Mötəbər tarixi həqiqətlər məbədi

post-img

Mərkəzi Dövlət Arxivi – 105

əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/227949-moteber-tarixi-heqiqetler-mebedi

Azərbaycanda arxiv işinin inkişafında xüsusi əməyi olan görkəmli tarixçiarxivçilərimiz A.Qubaydulin, B.Gülnəzərov, R.Ağalarov, A.Subhanverdixanov, R.Şabanov, A.Talışınski, F.Şahtaxtinski və digərləri 1925–1926-cı illərdə Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş hadisələri əks etdirən müxtəlif tarixi mövzularda (Azərbaycanda feodal-kəndli təssərrüfatları, siyasi partiyalar, fəhlə hərəkatı, mülki müəssisələr, maldarlıq-əkinçilik təsərrüfatları və s.) qiymətli elmi məqalələr və nəşrlər hazırladılar. Lakin arxivin nəşriyyat xərcləri olmadığı üçünonlar bu materialları çap etdirə bilmədlər.

Arxiv işi ilə əlaqəli təcrübəsi və metodiki vəsaitləri olmayan Azərbaycan arxivçiləri ilk dövrlərdə qarşılaşdıqları işləri öz bilik və düşüncələrinə uyğun həll edərək sənədlərin qorunması, qeydiyyatı ilə məşğul olmaqla yanaşı, bir sıra zəruri sahələrini əhatə edən (sənədlərin uçotu, elmi-texniki cəhətdən qaydaya salınması, dəyərinin ekspertizası, şəhər və qəza arxivlərində yoxlamaların aparılması və sair) elmi-metodiki vəsaitlər, təlimatlar və əsasnamələr də hazırlamaqla işin təşkilində dönüş yarada bildilər. Əgər 1926-cı ilə qədər arxivlərə inqilabaqədərki dövrə aid sənədlər daxil olurdusa, artıq 1926-cı ildən MDA-ya həm də sovet dövründə yaradılan idarələrin sənədləri qəbul edilirdi. MDA-nın metodiki sənədlərin, təlimat və əsasnamələrin hazırlanması və onların praktiki fəaliyyətdə tətbiqinə başlaması ölkədə arxiv işinin formalaşması və inkişafı prosesini sürətləndirdi.

Mərkəzi Dövlət Arxivi kənar yerli idarə və təşkilatların arxivləri ilə əlaqə saxlayır, sənədlərin saxlanılma şəraiti ilə tanış olurdu. Gəncə, Şuşa, Naxçıvan və digər yerlərdə tarixi əhəmiyyətli sənədlərin qeydiyyatdan kənarda qalması, məhv edilməsi, dağınıq halda saxlanılması faktları ortaya çıxırdı. Mövcud çətinliklərə baxmayaraq, MDA nəinki yerlərdə, həm də Bakı şəhərində yaranmış problemlərin həlli üçün bütün gücü ilə çalışır, təhlükəli şəraitdə saxlanılan Bakı Dairə Məhkəməsinin, Bakı Gömrük İdarəsinin, azərbaycanlı milyonçu H.Z.Tağıyevin fabriklərinin, notarial kontorların, Zaqafqaziya Balıq İdarəsinin və onlarla iri təşkilatın tarixi əhəmiyyətli arxiv sənədlərini məhv olmaq təhlükəsindən xilas edərək onların fondlaşdırılmasına müvəffəq olurdu.

MDA tərəfindən Bakı şəhərində və yerlərdəki arxivlərdə aparılan əsaslı təhqiqatlar Azərbaycanda arxiv işinin planlı şəkildə inkişafına təkan verməklə bərabər, həm də sahənin inkişafına təkan verən yeni qərarların qəbulunu şərtləndirdi. Azərbaycan SSR MDA-nın ayrı-ayrı qəzalarda, iri şəhərlərdə, Naxçıvan MR və keçmiş DQMV-də aparılan təhqiqatların nəticələrinə dair hesabatlarında, məlumatlarda yerlərdə arxivlərin və arxiv orqanlarının yaradılmasının vacibliyi qeyd olunur və bununla bağlı hökumətə təkliflər təqdim edirdi. Yaranmış vəziyyəti nəzərə alan AzSSR Naxçıvan MİK-i 1925-ci il 13 dekabr tarixli qərarı ilə Naxçıvan MR Dövlət Arxivini yaradır.

Arxiv quruculuğunun ilk illərində görülən mühüm işlərdən biri də kənar ölkələrin arxivlərində saxlanılan Azərbaycanla bağlı arxiv sənədlərinin Mərkəzi Dövlət Arxivinə gətirilməsi işinin təşkili olmuşdur. Bu məqsədlə Azərbaycan arxivçiləri RSFSR və Zaqafqaziya respublikalarının arxivçiləri ilə sıx əməkdaşlıq edir və sənədlərin seçilməsi işinin həyata keçirilməsi üçün yaradılan xüsusi komissiyalarda iştirak edirdilər. Gürcüstan və Azərbaycan dövlət arxivləri arasında ölkələrin tarixinə dair sənədlərin mübadiləsi ilə bağlı əldə edilmiş xüsusi razılaşmaya əsasən MDA elmi işçiləri 1923–24-cü illərdə Tiflisdə olmuş və Azərbaycan tarixi ilə bağlı qiymətli arxiv sənədlərinin seçilməsində faəl iştirak etmişdilər.

1925-ci ildə Tiflisdə Zaqafqaziya Mərkəzi Dövlət Arxivlərinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda həm RSFSR, həm də Zaqafqaziya respublikalarının arxivlərində saxlanılan sənədlərin tərkibindən hər bir ölkənin ona aid olan sənədlərinin götürülməsi məsələsi müzakirə edilmişdi. Həmin il Gürcüstan dövlət arxivlərindən Azərbaycana aid 5 min iş seçilmiş və onlaradan 2 mindən artıq iş (Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diplomatik missiyası, Qafqaz Canişinliyi, Azərbaycan quberniyalarındakı bəy komissiyaları və digər fondlar üzrə) Azərbaycan MİK-nın Mərkəzi Dövlət Arxivinə gətirilmişdi.

Lakin sonradan müxtəlif iqtisadi və siyasi səbəblərdən həmin işlərin davam etdirilməsi mümkün olmur. Azərbaycan tarixinin ilk mənbələr əsasında öyrənilməsində müstəsna əhəmiyyətə malik minlərlə arxiv sənədi qonşu ölkələrin arxivlərində qalır. Ölkələr arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmasına baxmayaraq, arxiv sənədlərinin mübadiləsində yaranan qeyri-müəyyənlik bugünədək qalmaqda davam edir.

Respublikamızın dövlət arxiv fondu sənədlərinin tərkibinin zənginləşdirilməsində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Tarixi-inqilabi maraq kəsb edən fotoşəkil və kinofilm neqativlərinin Azərbaycan SSR Dövlət Arxivinə təhvil verilməsi haqqında” 17 iyul 1926-cı il tarixli qərarın müstəsna əhəmiyyəti olmuşdur. Qərarda tabeçiliyindən asılı olmayaraq bütün idarə və müəssisələrə özlərində olan ictimai-siyasi və tarixi-inqilabi maraq kəsb edən bütün fotoşəkil və kinofilm neqativlərini onların hazırlandıqları vaxtdan 5 il sonra ASSR Dövlət Arxivinə verilməsi və kino və fotoneqativlərin mühafizə olunduğu yer barədə bir ay müddətində AzSSR Dövlət Arxivinə məlumatın verilməsi taşırılır.

Təhvil veriləcək neqativlərə baxış və onların seçilməsinin Azərbaycan İnqilab Muzeyi nümayəndələrinin bilavasitə iştirakı ilə AzSSR Mərkəzi Dövlət Arxivinin təyin etdiyi ekspert komissiyası tərəfindən həyata keçirilməsinin zəruriliyi qeyd olunur, o cümlədən tamaşasına və nəşrinə icazə verilməyən kinofilm və fotoşəkillərin neqativlərinin məhv edilmədən AzSSR Dövlət Arxivinin mühafizəsinə verilməsi tələb olunur. AzSSR Dövlət Arxivinə müvafiq fotosənəd və kinolentləri təhvil verən idarə və müəssisələrin müəlliflik hüququnun qorunmasının təmin edilməsi, Azərbaycan İnqilab Muzeyi tərəfindən həmin fotoşəkil və kinomaterialların muzeyin sərgilərində nümayiş etdirilməsinə imkan yaradılması, Xalq Ədliyyə və Maarif Komissarlığına müvafiq sahədə işin təşkili qaydalarını müəyyən edən xüsusi Təlimatın hazırlanması tapşırılır.

Ölkəmizin ictimai-siyasi və mədəni-tarixi həyatında baş verən hadisələrin əks olunduğu fotosənəd və kinolent neqativlərinin VDAF-nın tərkibinə daxil edilməsi və onların dövlət arxivində mühafizəsinin təşkili barədə verilmiş qərarın dövlət arxivlərinin yeni növ sənədlərlə zənginləşdirilməsində, vahid dövlət arxiv fondunun əhatə dairəsinin genişləndirilməsində, o cümlədən ölkəmizin sosial-mədəni həyatının ayrı-ayrı sahələrinin vizual görüntülər əsasında tədqiqi və öyrənilməsində müstəsna əhəmiyyəti oldu. Qərara uyğun olaraq MDA müvafiq qurumlarla razılaşdıraraq kinolentlərin və fotosənədlərin neqativlərinin dövlət mühafizəsinə qəbulunu təmin etmək üçün xüsusi təlimat hazırladı və tarixi-inqilabi əhəmiyyət kəsb edən kino-foto sənədlərin Dövlət arxivinə qəbuluna başlanıldı. Dövlət arxivinə təhvil veriləcək neqativlərə baxışı və onların seçilməsi məqsədilə Ekspert Komissiyası yaradıldı.

Ekspert Komissiyasının qərarı ilə 1927-1928-ci illərdə üç mindən artıq tarixi əhəmiyyətli kino-foto neqativi dövlət qeydiyyatına alındı. Mərkəzi İcraiyyə Komitəsi 19 may 1931-ci ildə “Azərbaycan SSR Mərkəzi Dövlət Arxivinə verilməli olan fotoneqativlər barədə” daha bir tarixi qərarla kinolentlər və fotosənədlər yaradan müəssisələrin tarixi əhəmiyyətli kinofotoneqativlərinin dövlət arxivinə təhvil verilməsi qaydasını müəyyən edərək bu sahədəki fəaliyyəti daha da təkmilləşdirdi və bu növ sənədlərin dövlət arxivinə təhvil-qəbulu işini asanlaşdırdı.

Tarixi tədqiqatların aparılmasında inqilaba qədərki və sonrakı illərdə yaranan dövri ədəbiyyatın rolunu yüksək qiymətləndirən Mərkəzi Dövlət Arxivi kinofoto sənədlərlə yanaşı, köhnə dövrü ədəbiyyatın dövlət arxivinə təhvil verilməsi məsələsinə baxılması barədə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə müraciət edir. Azərbaycan SSR MİK-i Dövlət Arxivinin təkliflərinə baxır və bütün təşkilatlarda saxlanılan inqilaba qədərki dövrü ədəbiyyatın dövlət arxivinə təhvil verilməsi məsələsini müzakirə edərək 30 oktyabr 1926-cı ildə “Köhnə dövri ədəbiyyatın arxivə təhvil verilməsi barədə” xüsusi qərar qəbul edir. Həmin qərara əsasən bütün təşkilatlarda saxlanılan inqilabaqədərki dövrə aid dövri ədəbiyyatın bir ay müddətində dövlət arxivinə təhvil verməsi tələb olunur.

MDA qısa müddətdə qərarın icrasına başlayır və bir neçə ildə (1929-cu il üçün) arxivin məlumat kitabxanasına 15.000 kitab, 700 jurnal, 325 dəst qəzet qəbul edilərək qeydiyyata alınır. Kinofoto materialların, köhnə dövri ədəbiyyatın MDA-nə qəbulu, onun sənəd bazasını genişləndirməklə bərabər, həm də elmi-tədqiqat müəssisələri ilə əlaqələrinin möhkəmlənməsinə, o cümlədən arxiv materiallarından istifadə etməklə hazırlanan elmi-tədqiqat işlərin, sənəd məcmuələrin, publikasıyaların, məqalələrin kəmiyyətində və keyfiyyətində müsbət dəyişikliklərə səbəb olur, arxiv materiallarının çapına yeni imkanlar yaradır.

1927-ci ilin 22-27 fevral tarixlərində Bakıda keçirilən respublika maarif işçilərinin VI qurultayında maarif sahəsindəki məsələlərlə yanaşı, respublikamızda arxiv işinin vəziyyəti müzakirə olunur və qurultayın qətnaməsində MDA-nin əməkdaşlarının tarixi sənədlər əsasında hazırladıqları materialların Xalq Maarif Komissarlığı tərəfindən çap etdirilməsi barədə təklif qəbul edilir. Qısa müddətdən sonra MDA-nın əməkdaşlarının arxiv sənədləri əsasında hazırladıqları və respublikamızın həyatında baş vermiş vacib ictimai-siyasi hadisələri əks etdirən məqalələr, elmi nəşrlər, toplular çapa hazırlanır və 1927-1928-ci illərdə arxiv sənədlərinin orijinalları əsasında hazırlanmış elmi nəşrlər, kitablar (“XIX əsrdə Azərbaycanda feodal sinifləri və kəndlilər”, “Azərbaycanda vəqf mülkiyyəti”, “1905-ci ildə Bakıdakı milli münaqişələr haqqında” və s.) çap edilir. Arxiv materialları əsasında hazırlanmış nəşrlər respublikamızın elmi ictimaiyyətinin böyük marağına səbəb olmaqla yanaşı, həm də arxiv materiallarının elmi əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayır.

Mərkəzi Dövlət Arxivi arxiv sənədlərinin dövlət və elm üçün müstəsna əhəmiyyətini nəzərə alaraq onlardan elmi məqsədlər üçün istifadə işinin yaxşılaşdırılması, korlanması və ya məhv edilməsinin qarşısının alınması istiqmətində daim mübarizə aparır, respublika hökumətini bununla əlaqəli məlumatlandırırdı. AzSSR MİK bütün qəza icraiyyə komitələrində arxiv sənədlərinin satılması və məhv edilməsinin qarşısının alınması üçün ciddi tədbirlər görür, tapşırıqlar verirdi. Bu sahədə həyata keçirilən mühüm tədbirlərdən biri AzMİK və XKS-nin 25 mart 1928-ci il tarixli “Arxiv materiallarının tələf edilməsinə qarşı mübarizə tədbirləri haqqında” qərarı oldu.

Azərbaycanda arxiv işinin inkişafında baş vermiş əhəmiyyətli hadisələrdən biri də 1928-1929-cu illərdə respublikamızın qəzalarında arxivlərin təşkil edilməsi idi. Yerlərdə arxiv sahəsində biliyə və təcrübəyə malik mütəxəssislərin yoxluğuna baxmayaraq, MDA-i 1927-ci il 10 dekabr tarixli Kollegiya iclasında respublikamızın qəzalarında arxivlərin yaradılması məsələsini müzakirəyə çıxarır və bununla bağlı XMK-a müraciət edir. Müraciətdə qəza arxiv bürolarının yaradılmasının zərurliyi və tələb olunan xərclər əsaslandırılır. XMK bununla bağlı Xalq Maliyyə Komissarlığının və digər aidiyyəti qurumların razılığını alaraq respublikamızda qəza icraiyyə komitələrinin yanında arxiv bürolarının yaradılması barədə təkliflərini Azərbaycan SSR Xalq Komissarları Sovetinə təqdim edir.

AzMİK-nin və XKS-nin 11 iyul 1928-ci il tarixli qərarı ilə Azərbaycan SSR-də qəza arxiv büroları yaradılır. Qəza arxiv büroları haqqında Əsasnamənin layihəsi və xərclər smetası hazırlanaraq təsdiq üçün XKS-ə təqdim edilir. Azərbaycan SSR-nin Xalq Komissarlar Sovetinin 25 iyul 1928-ci il tarixli iclasında MDA-nin təqdim etdiyi qəza arxiv büroları haqqında Əsasnamənin layihəsinə baxılır və təsdiq edilir. Əsasnaməyə görə qəza arxiv büroları Mərkəzi Dövlət Arxivinin yerlərdəki şöbələri hesab edilir və yerli icraiyyə komitələrinin rəyasət heyətlərinə tabe olmaqla onlar tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qəza arxiv bürolarına MDA kollegiyası ilə razılaşdırılaraq yerli icraiyyə komitələri tərəfindən təyin edilən arxivçi rəhbərlik edir.

Əsasnamə ilə qəza arxiv bürolarına VDAF-a məxsus inqilaba qədərki və sovet dövrünə aid sənədlərin ərazi prinsipi üzrə qəbulu həvalə olunur. Xalq Komissarları Sovetinin qeyd olunan iclasında həm də qəza arxiv bürolarının smetası və ştat sayı təsdiq edilir. Qərara əsasən Gəncə və Dağlıq Qarabağ arxiv bürolarına üç, digər qəza arxiv bürolarına iki ştat vahidi müəyyən edilir, qəza arxiv bürolarının saxlanılmasına illik 24.664 manat maliyyə vəsaitin xərclənməsi nəzərdə tutulur. Beləliklə Naxçıvan Muxtar Respublikasının Mərkəzi Dövlət Arxivinin və respublikamızın şəhər və rayonlarda arxiv bürolarının yaradılması ilə tədricən ölkə miqyasında dövlət arxivlərinin şəbəkəsi formalaşdırılır.

Azərbaycanda arxiv işinin inkişafı tarixində baş vermiş əlamətdar hadisələrdən biri də 19 may 1929-cu ildə Bakıda Zaqafqaziya dövlətlərinin Mərkəzi Arxivlərin nümayəndələrinin iştirakı ilə I müşavirənin keçirilməsi oldu. Həmin müşavirədə Zaqafqaziyanın mərkəzi arxiv orqanı olan Zaqafqaziya Mərkəzi Arxivləri Sovetinin yaradılması barədə qərar qəbul edilir. Zaqafqaziya Mərkəzi Arxivləri Sovetinin ilk iclası 26 iyul 1929-cu ildə Tiflisdə çağırıldı, həmin iclasda Mərkəzi arxivlərin maliyyə və ştat məsələləri müzakirə edildi və Zaqafqaziya Mərkəzi Arxivlər Sovetinin əsasnaməsi təsdiq olundu.

1928-1930-cu illərdə arxivlərin fəaliyyət dairəsinin genişlənməsi, rayon arxiv bürolarının yaradılması bu sahədə dövlət idarəetmə işinin təkmilləşdirilməsinə zərurət yaranır. ASSR MİK-nin Rəyasət Heyəti ölkədə arxiv işi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədlə 19 aprel 1930-cu ildə “Mərkəzi Dövlət Arxivinin yenidən təşkili barəsində qərar qəbul edir. Həmin qərarla Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsi (MAİ) yaradılır və onun Əsasnaməsi təsdiq edilir. Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsinin üzərinə ölkəmizin Vahid Dövlət Arxiv Fonduna rəhbərlik, arxiv quruculuğu sahəsi ilə bağlı normativ hüquqi sənədlərin layihələrinin hazırlanması və qanunvericilik orqanlarına təqdim edilməsi, respublika ərazisində fəaliyyət göstərən bütün arxiv təşkilatlarının işinə ümumi nəzarətin təşkili, arxiv sənədlərinin (o cümlədən fotoneqativlərin, kinolentlərin) cəmləşdirilməsi, mühafizəsi, uçotu, həmçinin elmi-tədqiqat işlərinin və arxiv materiallarından sosial-iqtisadi və mədəni quruculuq vəzifələrinin yerinə yetirilməsində kömək üçün istifadənin təşkili, sənədlərin qanunsuz məhv edilməsinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi vəzifələri qoyulur.

MAİ-yə Azərbaycan SSR MİK-i Rəyasət Heyətinin təyin etdiyi müdir rəhbərlik edir və idarədə tərkibi MİK tərəfindən təsdiq edilən kollegiya yaradılır. 1930-cu ildə təsdiq edilmiş “Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsinin Əsasnaməsi”nə uyğun olaraq Mərkəzi Dövlət Arxivinin bazasında Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır. Mərkəzi Dövlət Tarix Arxivində 1917-ci il Oktyabr inqilabına qədərki dövrə aid, Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivində isə 1917-ci ildən sonrakı dövrə aid sənədlər, həmçinin elmi-tarixi əhəmiyyətə malik kinofoto sənədlərin neqativlərinin mühafizəsi nəzərdə tutulur.

1938-ci ildə Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin adı dəyişdirilərək Oktyabr İnqilabı və Sosializm Quruculuğu Mərkəzi Dövlət Arxivi adlandırılır. 1943-cü ildə Mərkəzi Dövlət Arxivinin infotosənədlər şöbəsinin bazasında Azərbaycan SSR Mərkəzi Dövlət Kinofotofono Sənədlər Arxivi təşkil edilir. AzMİK-nin 24 noyabr 1930-cu il tarixli qərarı ilə Azərbaycan SSR-nin rayon arxiv bürolarına dair Əsasnamə də təsdiq edilir. Bununla da dövrün siyasi və ideoloji əsaslarına uyğun olaraq dövlət arxiv fondunun sənədləri həm inzibatı-ərazi vahidləri üzrə təşkil edilərək sovet dövrə qədərki və sovet dövrü sənədlərinə bölünərək mühafizəsinin təşkilinə başlanılır.

Ölkədə arxiv işinin dövlət idarəetməsini həyata keçirən orqan olaraq AzSSR Mərkəzi Arxiv İdarəsinin yaradılması respublikamızda arxiv işinin təşkili və inkişafında yeni mərhələnin əsasını qoydu. AzSSR MİK-nin 1930-cu illərdə ölkədə arxiv işinin təşkili və təkmilləşdirilməsi ilə bağlı ardıcıl olaraq qəbul etdiyi qərarlar bu işi daha da sürətləndirir. Azərbaycan MİK-nin Rəyasət Heyəti 26 mart 1934-cü ildə “AzSSR Mərkəzi Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “AzSSR rayon arxivlərinin Əsasnamələrinin təsdiqi barədə” qərarlar qəbul edir. Həmçinin ölkədə arxiv sənədlərindən daha səmərəli istifadənin təşkili, kolxoz və sovxozlarda, icraiyyə komitələrində, Maşın-Traktor stansiyalarında (MTS) arxiv sənədlərinin mühafizəsi və istifadəsi işinin təkmilləşdirilməsi məqsədilə “AzSSR-nin arxiv sərvətlərindən istifadə edilməsi”, “Kənd sovetləri, rayon icraiyyə komitələri, kolxoz, sovxoz, MTS-lərin arxivləri haqqında”, ”Azərbaycanda arxiv işinin vəziyyəti barədə” qəbul edilmiş qərarlar ölkədə arxiv sənədlərinin mühafizəsi üçün binaların ayrılması, kadr təminatının yaxşılaşdırılması, rayon dövlət arxivlərində işin təşkilinə müsbət təsir göstərdi.

Sahə üzrə dövlət orqanlarının arxiv işi ilə əlaqəli qəbul etdiyi qərarlar, təlimatlar, bütövlükdə, ölkə üzrə arxiv işi ilə bağlı normativ hüquqi bazasının daha da möhkəmlənməsinə, sənədlərin mühafizəsi və istifadəsi işinin yaxşılaşdırılmasına xüsusi töhfə verdi. Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsinin yaradılması və dövlət arxivləri şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər, qəbul edilmiş qərarlar ölkədə fəaliyyət göstərən və keçmiş təşkilatların ictimai-siyasi, elmi-tarixi əhəmiyyət kəsb edən bütün növ sənədlərinin (kağız, foto-kino, dövri ədəbiyyatın) VDAF-da toplanılmasında yaranan problemlərin tədricən aradan qaldırılmasıni təmin etdi. Arxiv sənədlərinin qaydaya salınması, elmi-məlumat aparatının yaradılması, fondların adlı və tematik göstəricilərinin hazırlanması, arxivin ilk çap orqanı olan “ASSR Mərkəzi Arxiv İdarəsinin büllüteni”nin nəşrinə başlanılması arxiv sərvətlərindən istifadə edilməsi kimi prinsipial məsələlərin həlli yollarını müəyyən etməklə arxiv işinin inkişafında yeni mərhələnin başlanğıcını qoydu, milli tariximizin öyrənilməsində əvəzsiz mənbə olan zəngin sənəd bazasının formalaşdırılmasını təmin etdi.

Bütövlükdə, 1920–1930-cu illər Azərbaycanda arxiv işinin inkişafı tarixinə sənəd materiallarının toplanılması, qaydaya salınması və onlardan istifadənin təşkili dövrü kimi daxil oldu. Bu dövrdə xalqın milli sərvəti olan dövlət arxiv fondunda tarixi keçmişimizlə bağlı elmi, tarixi və əməli əhəmiyyətə malik minlərlə sənəd komplektləşdirildi, ölkə miqyasında arxiv təşkilatları şəbəkəsi yaradıldı və onun strukturu daha da təkmilləşdirildi.

SSRİ Ali Sovetinin 1938-ci il 16 aprel tarixli qərarı ilə Mərkəzi Arxiv İdarələrinin Xalq Daxili İşlər Komissarlığının (NKVD) tabeliyinə verilməsi arxivləri tam olaraq siyasiləşmiş orqanlara çevirdi. Arxivlərdən və arxiv sənədlərindən dövrün siyasi-ideoloji əsaslarına uyğun istifadə olunmasına başlanıldı. Arxivlərin Xalq Daxili İşlər Komissarlığının tərkibinə daxil etməklə qapalı təşkilata çevrilməsi isə onların elmi-tədqiqat müəssisəsi statusunun qismən itirilməsinə və arxiv materiallarından daha çox siyasi məqsədlər üçün istifadə edilməsinə səbəb oldu.

(ardı var)

Əsgər RƏSULOV,
Milli Arxiv İdarəsinin rəisi,
Həsən HƏSƏNOV,
rəis müavini



Sosial həyat