondu onun ayrılmaz tərkib hissəsidir. Kitabxana fondunun formalaşması prosesi mürəkkəb, diqqətdə saxlanılan bir sistemdir. Kitabxana fondları hər bir xalqın intellektinin özülü, bünövrəsidir. Hər xalqın kitabxana fondunda mühafizə olunan milli ədəbiyyatı həmin xalqın milli-mənəvi sərvətidir.
“Respublikamızda yeganə elmi kitabxana sayılan MEK müasir texnoloji avadanlıqları ilə bütün tələblərə cavab verir, genişmiqyaslı oxucu kütləsinə xidmət edir. Kitabxananın fondlarında elmi-tədqiqat əsərləri, monoqrafiyalar, elmi jurnallar, müxtəlif elm sahələrinə aid kitablar mühafizə olunur. Bu fondlardan biri də Azərbaycan dilində ədəbiyyat fondudur ki, burada 100 mindən artıq Azərbaycan ədəbiyyatı (XII-XXI əsr Azərbaycan klassiklərinin əsərləri, şifahi xalq ədəbiyyatı materialları tarixə, ədəbiyyata, incəsənətə dair elmi-tədqiqat əsərləri, xarici ölkələrin klassiklərinin tərcümə əsərləri və s.), şəxsi kolleksiyalar, qəzetlər, jurnallar, ardı davam edən nəşrlər (ND) toplanıb. Azərbaycan ədəbiyyatı fondu Az-1, Az-k, Az, PF və DV formatlarına ayrılır. Sayına görə ən böyük Az-1 formatıdır, tərkibinə müxtəlif elm sahələrinə, bədii ədəbiyyata, dərs vəsaitlərinə aid kitablar daxildir. Az-k formatına müxtəlif elm sahələri, əsasən bədii ədəbiyyat, Az formatında isə köhnə (XX əsrin ortaları) kitablar toplanıb. PF formatına hədiyyə olunmuş və seçilmiş kitablar (bir neçə dildə), DV formatına isə dərsliklər daxildir”, - deyə Leyla İbrahimova bildirib.
Fondun rəhbəri qeyd edib ki, şəxsi kolleksiyalar “Akademiklərin Kitabxanası” başlığı altında sistemləşdirilib. Buraya akademiklərdən Həsən Əliyevin, İsa Həbibbəylinin, Akif Əlizadənin, Bəkir Nəbiyevin, İmam Mustafayevin, Mikayıl Useynovun, professor Abbas Zamanovun, Misir Mərdanovun, Xudu Məmmədovun və bir çox elm adamlarının, ziyalıların şəxsi kitabxanalarından özləri və ailələri tərəfindən hədiyyə olunmuş nəşrlər daxildir. Hazırda kolleksiya fondunda 17312 ədəbiyyat nüsxəsi yer alır.
Qəzet fondunda yeni çapdan çıxan qəzetlər, həmçinin “Yeni yol” (1923-1937), “Gənc işçi” (1929-1940), “Kommunist” (1929-1991) qəzetləri kimi köhnə qəzetlər və “Azərbaycan müəllimi” (1946), “Bakinskiy raboçiy” (1922) və “Vışka” (1928) kimi nəşri davam edən qəzetlər yer alır. Gündəlik daxil olan qəzetlərdən “Xalq qəzeti”ni, “525-ci qəzeti”, həftəlik daxil olan qəzetlərdən “Elm”, “Ədəbiyyat” qəzetlərini nümunə göstərmək olar.
Jurnal fondunda 23 minə yaxın jurnal toplanıb. Bunlardan Dədə Qorqud, Azərbaycan, Qobustan, Naxçıvan, AMEA xəbərlər, “Füyuzat” və digər jurnalları qeyd etmək olar. 3407 nüsxədən ibarət nəşri davam edən (ND) jurnallara “Dövlət və din”, “Azərbaycan Respublikasının Qanunvericilik toplusu”, “Xəbərlər məcmuəsi” (AMEA Gəncə Regional Elmi Mərkəz), “Elmi əsərlər” (AMEA İqtisadiyyat İnstitutu) və başqa nəşri davam edən jurnallar daxildir.
“Kitabxananın fəaliyyətində çox böyük rolu olan Azərbaycan dilində ədəbiyyat fondu yeni ədəbiyyat axını ilə günbəgün zənginləşməkdə davam edir. Öz işlərini sevən və məsuliyyətlə icra edən fond əməkdaşları oxucuların sorğularını operativ surətdə yerinə yetirir, onların xidmət səviyyəsindən məmnun qalmalarına çalışırlar”, - deyə Leyla İbrahimova fikrini yekunlaşdırıb.