BDU-nun mətbuatımızın yubileyinə töhfələri

post-img

Ulu öndər Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti və milli iftixarı” kimi dəyərləndirdiyi Bakı Dövlət Universitetində son illərdə aparılan islahatlar və infrastruktur quruculuğu təhsilin keyfiyyətinin yüksəldilməsinə və elmi potensialın inkişafına əlverişli zəmin yaratmışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə imzalanmış əməkdaşlıq müqaviləsi birgə layihələrin gerçəkləşdirilməsini nəzərdə tutur.

Ali məktəbin və iqtisadi təhlil mərkəzinin birgə hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaiti milli mətbuatın 150 illik yubileyinə töhfədir. Kitabın təqdimat mərasimində nəşrin redaktoru, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, yubiley nəşri tələbə jurnalistlərlə yanaşı, dövlət və özəl qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində çalışan media mütəxəsisləri üçün də faydalı mənbədir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, rəhbərlik etdiyi ali məktəb ölkədə jurnalist kadrları hazırlayan əsas mərkəzdir. Son illər aparılan islahatlar nəticəsində jurnalistika fakültəsinin fəaliyyəti müasir texnologiyalara, yeni medianın tələblərinə uyğunlaşdırılıb. Artıq magistratura təhsilində ictimaiyyətlə əlaqələr adlı yeni ixtisas da açılıb. Təqdim edilən yeni dərs vəsaiti tədris prosesinin vacib elementi olmaqla yanaşı, informasiya cəmiyyətində uğur qazanmaq istəyənlər üçün məlumat-bələdçi rolunu oynayacaq. Kitabın üstünlüklərindən biri də ictimaiyyətlə əlaqələr sahəsinin Azərbaycan reallığı ilə əlaqələndirilməsidir.

Təqdimatda yeni dərs vəsaiti, yubiley töhfəsi, birgə əməkdaşlığın ilk bəhrəsi və gərəkli ixtisas qaynağı kimi dəyərləndirilib. Mərasimdə Bakı Dövlət Universiteti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin müxtəlif qurumlarla imzaladığı əməkdaşlıq müqavilələri əsasında aparılan işlər tələbələrə təcrübi bilgilər verir, onların gələcəkdə mütəxəssis kimi yetişməsinə yardımçı olur. 2022-ci ildə MEDİA, Audiovizual Şura və BDU arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil edilən təlimlər tələbələr üçün faydalı olub. Bu təlimlər MEDİA-nın jurnalistika fakültəsində qurduğu təlim otağında reallaşır.

ARB24 TV ilə imzalanan əməkdaşlıq müqaviləsinin də tədris prosesində əhəmiyyətli rolu var. Bu müqavilə əsasında yaradılan “NyusLab” təlim proqramı artıq 4 ildir tələbələrin həvəslə qatıldığı və auditoriyadan birbaşa jurnalist fəaliyyətinə başladıqları bir proqramdır.

Bakı Dövlət Universitetinin müvafiq qurumlarla bağladığı əməkdaşlıq müqavilələrinin mühüm üstünlüklərindən biri də tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, eyni zamanda, praktiki bacarıqlara da yiyələnmələridir. Bu cür əməkdaşlıqlar tələbələrin peşəkar mühitlə tanış olmasına, bilik və bacarıqlarını real iş şəraitində tətbiq etməsinə şərait yaradır. Nəticə etibarilə, məzunlar əmək bazarına daha hazırlıqlı şəkildə daxil olurlar.

Ali məktəb rəhbərliyinin həyata keçirdiyi tədbirlər yalnız yubiley xarakterli təşəbbüslərlə məhdudlaşmır, həm də elmi-pedaqoji və maarifləndirici istiqamətdə davam etdirilir. Bu baxımdan “Milli mətbuat tarixi” adlı ixtisaslaşdırılmış auditoriyanın yaradılması və “Xalq qəzeti”nin debat otağı”nın fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır. Hər iki təşəbbüs tələbələrin mətbuat tarixi üzrə biliklərini dərinləşdirməklə yanaşı, onlarda milli mətbuat irsinə hörmət və maraq formalaşdırır. Belə yaradıcı mühit tələbələrin tənqidi düşüncə, debat mədəniyyəti və peşəkar jurnalistika bacarıqlarının inkişafına şərait yaradır. Bütün bunlar BDU-nun milli mətbuatımızın yubileyinə layiqli töhfələri sayıla bilər.

Aynur NƏSİROVA,
BDU-nun beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri



Sosial həyat