Yayın sağlam, təhlükəsiz qidalanması

post-img

Qidalanma insan orqanizminin inkişafını və normal həyat fəaliyyətini təmin edən əsas amildir. Müxtəlif tərkibli qida məhsulları kimyəvi və bioloji cəhətdən kompleks birləşmələrdən ibarətdir. Zülal, yağ, karbohidrat, vitamin və mineral kimi əsas maddələrlə zəngin olan keyfiyyətli qidalar immun sistemini gücləndirir, yoluxucu və toksik təsirli maddələrə qarşı müqaviməti artırır.

Lakin yay aylarında havanın yüksək temperaturu və gigiyenik qaydalara əməl olunmaması qida məhsullarının tez xarab olmasına, nəticədə qida zəhərlənmələri və infeksiyaların yayılmasına səbəb olur. Kənd təsərrüfatında meyvə-tərəvəzlərin becərilməsi zamanı pestisidlərin həddindən artıq istifadəsi, evdə və ictimai iaşə müəssisələrində ərzaqların düzgün saxlanmaması da zərərli təsirlərə yol aça bilər. Belə hallarda xroniki və kəskin intoksikasiyalar baş verir.

Yayda isti hava şəraiti maddələr mübadiləsini sürətləndirir, bədəndə su və elektrolit itkisi artır. Nəticədə halsızlıq, başgicəllənmə və həzm pozğunluqları müşahidə oluna bilər. Bu dövrdə düzgün qidalanmamaq, gigiyenik qaydalara əməl etməmək sağlamlıq üçün ciddi risklər yaradır.

İsti hava mikroorqanizmlərin – xüsusilə salmonella, bağırsaq çöpləri, kampilobakter və stafilokokların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Bu bakteriyalar ishal, qarın ağrısı, qusma və qızdırma kimi əlamətlərlə müşayiət olunan bağırsaq infeksiyalarına səbəb olur. Ət, süd, yumurta, mayonez və salatlar kimi tez xarab olan məhsullar düzgün saxlanmadıqda təhlükə daha da artır.

Yay aylarında bədəndə su və duz itkisi çoxaldığından gündə azı 2–2,5 litr və bəzi hallarda əmək şəraitindən asılı olaraq daha çox su qəbul olunmalıdır. Şirin, qazlı içkilərdən və alkoqollu içkilərdən uzaq durmaq məsləhətdir, çünki onlar əks təsir göstərərək orqanizmdə daha da susuzluq yarada bilir.

Küçə şəraitində, xüsusilə günəş altında satılan qidalar yüksək risk daşıyır. Bu məhsulların sanitar-gigiyenik tələblərə cavab verməməsi infeksiyalara yol aça bilər. Dönər, dondurma, təzə meyvə şirələri və hazır salatlar kimi məhsulları qəbul edərkən xüsusilə diqqətli olmaq vacibdir.

İsti havalarda yağlı, qızardılmış, yüksək kalorili yeməklərdən uzaq durmaq, yüngül və sərinləşdirici qidalara – tərəvəz, meyvə, yoqurt, kefir, ayran kimi məhsullara üstünlük vermək lazımdır. Xörəklərin günün sərin saatlarında qəbul olunması daha məqsədəuyğundur.

Qidalanma zamanı bu tövsiyələrə əməl etməklə sağlamlığınızı qoruya bilərsiniz: 

– Hazır qidaları soyuducuda saxlayın və maksimum 2 saat ərzində istehlak edin.

– Küçədə satılan gigiyenik şəraiti şübhəli məhsullardan uzaq durun. 

– Minerallarla zəngin, bol vitaminli təbii məhsullara üstünlük verin. 

– Meyvə və tərəvəzləri təzə və təmiz şəkildə istifadə edin. 

– Dondurma və oxşar məhsulları yalnız etibarlı istehsalçılardan alın. 

– Əllərinizi tez-tez sabunla yuyun və ya antiseptiklərdən istifadə edin.

 Yay aylarında təhlükəli qidalanma vərdişlərindən uzaq durmaq, gigiyenik qaydalara ciddi əməl etmək, sərin və balanslı rasion seçmək sağlamlığın qorunmasında əsas rol oynayır. Unutmayaq: Sağlam qidalanma – sağlam həyatın təməlidir!

Fəridə ƏLİ, 
ATU-nun kafedra müdiri, dosent

 



Sosial həyat