“Yüz ilin ustadı”

post-img

Bu adda kitab görkəmli alim, yorulmaz mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun anadan olmasının 100, eləcə də anadilli mətbuatımızın 150 illiyinə dəyərli töhfə sayılır.

Kitabda unudulmaz pedaqoqun tələbələrinin qələmə aldıqları xatirə yazıları, Bakı Dövlət Universitetində keçirilmiş beynəlxalq elmi konfransın materialları, Milli Kitabxanada “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının təqdimat mərasimindəki çıxışların mətnləri toplanıb.

Kitabda ümumilikdə 20 oçerkvari məqalə, təqdimatlardan 16 çıxış və yubiley tədbirləri haqqında geniş informasiyalar yer alıb. Xalq şairi Bəxtiyar Vahabzadə, akademik Rafael Hüseynov, professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Vüqar Əliyev, Lalə Hüseynova, Kərim Tahirov, Əməkdar jurnalist Əflatun Amaşov, ədəbiyyatşünas alimlər Gülbəniz Babayeva, Əsəd Cahangir, “İki sahil” qəzetinin baş redaktoru, deputat Vüqar Rəhimzadə, eləcə də digər ünlü imzaların qədirbilənliklə yazıb-söylədiklərindən Şirməmməd müəllimin işıqlı obrazı, xarakter cizgiləri canlanır.

Kitab Bəxtiyar Vahabzadənin “Öz gözü ilə görüb, öz ağlı ilə düşünmək” adlı məqaləsi ilə başlanır. Böyük şairimizin yazısında jurnalistlərin ağsaqqalı sayılan Şirməmməd müəllimin üstün keyfiyyətlərinə nəzər salınıb, onun araşdırmaları təqdir edilib: “Şirməmməd Hüseynov Azərbaycanda sovet rejimi qurulana qədərki dövri mətbuatı böyük səbr və həssaslıqla izləmiş, iynə ilə gor qaza-qaza M.Ə.Rəsulzadə, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli və b. bu kimi böyük qələm sahiblərinin bu gün bizim üçün lazım olan fikir və mülahizələrini üzə çıxarmış, bu kitabı ilə oxucuya təqdim etmişdir... Bu yazıların hamısı onları üzə çıxarıb oxuculara təqdim edən müəllifin toxunulan məsələlər barədə ümumiləşdirici məqalələri ilə müşayiət olunur. Biz bu yazıları oxuduqca tarixin necə də təkrar olunduğunun və ən mühümü də başımıza gətirilən müsibətlərin bu qaynaqdan tuşlandığının şahidi oluruq”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid yazır: “Dekabrın 17-də 100 illiyini qeyd edəcəyimiz, hər zaman yaddaşımızda canlı əfsanə kimi yaşayan professor Şirməmməd Hüseynovun həyat yolu əsl örnəkdir. O, dəyərlərə dəyişməz sadiqliyi, gördüyü işə sonsuz inamı, yorulmazlığı, əzmkarlığı, təmizliyi, saflığı, nikbinliyi, gözütoxluğu, müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü ilə hamımıza “Belə yaşamaq mümkündür” nümunəsini göstərən əvəzsiz şəxsiyyət, düzlüyü, ədaləti, prinsipiallığı və xarizmasıyla mətbuatımızın gerçək tarixi siması idi. Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki, bu, hər alimə nəsib olan səadət deyil. Onun ən böyük sərvəti araşdırmaları, tələbələri və yetirmələridir. Jurnalistlərin əvəzsiz müəllimi Şirməmməd Hüseynov həm də Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən nüfuzlu tədqiqatçısı idi”.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə xatirələr və şahidi olduğu ibrətamiz faktlar əsasında Şirməmməd müəllimi xarakterizə edir: “Onun ürəyində Vətən, millət, dövlət anlayışları – bunlar bir-birinə çox sıxlaşmışdı. Bu məfhumların heç biri bir-birindən üstün, yaxud da ki, aşağı səviyyədə deyildi, hamısı eyni, bərabər səviyyədə idi. Ona görə də Şirməmməd müəllim Xalq Cümhuriyyətinin qurucularının irsinə çox sayğı ilə baxırdı, çox hörmətlə yanaşırdı... Şirməmməd müəllim Prezident təqaüdü alırdı və o təqaüdlə Məhəmməd Əmin Rəsulzadənin beş cildliyini çap etməyə başladı. Mətbuat Şurasının sədri kimi, mən də cənab Prezidentə bir məktub yazdım ki, çox hörmətli müəllimimiz Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin əsərlərini toplayıb, beşcildlikdir və bunu öz vəsaiti hesabına çap elətdirir. Yazdığım məktuba 2 gündən sonra cavab gəldi və Şirməmməd müəllimin həmin kitabları dövlət hesabına yenidən çap olundu”...

Özünün milli təəssübkeşlik duyğusu ilə əvəzedilməz olan Şirməmməd Hüseynov haqqında yazılmış bütün məqalələr, qeydlər və xatirələr bu cür konkret nümunələrlə zəngindir. Yeri gəlmişkən, son dövrlərdə “Xalq qəzeti”nin səhifələrində professor Şirməmməd Hüseynovun ömür və sənət yolu ilə bağlı getmiş bir neçə publisistika nümunəsi də kitaba daxil edilib. Bunlar əməkdaşlarımızın hazırladıqları “Milli məfkurə etalonu”,“Ustadın ömürlük sualı” adlı yazılar və Şirməmməd müəllimin həyat yoldaşı Ülkər Hüseynova ilə “Xatirələrdə yaşayan böyük müəllim” adlı müsahibədir. Həmin yazıların birində çox dəqiq olaraq qeyd edilir ki, milli mətbuatımızın 150 illiyi ərəfəsində ustad jurnalist Şirməmməd Hüseynovun 100 illik yubileyi əsl media təntənəsinə çevrilib.

“Yüz ilin ustadı” kitabının üzqabığında görkəmli araşdırmaçı-publisist, “qızıl əyarlı” böyük müəllim olan Şirməmməd Hüseynova məxsus aşağıdakı sitatlar layiqli yerini tutub: “...Xalqın başını uca edən, onu yaşadan, tərəqqi və təkamülünü istiqamətləndirən, mühafizə və müdafiəsini təşkil edən şəxsiyyətlər xalqın ən böyük dövlətidir...”. “Müasirləşmək üçün əvvəl gərək özünə qayıdasan. Öz milli varlığını isbat edəsən ki, o kökdə müasirləşəsən. Yoxsa, Avropanı, Amerikanı təqlid etmək müasirləşmək deyil...” – Bu fikirlərin müəllifinin şəxsi nümunəsi onun dediklərinin ilk növbədə özü üçün həyat kredosu və sınanmış həqiqət olduğunu dönə-dönə göstərib.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət