Milli Məclisdə "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı dinləmə keçirilib

post-img

İyunun 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" qanun layihəsi ilə əlaqədar dinləmə keçirilib.

Tədbiri açan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dinləmədə müzakirəyə çıxarılan qanun layihəsinin vacibliyindən danışarkən deyib ki, bu, vətəndaşların gündəlik həyatına, sosial rifahına, şəhərsalma proseslərinə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərən sənəddir. O qeyd edib ki, müasir yanaşmalara uyğun hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsi istilik enerjisinin istehsalı, paylanması, satışı və istifadəsinə dair hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirir.

Layihənin əsas müddəalarından bəhs edərkən komitə sədri vurğulayıb ki, sənəddə mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsi, fərdi istilik sistemlərinin hüquqi statusu,  enerji resurslarından istifadədə səmərəliliyin artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması məsələləri xüsusi yer tutub. Həmçinin layihə istilik təchizatı sektorunun səmərəli, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməklə dövlət-özəl tərəfdaşlığını, texniki tələblərin standartlaşdırılmasını və bazar mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Qanun layihəsinin parlamentdə birinci oxunuşda geniş müzakirələri barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, Milli Məclisin sədri Sahibə Qafarova məsələnin yüksək ictimai aktuallığını nəzərə alaraq, "İstilik təchizatı haqqında" qanun layihəsinə dair dinləmənin keçirilməsini tövsiyə edib.

Dinləmədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım mövzu ilə bağlı çıxış ediblər. Onlar qanun layihəsinin aktuallığından söz açıblar, Azərbaycanda energetika sahəsi ilə bağlı vacib qanunların qəbul edilməsinin enerji istehsalında, idarəçiliyində və səmərəliliyində ciddi irəliləyişlərə səbəb olduğunu bildiriblər. Vurğulanıb ki, müzakirə edilən qanun layihəsinin qəbulu  istilik enerjisi təchizatının keyfiyyətini yüksəldəcək, binaların istilik təchizatı ilə bağlı bir çox məsələlərin effektiv həllinə kömək edəcək.

Deputatlar enerji istehsalı və istehlakının bəzi aktual məsələlərinə toxunublar,  daha müasir, ekoloji təmiz, enerji resurslarına qənaət etməyə imkan verən optimal istilik təchizatı sisteminin qurulması ilə bağlı fikirlərini səsləndiriblər.

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar Asif Əsgərov, Naqif Həmzəyev, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Vüqar Rəhimzadə çıxış edərək, qanun layihəsində istilik enerjisinin istehsalı və istehlakı ilə bağlı təsbit olunan məsələlərin əhəmiyyəti, iqtisadi mahiyyəti, mərkəzləşdirilmiş istilik təchizatının üstünlükləri barədə fikirlərini bölüşüblər. Millət vəkilləri ekoloji cəhətdən daha təmiz enerji növlərindən istifadənin faydaları, o cümlədən istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsinin səmərəliliyi və ətraf mühitin mühafizəsi baxımdan vacibliyindən danışıblar, habelə yeni istilik təchizatı sistemlərinin qurulması, mövcud sistemlərin modernləşdirilməsi ilə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Sonra iclasda energetika nazirinin müavini Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Toğrul Quliyev, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsi müdirinin müavini Elmar Hüseynzadə, “Azəriqaz” İstehsalat Birliyinin Hüquq departamentinin rəisi Vüqar Eyvazov, “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev, Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Eldar Əhmədov, MİDA MMC-nin şöbə müdiri Rizvan Şərifov, “Kristal Abşeron” MTK-nın icraçı direktoru İbrahim Dostumalıyev,  “Azəristiliktəchizat” ASC-nin sədri İlham  Mirzəliyev çıxış ediblər.

Çıxışçılar yeni qanun layihəsinin zəruriliyini qeyd edərək, onun hazırlanması zamanı iqtisadi və sosial təsirlərin qiymətləndirilməsini, beynəlxalq təcrübənin, ölkəmizin reallıqlarının nəzərə alınmasını yüksək qiymətləndiriblər. Sənədin istilik təchizatı sektorunun inkişafı, istilik təchizatı obyektlərinin tikintisi, yenidən qurulması, istilik şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi, habelə istilik enerjisi istehsalçılarının və istehlakçılarının maraqlarının qorunması nöqteyi-nəzərindən əhəmiyyətindən söhbət açıblar.

Qaldırılan məsələlərə münasibət bildirən aidiyyəti qurumların nümayəndələri ölkədə istilik təchizatı sahəsində həyata keçirilən tənzimləmə qaydalarından bəhs ediblər,  çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqinin nəzərdə tutulduğunu, bunun səmərəlilik və təhlükəsizlik baxımından daha əlverişli olduğunu, habelə ekoloji mühitin qorunmasına xidmət etdiyini qeyd ediblər, istilik təchizatı sahəsində dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən danışıblar.

İctimai dinləməyə yekun vuran komitə sədri Sadiq Qurbanov qanun layihəsinin mükəmməl şəkildə hazırlandığını, məsələ ilə bağlı səmərəli müzakirələrin keçirildiyini və bunun maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Tədbirdə Milli Məclisin deputatları, parlament Aparatının əməkdaşları, aidiyyəti qurumların təmsilçiləri, biznes strukturlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.

Sosial həyat